“Azərbaycandakı bəzi səfirlər diplomatik yox, siyasi fəaliyyətlə məşğul olmağa başlayıblar”.
News365.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Prezidentin bir gün öncə çıxışında dünya, Cənubi Qafqaz, Avropa ilə, Azərbaycana olan təhdidlərlə bağlı verdiyi mesajlar hər birimiz üçün yol xəritəsidir. Təbii ki, bu çıxışdan sonra ayrı-ayrı dövlətlər, təşkilatlar öz məkrli siyasətlərini Azərbaycana qarşı yürütməyə başlayacaqlar.
Çünki Prezident açıq şəkildə, heç bir rəng qatmadan Azərbaycanın marağı nədən ibarətdir və onların Azərbaycana qarşı marağı nədən ibarətdirsə, onu ictimaiyyət qarşısında qaldırdı.
Bəzi səfirlər diplomatik yox, siyasi fəaliyyətlə məşğul olmağa, öz sosial şəbəkə hesablarında ayrı-ayrı fikirlər yazmağa başlayıblar. Onlara qarşı nazirlik tərəfindən lazımi addımlar atılır və daha kəskin şəkildə atılmalıdır.
Fransa səfiri özünü səfil kimi aparmağa başlayıb. Ona görə də bu məsələlərin hər birini araşdırıb götür-qoy etmək lazımdır”, - deputat bildirib.
Parlament sədri Sahibə Qafarova da Siyavuş Novruzovun fikirlərini təsdiqləyib: “Çox düz deyirsiniz. Nazirlik heç vaxt olmadığı kimi sərt cavab verir və düz də edir”.