RU

Bu fondun vəsaitlərinin formalaşma mənbələri genişləndirilir

Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşma mənbələri genişləndirilir.

Yenicag.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilmiş “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna edilən dəyişikliklərdə əksini tapıb.

Qanun layihəsi enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və ondan istifadə istiqamətlərinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Belə ki, fondun vəsaitlərinin formalaşma mənbələrinin genişləndirilməsi nəzərdə tutulur. Qanun layihəsinə əsasən qiymətlərinə dövlət tənzimlənməsi tətbiq olunmayan, lakin istehsal və istehlak həcminə görə əhəmiyyətli paya malik olan və eləcə də istehsal və istifadəsi nəticəsində ətraf mühitə mənfi təsir göstərən enerji növlərinin satışından əldə olunan vəsaitdən enerji effektivliyi fonduna köçürülmələrin edilməsi üçün hüquqi əsas yaradılır.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 mart tarixli 13 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası”nın əlavəsinə əsasən yalnız tarifləri dövlət tərəfindən tənzimlənən dörd enerji məhsulunun – elektrik enerjisi (bərpaolunan enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisi istisna olmaqla), təbii qaz, Aİ-92 markalı avtomobil benzini və dizel yanacağının istehsalçı qiymətlərlə ölkə daxilində satışını həyata keçirən subyektlər tərəfindən fonda köçürülmələrin edilməsi nəzərdə tutulur. Qanun qəbul edildikdən sonra qiyməti tənzimlənməyən daha dörd növ enerji məhsulunun satışından fonda ayırmaların edilməsi də təmin ediləcək. Nəticədə, enerji növlərinin satışından fonda daxil olacaq vəsait əhəmiyyətli şəkildə artacaqdır.

Fondun vəsaitinin yalnız enerji effektivliyi üzrə tədbirlərin təşviqinə (Qanunun 15.2-ci maddəsində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə) yönəldilməsi, bununla da fondun vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması təmin ediləcək. Beləliklə, yalnız tarifləri tənzimlənən enerji növləri deyil, eyni zamanda, qiymətləri tənzimlənməyən enerji resurslarının satışından ayrılan vəsaitin də enerji effektivliyi fonduna köçürülməsi, nəticədə bu vəsaitlər hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsi, müvafiq sahənin elmi-texniki təminatı, ağıllı sayğacların və sistemlərin, kogenerasiya qurğularının tətbiqi, həmçinin bərpa olunan enerji mənbələrindən istifadə üçün daha əlverişli şəraitin yaradılması, bərpa olunan enerji mənbələri sahəsində layihələrin dəstəklənməsi, təsərrüfat subyektlərinin fəaliyyəti nəticəsində ətraf mühitə mənfi təsirin qarşısının alınması və enerji resurslarından səmərəli istifadə sahəsində tədbirlərin həyata keçirilməsi üçün qrant və subsidiyaların ayrılması, pilot layihələrin tətbiqi və güzəştli kreditlərin verilməsi kimi stimullaşdırma vasitələrindən istifadə imkanlarının artması nəzərdə tutulur.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib./unikal

Избранный
9
16
yenicag.az

10Источники