RU

Rusiya təzyiqi ARTIRIR: “Atəşkəs Zelenski ilə imzalanacaq”

“Rusiya lideri Vladimir Putinin dünənki mətbuat konfransı, çox güman ki, Rusiyanın danışıqlarda mövqeyini gücləndirmək və psixoloji təzyiq yaratmaq istəyindən irəli gəlir. Çünki bu həftə Vladimir Putin hiss etdi ki, Ukraynaya Donald Trampın çağırışları oldu və Tramp tərəfindən Ukraynanın mövcud vəziyyətlə barışmasına eyham vurulmuşdu. Buna görə də Rusiya tərəfi öz mövqeyinə daha çox arxayın oldu”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Analitik Rusiya prezidenti Vladimir Putinin 2024-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında verdiyi mesajları şərh edib.

“Əgər Ukrayna ilə Rusiya arasındakı hərbi-strateji vəziyyətə baxsaq, görərik ki, vəziyyət Ukraynanın lehinə deyil. Düzdür, Kursk hələ tamamilə Ukrayna ordusu tərəfindən təmizlənməyib, amma Ukraynanın dərinliklərində addım-addım Rusiya ordusunun irəlilədiyini müşahidə edirik. Bununla belə, Rusiya və Ukrayna arasında verilən bəyanatlardan asılı olmayaraq, düşünürəm ki, 2025-ci ildə atəşkəs imzalanacaq. Bu atəşkəs hər iki tərəf üçün müəyyən güzəştlərin edilməsi nəticəsində əldə ediləcək. Ukraynanın rəsmilərinin çıxışlarına baxdıqda, əvvəlki dövrlərdə danışıqlar ilə bağlı daha fərqli fikirlər səsləndirilsə də, bu gün artıq onlar danışıqların vacibliyini vurğulamaqdadırlar. O ki qaldı Volodimir Zelenskiyə, Ukraynada hakimiyyətdə olan prezident Zelenskidir və çox güman ki, onunla da atəşkəs müqaviləsi imzalanacaq”.

Rafi Müslümov

Избранный
17
yenicag.az

1Источники