Avropa Parlamenti adlanan, təmsilçilərinin çoxu siyasi möhtəkir, korrupsioner və məsuliyyətini anlamayanlardan ibarət yığnağının gülüş qarışıq ikrah doğuran dünənki qətnaməsindən də görünür ki, heç kimin onları özünə müəllim tutmadığıyla hələ barışmaq istəmirlər.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirib.
Deputat deyib ki, sözü gedən yığnağın dünənki qətnaməsinin arxasında da dövlət başçımızın sərt sözlərlə tənqid etdiyi Fransa və onun böyüklüyündən əsər-əlamət qoymayan prezidenti durur: “Hətta qətnamənin mətnindəki bəzi maddələrdən məsələn, Avropa Komissiyasını enerji sahəsində Azərbaycanla strateji tərəfdaşlığa dair 2022-ci il anlaşma memorandumunu dayandırmağa çağırışdan da bu görünür. Xatırlamamış olmazsınız, həmən bu Makron məhz 2022-ci ildə böyük pafosla “ bizim dəyərlərimiz, prinsiplərimiz qaz və ya neftlə satın alına bilməz” deyirdi. Amma 2024-cü ilin aprelində “Politiko” nəşri “Qazprom”un Avropadakı müştərilərinin siyahısına məhz Fransanın başçılıq etdiyini və bu azmış kimi onun Rusiyadan aldığı sıxılmış qazın həcmini dayanmadan artırdığını yazmışdı. İndi siz deyin, prezident Makronla Molyerin Tartüfü arasında çoxmu fərq var? Belə biri hansı haqla digər Avropa dövlətlərindən tələb edə bilər ki, onlar Azərbaycandan qaz, yaxud neft almasınlar? Yəni arxasında makronların gizləndiyi qətnamə Fransanın böyüklüyünü qoruyub saxladığı görüntüsü yaratmaqdan başqa rəsmi Parisə heç nə verən deyil. Amma itirdikləri yenə olacaq, o sıradan bizim regionda da. Yelisey sarayındakılara hələ də çatmır ki, Ermənistanı forposta çevirmələri üçün hayların buna canla-başla hazır olmaları heç də hər şeyi həll etmir. Onların bu planının baş tutmaması üçün Azərbaycan əlindən gələn "köməyi" əsirgəməyəcək”.