RU

“Neftçi”yə göz qoyan Terimin işbaz dəstəsi – Hörmət qoymadığı ölkədə nə işi var?

Yenə gündəm dəyişib.

“Neftçi”nin baş məşqçi postuna növbəti dəfə Fatih Terim namizəd göstərilir.

Ki, guya klub rəhbərliyi məşhur türkiyəli çalışdırıcı ilə maraqlanır və mövsüm başa çatandan sonra “ağ-qaralar”la müqavilə bağlayacaq.

Bu, Terimin piarı ilə məşğul olan, pul qazanmaq üçün müxtəlif üsullara əl atan işbazların çirkin əməlindən başqa bir şey deyil.

Türkiyə mediasına yalan məlumatlar ötürərək öz mənafeyini güdənlər bu yolla “Neftçi”nin dirçəlməməsi üçün əllərindən gələni edirlər. Təki Fatih hocaya iş tapılsın, onlar da pul qazansınlar.

Axırıncı dəfə Yunanıstan “Panatinaikos”unun qapısını arxadan örtən çalışdırıcının Türkiyənin aparıcı klublarına lazım olmadığı gün kimi aydındır.

Bacarıqlı məşqçi statusunu çoxdan əlindən buraxan 71 yaşlı mütəxəssis illər öncə qazandığı nüfuzu çətin xarakterinə görə çoxdan itirib. Elə buna görə də vətənində onu itirib-axtaran yoxdur.

Əlacsız qalan çalışdırıcı və silahdaşları Azərbaycanı və Azərbaycan klubların asan yem gözündə görür.

Terim ölkəmizə, mediaya və azarkeşlərə münasibətini COP-29-la bağlı Bakıya səfər edərkən göstərdi. Jurnalistlərlə sual-cavabdan qaçmaqla Azərbaycanın onun üçün yalnız pul tələsi olduğunu çəkinmədən göstərdi.

“Neftçi” kimi köklü klubun türkiyəli və azarbaycanlı işbazların əlində oyuncaq olmasına qətiyyən imkan vermək olmaz. “Akşam” yox, lap “Fanatik” qəzeti da bu barədə nəsə yazsa, ciddiyə almaq lazım deyil.

Özümüzdə o qədər bacarıqlı məşqçilər var ki. Terimin tələb etdiyi və ya edəcəyi şərait bizimkilərə yaradılsa, lazım olan nəticəni artıqlaması ilə əldə edərlər.

Odur ki, Fatih hoca şansını ərəb ölkələrində, Çində, Taylandda axtarsa yaxşıdır. Azərbaycan klubları bu yolu Rasim Kara, Bülənt Korkmaz, Mustafa Dənizli kimilərin şirin vədlərinə aldanmaqla çoxdan keçib.

HƏBİB / SPORTİNFO.AZ

Избранный
27
sportinfo.az

1Источники