RU

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq- qərar ali səviyyədə verildi...

Image

Ramil Məmmədli: “Rusiyanın digər ölkələrin silah sifarişlərini qarşılaya bilməməsi təbiidir”

Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib ki, son üç ildə Rusiya silahlarının alınması ilə bağlı yeni müqavilələr imzalanmayıb: 

“Bunun səbəbi isə Rusiya müdafiə sənayesinin, deyək ki, yerli istehlakçı üçün işləməsidir. Bildiyimə görə, Rusiya məlum səbəblərdən müvəqqəti olaraq beynəlxalq silah bazarından çəkilib. Hətta 4 il əvvəl imzalanmış bəzi müqavilələrin də Rusiyanın xahişi ilə icra müddəti təxirə salınıb. Biz vəziyyəti başa düşərək bununla razılaşdıq, bu vəziyyət nəticəsində həmin müqavilələr icra oluna bilməz. Amma biz Rusiyanın müdafiə sənayesinin yeniliklərini də diqqətlə izləyirik. Artıq yeni müraciətlərimiz olub. Biz onları bu yaxınlarda göndərmişik və Rusiyanın müdafiə sənayesi hazır olduqda, təbii ki, yeni müqavilələr bağlayacağıq. Odur ki, mən bu prosesi obyektiv səbəblərdən müvəqqəti olaraq dayandırılmış hesab edirəm”.

“Ukrayna ilə müharibə bitdikdən sonra Azərbaycan Rusiyadan yeni silahlar əldə edəcək”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, Rusiya ilə son üç ildə silah alışı ilə bağlı müqavilənin imzalanmaması Ukrayna müharibəsi ilə bağlıdır: “Məlum olduğu kimi, 2022-ci ilin 24 fevralından Rusiya ilə Ukrayna arasında aramsız müharibə gedir. Demək olar, bu müddət ərzində tərəflər arasında bir gün belə atəşkəs olmayıb. Rusiyanın bütün silahlara tələbatı artıb. Bəzən elə olur ki, bir ay ərzində istehsal olunan mərmi bir həftəyə döyüş meydanında istifadə edilir. Ukraynanın silah təchizatı əsasən Qərb hesabına təmin olunur. Rusiya isə silaha olan tələbatını öz resursları hesabına təmin etsə də, bu da ona çatmır. Təsadüfi deyil ki, Rusiyanın Şimali Koreyadan mərmi idxal etdiyinə dair məlumatlar var. Üstəlik, hücum edən tərəf Rusiya olduğu üçün rus ordusunun itkiləri böyükdür. Bəli, biz görürük ki, Rusiya irəliləyir. Ancaq nəyin hesabına? Əsgəri və hərbi texnikanın itkisi hesabına. Ukrayna tərəfinin yaydığı məlumata görə, üç il ərzində Rusiyanın 10 minə qədər tankı məhv edilib. Digər vurulan zirehli maşın və texnikanın sayı bundan daha çoxdur. Ona görə də Rusiyanın digər ölkələrin silah sifarişlərini qarşılaya bilməməsi təbiidir. Məsələ ondadır ki, müqavilələr 2022-ci ilin fevralından əvvəl imzalanıb. Rusiyanın özü də müharibənin bu qədər uzanacağını gözləmirdi. Nəinki Rusiya, digər ölkələr də bunu gözləmirdilər. Ukraynanın müqaviməti, Qərbən hərtərəfli yardımı müharibənin uzanmasına səbəb oldu. Ona görə də Azərbaycan müharibənin sonunu gözləyir. Düzdür, bizim silaha olan tələbatımız təkcə Rusiya hesabına ödənilmir. Azərbaycan bir sıra ölkələrdən silah idxal edir. Ancaq elə silah və hərbi texnikalar var ki, onlar Rusiya istehsalı hesabına təmin edilir. Məsələn, tank və uzaqvuran toplar Rusiyadan alınır. Ancaq hesab edirəm ki, elə bir problem olmayacaq. Çünki arsenalımızda kifayət qədər silah var. Ukrayna ilə müharibə bitdikdən sonra Azərbaycan Rusiyadan yeni silahlar əldə edəcək”.

Vidadi ORDAHALLI





Избранный
26
baki-xeber.com

1Источники