“Dəsmal ayrılıqdır, heç kimə dəsmal hədiyyə etmək olmaz” ifadəsini yəqin ki eşitmisiniz. Dəsmal bağışlamaq yaxşı əlamət hesab olunmur. Həm də təkcə bizdə yox, bütün dünya xalqlarının mədəniyyətində.
Görəsən, niyə?
Lent.az “Belə yaranıb” rubrikasında bu barədə məlumat verir.
Qədim dövrlərdən bəri dəsmal bir çox mərasimlərdə istifadə olunurdu. Bu mərasimlərdən ən önəmlisi dəfn prosesi idi, hətta xüsusi dəfn dəsmalları var idi.
Dəsmal bir növ yasla assosiasiya olunduğuna görə onu hədiyyə vermək xoş qarşılanmırdı.
Əvvəllər kəndlərdə kimsə öləndə, yas düşən evdə qapı bağlanmır, üstünə dəsmal asılaraq matəmi bəyan edirdilər.
Qədim slavyanlar, Avropa xalqları evdə yas düşəndə dəsmalı qapı ilə yanaşı, həm də pəncərədən asırdılar, çünki inanca görə, mərhumun ruhu 40 gün axirətə getməyib ətrafda dolaşırdı. Əgər pəncərəyə bağlanmış dəsmal əsər, titrəyərdisə, ruhun ev sahiblərini dinlədiyinə inanardılar. 40 gün sonra həmin dəsmalı yaşayış məskənindən uzaq bir ərazidə torpağa basdırırdılar. Bununla da ruhu azad edib, tamamilə o biri dünyaya yola salırdılar.
Evlərini tərk edən - müharibəyə və ya uzaq ölkələrə gedən kişilərə də dəsmal verilirdi.
Atalarımız inanırdılar ki, birinə dəsmal verməklə, dəsmal ilə birlikdə problemlərinizi başqa bir insana ötürə, ona bədbəxtlik və ciddi xəstəliklər gətirə bilərsiniz.
Qara və ağ tikmə olan məhsullar ən təhlükəli hesab olunurdu, buna görə də belə dəsmallardannişan, vəftiz və ya toy mərasimlərində istifadə edilə bilməzdi.
Kiməsə mətbəx və ya hamam dəsmalları verirsinizsə, siz də diqqətli olmalı və hədiyyəni alacaq insanın zövqünü nəzərə almalısınız.
Sevdiyiniz insanlara dəsmal hədiyyə etməyin ki, ayrılmaq ehtimalı olmasın. Min illərlə yol gələn inancların ardında mütləq nəsə bir həqiqət var.