RU

Bakıda erkən nikah qalmaqalı: 30 yaşlı şəxsə şərti cəza

Ekspert: “Erkən nikahlarla mübarizədə əsas silah maarifləndirmə və təhsildir”

Bakıda 8-ci sinif şagirdi ilə qeyri-rəsmi ər münasibəti yaşayan 30 yaşlı Nadir Qasımovun (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb. Tehsil.biz xəbər verir ki, Sabunçu rayon məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs bir il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası şərti hesab olunub.

Maraqlıdır ki, cütlüyün nişan mərasimi 2021-ci ildə Nigar Quliyevanın (ad-soyad şərtidir) 14 yaşı olanda gerçəkləşib. Valideynlər isə toy üçün tələsməyiblər, qızın nikah yaşına çatmasını gözləyiblər.

Lakin Nadir Bakıda işləməsi, ev işlərinin öhdəsindən tək gələ bilməməsi səbəbindən cənub bölgəsindən həmyerlisi olan nişanlısını da paytaxta gətirib. Bu zaman Nigar Bakıda məktəblərin birində orta təhsilini davam etdirib, 8-ci sinfə gedib.

Bu ilin dekabrında olan məhkəməyə isə cütlük hakim qarşısına bir övladla çıxıb. Nigar qeyri-rəsmi ailə qurduğu Nadirdən şikayətçi olmadığını, 18 yaşına çatanda onunla evlənəcəyini bildirib.

Qeyd edək ki, N.Qasımov Cinayət Məcəlləsinin 152.1. (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirli bilinib.

Azərbaycanda erkən nikah probleminin aradan qaldırılması istiqamətində xeyli sayda maarifləndirici işlər, müəyyən inzibati tədbirlər görülsə də, bu problem səngimək bilmir. Ölkənin xüsusən bölgələrində, ucqar kənd yerlərində qızların təhsildən yayınır, çox erkən, bəzən uşaq yaşında nikaha cəlb olunması və yaxud nişan mərasimi keçirilməsi halları ilə rastlaşırıq. Bəzən bu cür hallar ictimailəşən kimi qarşısı alınmış olur, amma ictimailəşməyən, gizlədilən xeyli faktların olduğu danılmazdır. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə görülən tədbirlər nəticəsində bu il ərzində 11 erkən nikahın qarşısı alınıb. 

Ekspertlər Azərbaycanda uşaq və erkən evliliklərin mövcudluğu bir sıra sosial, iqtisadi və mədəni səbəblərlə əlaqələndirilir:

Sosial və mədəni təsirlər, ənənələr və patriarxal dəyərlər: Bəzi bölgələrdə erkən evliliklər cəmiyyətdə qəbul olunmuş bir norma kimi qiymətləndirilir. Ənənələrə görə, erkən yaşda evlənmək qızın “namusunu qorumaq” və ya onu “cəmiyyətə uyğun” göstərmək kimi hesab edilir.

Ailə nüfuzu və cəmiyyətin təzyiqi: Ailələr bəzən qızlarını erkən yaşda ərə verməklə “borclarını yerinə yetirdiklərini” düşünürlər.

Təhsilin aşağı səviyyədə olması, qızların təhsil almasının qarşısının alınması: Erkən yaşda evlilik təhsili yarımçıq qoyur, bu da onların gələcəkdə daha az imkanlara malik olmasına səbəb olur.

İqtisadi səbəblər, yoxsulluq: Maddi çətinlik çəkən ailələr qızlarını “ağır yük” kimi görüb erkən yaşda evləndirmək istəyirlər.

Həmçinin böyük ailələrdə maddi problemlər daha çox olduğu üçün erkən evliliklərə meyl artır.

Qanunların tətbiqində çatışmazlıqlar, onların zəif icrası: Azərbaycanda erkən evlilik qanunsuzdur, lakin bəzi hallarda qanunlar tam tətbiq edilmir və ya qeyri-rəsmi nikahlar nəzərə alınmır.

Kənd yerlərində hüquqi biliklərin və mühafizə sistemlərinin zəif olması erkən evliliklərin davam etməsinə şərait yaradır.

Dini və yanlış inanclar: Erkən evlilik bəzi hallarda dini dəyərlərlə də əsaslandırılır. Bəzi ailələr bunu “qızın mənəvi və əxlaqi təhlükəsizlik” səbəbi ilə etdiyini iddia edirlər.

Erkən evliliklərin mənfi təsirləri çoxdur. Uşaq gəlinlərin fiziki və psixoloji sağlamlığı zərər görür. Onların təhsildən və iqtisadi müstəqillikdən məhrum olması, gələcəkdə yoxsulluq dövrünün davam etməsinə səbəb olur. Həmçinin, erkən yaşda ana olmaq ana-uşaq sağlamlığına ciddi təhlükə yaradır.

Ekspertlər qeyd edir ki, maarifləndirmə, xüsusilə təhsilin artırılması bu problemin həllində mühüm rol oynayır. O da məlumdur ki, qızların təhsilini davam etdirməsi erkən evliliklərin qarşısını almaqda ən təsirli üsullardan biridir. Təhsilli qızlar erkən evliliklərdən daha çox uzaq dururlar.

Məktəbə davamiyyətin izlənməsi: Təhsil müəssisələri qızların məktəbə davamiyyətini yaxından izləməli və səbəbsiz şəkildə təhsildən uzaqlaşdırılan şagirdlərlə bağlı tədbirlər görməlidir.

Beləliklə, ekspertlər qeyd edir ki, maarifləndirmə və təhsilin gücləndirilməsi, ailələr və cəmiyyətlə sıx əməkdaşlıq sayəsində erkən evliliklərin qarşısını almaq mümkündür. 

Sertifikasiya

 Kamran Əsədov

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb:

“Azərbaycanda erkən evliliklər və qızların məktəbdən yayınması ciddi sosial və təhsil problemləri olaraq qalmaqdadır. Bu məsələ xüsusilə bölgələrdə geniş yayılıb, hər nə qədər maarifləndirmə və hüquqi tədbirlər həyata keçirilsə də, hələ də tam həllini tapmayıb. Qızların məktəbdən yayınmasının və erkən evliliklərə cəlb edilməsinin səbəbləri dərin köklərə malikdir və onların qarşısını almaq üçün kompleks yanaşma tələb olunur. Məktəblərin bu məsələdə rolu həlledici əhəmiyyət daşıyır. 

Azərbaycanda məktəblərin qız şagirdlərinin təhsilini qorumaq üçün bir neçə əsas funksiyası var. Əvvəla, davamiyyətə nəzarət sistemi daha güclü olmalıdır. Şagirdlərin dərsdən yayınması halında məktəb rəhbərliyi dərhal valideynlərlə əlaqə saxlamalı, problemi araşdırmalı və lazımi tədbirlər görməlidir. Əgər şagirdin məktəbdən uzaqlaşdırılması ailə təzyiqi və ya erkən evliliklə əlaqədardırsa, bu barədə aidiyyəti dövlət qurumlarına məlumat verilməlidir. Hazırda bu mexanizm Azərbaycanda tam gücləndirilmədiyi üçün çox sayda hal diqqətdən kənarda qalır.

Dünyanın müxtəlif ölkələrində bu problemlərin həlli üçün xüsusi strategiyalar hazırlanıb. Məsələn, Keniya və Tanzaniyada erkən evliliklərin qarşısını almaq üçün məktəblərdə xüsusi monitorinq qrupları yaradılıb. Bu qruplar qız şagirdlərin davamiyyətini izləyir, ailələrlə əməkdaşlıq edir və hər hansı risk halında yerli icma liderlərini işə cəlb edir. Azərbaycanda da məktəblərin daxilində oxşar mexanizmlər tətbiq oluna bilər. Bu mexanizmlər vasitəsilə qızların məktəbdən yayınması erkən mərhələdə aşkar edilə bilər.

Erkən evliliklərin qarşısını almaqda maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət daşıyır. UNESCO-nun məlumatına görə, erkən evliliklər və məktəbdən yayınma halları təhsilin dəyəri və əhəmiyyəti haqqında kifayət qədər məlumatlandırma işləri aparılmadığı cəmiyyətlərdə daha geniş yayılır. Azərbaycanda maarifləndirmə tədbirləri məktəb səviyyəsindən başlayaraq, icmalar və ailələrlə sıx əməkdaşlıqda aparılmalıdır. Müəllimlər qız şagirdlərə təhsil almağın onların həyatında hansı müsbət dəyişikliklər yarada biləcəyini izah etməli, valideynlər isə erkən evliliklərin uzunmüddətli mənfi nəticələri barədə məlumatlandırılmalıdır.

Məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsi də vacib addımlardan biridir. Psixoloqlar qızların emosional vəziyyətinə diqqət yetirməli, onların ailədaxili problemlərini və ya erkən evlilik riskini aşkar edərək, müdaxilə etməlidir. Azərbaycan məktəblərində psixoloqların sayı məhduddur və bu sahədə daha çox ixtisaslı kadrların hazırlanması tələb olunur.

Dövlət səviyyəsində hüquqi mexanizmlər gücləndirilməlidir. Erkən evliliklərə görə məsuliyyət daşıyan şəxslərə qarşı sərt cəzalar tətbiq olunmalı, bu cür halların qarşısını almaq üçün qanunvericilik daha effektiv şəkildə işləməlidir. Eyni zamanda, məktəblər ilə hüquq-mühafizə orqanları arasında koordinasiya gücləndirilməli, hər bir hal diqqətlə araşdırılmalıdır.

Nəticə olaraq, Azərbaycanda erkən evliliklərin qarşısını almaq və qızların məktəbdən yayınmasının qarşısını almaq üçün məktəblər əsas rolu öz üzərinə götürməlidir. Məktəblər davamiyyətə nəzarəti gücləndirməli, psixoloji dəstək mexanizmlərini artırmalı və valideynlərlə sıx əməkdaşlıq etməlidir".

Hazırladı: Xalidə GƏRAY

Избранный
35
musavat.com

1Источники