RU

İlk genişlənmə planı - seçim Azərbaycandır!

Ölkəmizin növbəti diplomatik uğuruD-8 təşkilatına üzv qəbul edilməmiz ölkəmizin siyasi - iqtisadi uğurlarının növbəti təcəssümüdür

Yeni dünya nizamının dövlətlər üçün ən mühüm çağırışlarından biri sabitliyə və tərəfdaşlığa veriləcək töhfələr, əməkdaşlıq platformalarının müasir inkişaf standartlarının yenilənməsində iştirakdır. Azərbaycan bu qlobal prosesdə mühüm siyasi, diplomatik uğurları ilə seçilir. Ölkəmiz beynəlxalq əməkdaşlıq platformalarında fəal şəkildə təmsil olunur, strateji tərəfdaş kimi qəbul edilir, beynəlxalq hüquq müstəvisində demokratik inkişaf yoluna sadiqlik nümayiş etdirir, yaxın qonşuluq və səmimi əməkdaşlıq siyasəti yürüdür. Bu uğurlu siyasət nəticəsində qısa zaman kəsiyində olduqca mühüm nailiyyətlər əldə edib:

- Ölkəmiz Qərbin bir sıra ölkələri ilə yüksək əməkdaşlıq əlaqələrinə malikdir - Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsəsində əsas yerlərdən birini tutur;

- Paralel olaraq Şərq ölkələri ilə yaxın dostluq münasibətlərimiz mövcuddur - Azərbaycan Ərəb Liqası, İslam Əməkdaşlıq Təşkilatı kimi müsəlman dövlətləri birliyinin ən yaxın müttəfiqi sayılır.

Beləliklə, əməkdaşlıq, tərəfdaşlıq və təhlükəsizlik seqmenti üzrə ən yüksək göstəricilərə malik olan Azərbaycanın qlobal çağırışlara uğurla cavab verməsi, ən mühüm anlarda beynəlxalq aləm üçün vacib olan qərarların verilməsində mühüm rol oynaması bir daha ön plana çıxır. Prezident İlham Əliyevin yürütdüyü siyasət əməkdaşlığa, qarşılıqlı milli maraqların qorunmasına əsaslandığı üçün dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycana etimad göstərir. Bir neçə gün öncə ölkəmizin D-8 təşkilatına üzv qəbul edilməsi növbəti diplomatik qələbəmizdir.

3 qitəni əhatə edən “İslam Səkkizliyi”nin yeni üzvü...

Qeyd edək ki, dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammitində Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib. Azərbaycan yaradılışından sonrakı mərhələdə təşkilatın ilk genişlənməsidir - əslində bu, olduqca mühüm bir amildir. Müsəlman dünyasının ən mühüm iqtisadi birliklərindən sayılan, mühüm siyasi perspektivə malik olan təşkilatın yaranışından sonra ilk dəfə genişlənmə planında Azərbaycanı üzv qəbul etməsi ölkəmizin qlobal aləmdəki mühüm yerini göstərir. Xatırladaq ki, üç qitəni əhatə edən D-8 4 trilyon ABŞ dollarından artıq ÜDM-ə malikdir. 130 milyard ticarət dövriyyəsi həyata keçirən, üzvlərinin əhalisinin sayının ümumilikdə, dünya müsəlmanlarının 60 faizi təşkil edən (ümumi əhali 1,2 millyarddan artıqdır) və böyük iqtisadi potensiala malik “İslam Səkkizliyi” adlanan D-8-ə ölkəmizin üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsidir.

Strateji iqtisadi göstəricilər, hədəflər...

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəsini özündə birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında qoyulub. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. O zamandan bəri, təşkilatın liderləri mütəmadi olaraq zirvə görüşləri təşkil edərək, iqtisadi əməkdaşlıq və inkişaf məsələlərini müzakirə edirlər. Son Zirvə Konfransı 19 dekabr 2024-cü ildə Misirdə keçirilib. Bu toplantıda, üzv ölkələr arasında ticarətin artırılması, texnologiya transferi və enerji sahəsində əməkdaşlığın gücləndirilməsi kimi mövzular ön planda olub. Təşkilatın gələcək planları arasında, üzv ölkələrin iqtisadi inteqrasiyasının dərinləşdirilməsi və qlobal iqtisadi sistemdə daha güclü bir mövqe əldə etmək üçün birgə strategiyaların inkişaf etdirilməsi kimi məsələlər yer alır. Katibliyi İstanbul şəhərində yerləşən D-8-in yeni hədəfləri “2020-2030 illər yol xəritəsi” sənədində əks olunub. Bu sənəd təşkilatın güclənməsi və inkişafını hədəfləyir.  Yol xəritəsi çərçivəsində üzv ölkələr arasında iqtisadi-ticari əlaqələrin inkişafı, təhlükəsizlik, sabitlik və rifahın artırılması kimi məqsədlər müəyyən edilib.

Geosiyasi əhəmiyyət, yaxın əməkdaşlıq planları...

D-8 qrupunun siyasi əhəmiyyəti iqtisadi əhəmiyyətindən az deyil. Belə ki, yeni siyasi-iqtisadi nizamda özünəməxsums rol oynayacaq bəzi dövlətlərin gələcək iqtisadi inkişaf perspetkivləri olduqca böyükdür. İqtisadi inkişaf isə özlüyündə siyasi təmərküzləşməni də əhatə edir. Bu mənada, inkişaf etməkdə olan müsəlman ölkələrinin beynəlxalq arenada kollektiv şəkildə çıxış etməsi qlobal məsələlərdə daha təsirli rol oynaya bilər. Bu, üzv ölkələr arasında həmrəyliyi artırır və onların qlobal siyasətdə daha güclü bir mövqe əldə etmələrinə imkan yaradır.

Sirr deyil ki, qarşıdakı mərhələdə dünyanın əsas diqqəti məhz yeni siyasi-iqtisadi aktorların yer alacağı regionlara yönələcək. Azərbaycanın son illərdə Cənubi Qafqazda formalaşdırdığı yeni siyasi situasiya və bu siyasi situasiyaya əsaslanan yeni qlobal iqtisadi layihələr olduqca vacib amilə çevrilir. Azərbaycanın D-8-ə üzv kimi qəbul edilməsi bu reallıqların dünya ictimaiyyəti, eyni zamanda müsəlman dünyası tərəfindən açıq şəkildə dərk olunduğunu göstərir.

Qlobal məkanda əldə edilən növbəti dəstək...

Təbii ki, Azərbaycanın yeni mərhələ üçün formalaşdırdığı siyasi-iqtisadi mənzərə Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsidir. D-8-ə qoşulmamız ilk növbədə ölkəmizin multilateralizm siyasətinə sadiqliyini bir daha nümayiş etdirir. Beləliklə, bir həqiqət növbəti dəfə təsdiqlənir - Azərbaycanın məyyənləşdirdiyi siyasi hədəflər yalnız Cənubi Qafqaz sərhədləri ilə məhdudlaşmır, daha geniş geocoğrafi anlam daşıyır. Əgər 2020-ci ilə qədər Azərbaycan özünün inkişaf göstəricilərinə əsasən Cənubi Qafqazın lideri sayılırdısa, post-müharibə dövründə, qlobal oyunçu kimi beynəlxalq münasibətlər sisteminin mühüm bir parçasına çevrilməyi bacarıb. Bu, Azərbaycanın təşkilat çərçivəsində həm çoxtərəfli, həm də ikitərəfli formatda əlaqələrinin inkişafına təkan verəcək. Paralel olaraq D-8-ə üzvlük və İslam Əməkdaşlıq Təşkilatındakı fəal fəaliyyət ölkəmizin xarici siyasətində bir-birini tamamlayan elementlər kimi çıxış edir. D-8 üzvlüyümüz bir daha sübut edib ki, Azərbaycan hazırda sürətlə inkişaf edən, davamlı ictimai-siyasi sabitliyə malik, yüksək iqtisadi göstəricilərə nail olan və dünya ictimaiyyətinin rəğbətini qazanan dövlətlərdəndir.

Şərq ilə Qərbi birləşdirən dəyər...

Vurğulanmalıdır ki, ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz D-8-in təməl prinsiplərinin qorunmasına, təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaq. Azərbaycan bu mənada beynəlxalq birlik üçün əməkdaşlıq və tərəfdaşlıq nümunəsi sayıla bilər - ölkə maraqlarının qlobal mənafe ilə üzlaşdırılması, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, sabitliyə xidmət edən xəttə dəstəyin verilməsi, sülh uğrunda yorulmaz səy göstərilməsi Azərbaycanın yaratdığı reallıqlar içində dəstəklənən yeni münasibətlər sisteminin ana xəttini təşkil edir. Bu çərçivədə həmçinin geniş regionumuzda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət və bir sıra digər vacib istiqamətlərdə əlaqələrinin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, D-8-in son toplantısından çıxan nəticədə də məhz Azərbaycanın geosiyasi mövqeyinin, geniş iqtisadi potensialının, strateji tranzit məntəqələrinin və inkişaf etmiş nəqliyyat infrastrukturunun vasitəsilə təşkilatı daha da möhkəmləndirəcəyinə əminlik ifadə olunur. Bu da təsadüfi deyil - tarixən Şərq ilə Qərb arasında siyasi-iqtisadi, mədəni körpü rolunu oynayan, İslam dünyasının ən mühüm sivilizasiya mərkəzlərindən sayılan Azərbaycanın D-8 üzvlüyü həm də İslam həmrəyliyinin möhkəmlənməsində, İslam dəyərlərinin dünyada təbliğində və İslamofobiya ilə mübarizə sahəsində böyük töhfə olacaq...

P.İSMAYILOV

Избранный
21
yeniazerbaycan.com

1Источники