RU

Jurnalist, dilçi, pedaqoq

Qulu Məhərrəmli – 70

Dünən AMEA Dilçilik İnstitutunda Əməkdar jurnalist, media professoru Qulu Məhərrəmlinin anadan olmasının 70 illik yubileyi münasibətilə “Televiziya və radio verilişlərində ədəbi dil problemləri” mövzusunda elmi sessiya keçirilib.

Elmi məclisdə Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Qulu Məhərrəmlini müasir Azərbaycan mətbuatının, televiziya sənətinin və jurnalistika elminin görkəmli nümayəndəsi kimi səciyyələndirib. Elmi işlər üzrə direktor müavini dosent Baba Məhərrəmli, dilçi professor İsmayıl Məmmədli, BDU-nun jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Əliyev, media professoru Allahverdi Məmmədli,  dilçi dosent Təranə Şükürlü, şair-publisist Vaqif Bəhmənli, elmi işçi Şamama Təvəkkülova yubiliyarın elmi-publisitik və pedaqoji fəaliyyəti ilə bağlı məruzələrlə çıxış ediblər.

İnstitutun şöbə müdiri, professor Sayalı Sadıqova, BDU-nun dilçi dosenti İsmayıl Məmmədov, Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədri, Əməkdar jurnalist Tahir Aydınoğlu yubiliyarı təbrik ediblər, onun çoxşaxəli fəaliyyətinin bir-birini tamamlayaraq jurnalistika, elm və ali təhsildə bənzərsiz nümunə yaratdığını vurğulayıblar.

Yubiliyara Dilçilik İnstitutunun fəxri fərmanı təqdim edilib.

Sonda Qulu Məhərrəmli göstərilən səmimi diqqətə, verilən yüksək dəyərə görə təşəkkürünü bildirib.

***

Yubiley günlərində professor Qulu Məhərrəmlinin “Televiziyada dil və nitq situasiyası” adlı nəzəri oçerklərdən ibarət yeni kitabı da (Bakı, “Füyuzat”, 2024) nəşr olunub. 

Kitab görüntüyə əsaslanan televiziyada işlənən şifahi nitqin funksional-struktur xüsusiyyətləri və ekran dilinin özəlliklərinin araşdırılmasına həsr edilmişdir. Ədəbi dilin ekranda tətbiqi, sözün təsvirlə qarşılıqlı əlaqəsi, audiovizual səciyyə daşıyan ekran nitqinin ekstralinqvistik cəhətləri, dildənkənar situasiya, konsituasiya, müəllif mətninin linqvistik mahiyyətinin aşkara çıxarılması məsələləri əsərdə öz əksini tapmışdır. 

Araşdırmada ekrandakı şifahi sözün xüsusiyyətləri, telenitqin semantik-üslubi çalarları, nitqin konstruktiv prinsipləri, ədəbi tələffüz və ekranda nitq mədəniyyəti ilə bağlı digər aktual problemlər də nəzərdən keçirilmişdir. 

Kitabın elmi redaktoru, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti İsmayıl Teymuroğlu (Məmmədov) yazdığı ön sözdə göstərir ki, son illərdə Azərbaycan dilinin struktur inkişafı, danışıq dili və ədəbi dilimizin funksional üslubları öyrənilsə də, mətbuatın, televiziya və radio dilinin tədqiqatı sahəsində həll edilməmiş problemlər hələ də qalır. Haqqında söhbət gedən problemin tədqiqi tanınmış jurnalist, analitik və araşdırmaçı Q.Məhərrəmlinin elmi yaradıcılığının əsasında dayanan mövzulardan biridir. “Yaxşı cəhətdir ki, Qulu müəllim həm teleradio işinin, həm də dilçiliyimizin elmi-nəzəri və praktik problemlərini dərindən bilən mütəxəssisdir. Yəni o, eyni zamanda, həm jurnalistikanın tədrisi, həm televiziya və radio yaradıcılığı, həm də Ana dilimizin praktik məsələlərinin tədqiqi ilə məşğuldur və bu sahədə ciddi elmi araşdırmalarını davam etdirir”. 

Dosent İ.Məmmədov əminliyini bildirir ki, elmi ictimaiyyətimiz professor Qulu Məhərrəmlinin bu dəyərli tədqiqat işini maraqla qarşılayacaqdır.

XQ

 

Избранный
8
xalqqazeti.az

1Источники