RU

Ərdoğanın Suriya səfərinin hədəfi – Nələr gözlənilir?

Ərdoğanın Dəməşqə səfəri gözlənilən idi. Bir neçə il əvvəl belə bir söz vermişdi və orada məsciddə namaz qılmaq kimi bir niyyəti var. Daha çox rəmzi xarakter daşıyır. Amma bir sıra mühüm görüşlər və müzakirələr də olacaq.
Bu sözləri BUTA.TV-a türkiyəli siyasi ekspert Engin Özər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Dəməşqə nəzərdə tutulan səfərini şərh edərkən deyib. “Bu, əsasən, Suriyanın gələcəyi haqqında müzakirələr aparılarkən, Türkiyənin bu inkişafı bir az da öz nəzarətində saxlamaq istəyinin bir hissəsidir. Suriyada vəziyyət hələ də qeyri-müəyyəndir və gələcəyi ilə bağlı proqnoz vermək çətindir. Qolan təpələri ilə bağlı müzakirələr olacaq. Çünki bu, Türkiyəni narahat edən məsələdir. Bildiyimiz kimi, “Davud koridoru” PKK-nın istifadə etdiyi və İsrailin Qolan təpələrini işğal etdiyi ərazidən keçən bir strateji marşrut kimi tanınır. Bu dəhliz Suriya və İsrail sərhədindəki bölgələri birləşdirən bir keçid olaraq, PKK qüvvələrinin və ya digər regional aktorların bu ərazilər üzərindən hərəkət etməsini təmin edir. İsrailin bu ərazidə nəzarəti artırması, Fəratın şərqində PKK-nın nəzarət etdiyi ərazilərə strateji bir əlaqə yaratma məqsədi güdür. Digər bir məsələ dürzilərlə (druzlar) bağlıdır. Sərhədə yaxın olan dürzilər İsrailə qoşulmaq istəyirlər. Bu da regionda başqa bir problem yaradır. Ərdoğanın səfərində bunun da müzakirə predmeti olacağı qaçılmazdır”, - o bildirib. Ekspert qeyd edib ki, yeni qurulacaq hökumətlə yarımçıq qalan beynəlxalq layihələrin də müzakirəsi gözlənilir: “Daha bir məsələ Qətər-Türkiyə təbii qaz boru kəmərinin gələcək taleyi ilə bağlı ola bilər. Bu layihə ilə bağlı müzakirələr davam edir və HTŞ (Heyət Təhrir əş-Şam) ilə danışılıb, konkret qərarlar qəbul edilməlidir. Rusiya bazalarının gələcəyi də müzakirə mövzusudur. Rusiyanın Suriyanı tərk etməyəcəyi görünür. İsrail Suriyanın alt hissəsində çöküşə səbəb ola bilər və burada hərbi əməliyyatlar gözlənilir. Türkiyə bu əməliyyatları önləmək və Suriyanın bölünməsini əngəlləmək üçün sürətli hərəkət etməlidir”. Engin qeyd edib ki, Ankara gec olmadan bu prosesləri öz əlində saxlamağa cəhd edir: “Türkiyənin daha bir qorxusu Fəratın doğusunda bir türk regionunun kürd bölgəsinə çevriləcəyidir. HTŞ-nin necə idarəetmə quracağı və radikal dini problemlərin həll ediləcəyi məsələləri də Ankaranı düşündürən mövzularıdır.

Ərdoğan bu məsələləri birbaşa müzakirə etmək üçün Dəməşqdə görüş keçirmək istəyir”.

Избранный
7
50
buta.tv

10Источники