RU

Avropa Parlamentinin qətnaməsi həmişəki kimi reallıqlardan uzaqdır və qərəzli xakater daşıyır - Azər Qarayev

Azər Qarayev,
Politoloq

Avropa Parlamentinin 2024-cü il 19 dekabr tarixli plenar iclasında Azərbaycanın suverenliyinə və müstəqil siyasətinə qarşı yönəlmiş növbəti qərəzli qətnamə qəbul edilib. Bu sənəd, ölkəmizin uğurlarını kölgə altına almaq məqsədi güdən uzunmüddətli kampaniyanın növbəti mərhələsidir.

Avropa Parlamentinin qəbul etdiyi qətnamə həmişəki kimi reallıqlardan uzaqdır və qərəzli xakater daşıyır. Belə qərəzli qətnamə ölkəmizin uğurlarına kölgə salmaq niyyətindən başqa bir şey deyil.

Azərbaycan beynəlxalq arenada müstəqil siyasət yürüdərək mühim uğurlara imza atıb. Bakının böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, bu tədbirləri yüksək səviyyədə təşkil etməsi, orada mühim qərarların qəbul edilməsi uğuruna nail olması, təbii ki, müəyyən dairələrdə narahatlıq doğurur. Bunun son sübutu da, ölkəmizdə qlobal səviyyədə əhəmiyyət daşıyan COP29 tədbirinin yüksək səviyyədə təşkil edilməsi oldu. Bu kimi uğurlar, təəssüf ki, bəzi dairələrdə narahatlıq yaradır və həmin dairələr öz təzyiq mexanizmlərini işə salaraq ölkəmizə qarşı qarayaxma kampaniyasına əl atırlar.

Avropa Parlamentinin qətnaməsi də məhz bu sıradan bir addımdır. Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzu, Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsinə yönəlmiş təşəbbüsləri və addımları, həmçinin enerji təhlükəsizliyi sahəsindəki uğurları, bu qərəzli addımların daha da artmasına səbəb olur. Bu qətnamə Azərbaycana qarşı yönəlmiş addımların təzahürü olmaqla yanaşı, həm də Avropa Parlamentinin ikili standartlar ilə fəaliyyət göstərdiyini bir daha sübut edir.

Qəbul edilmiş qətnamənin nə dərəcədə ədalətsiz və qərəzli olduğunu göstərmək üçün yalnız bir fakta diqqət yetirmək kifayətdir: Azərbaycanın ərazisində insanlıq əleyhinə cinayətlər törətmiş, separatçı rejimin keçmiş nümayəndələri və terror aktlarında iştirak etmiş şəxslər bu sənəddə tamamilə təhrif edilmiş şəkildə "erməni hərbi əsirləri" kimi təqdim olunur. Onların hərbi cinayətkarlar olduğu bütün faktlarlarla sübut edilsə də, Avropa Parlamenti bunu görməzdən gəlir və təbii ki, öz məqsədləri naminə, onları "əsir" adlandırır. Bu, beynəlxalq hüququn ən əsas prinsiplərinə də ziddir.

Bundan əlavə, sənəddə "siyasi məhbus" adlandırdıqları şəxslərin də azad edilməsi tələb edilir. Halbuki, Azərbaycanda siyasi fəaliyyətə görə heç kəs nə həbs edilir, nə də qarşısı alınır. Əsas olan qanunlar çərçivəsində hərəkət etməkdir. Fəaliyyət istiqamətindən asılı olmayaraq, hər kəsin birmənalı şəkildə öhdəlikləri, vəzifələri və riayət etməli olduğu qanunlar var. Bir vətəndaş əgər qanunları pozursa, təbii ki, fəaliyyət istiqamətindən asılı olmayaraq, hamı kimi məsuliyyətə cəlb edilir. Avropa Parlamenti isə qanunları pozaraq cinayətlər törətmiş və cinayətləri bütün mərhələlərdə sübuta yetirilmiş şəxsləri "siyasi məhbus" adlandıraraq, onlara bəraət qazandırmağa çalışır və hətta azad edilməsini tələb edir. Bəllidir ki, həmin şəxslər məhz bu parlamentarilərin maliyyələşdirildiyi eyni mənbələrdən maliyyələşib və eyni maraqlara xidmət ediblər. Bu isə bir daha Avropanın bu parlamentarilərinin müəyyən dairələrin sifarişini yerinə yetirdiyini nümayiş etdirir.

Belə bir yanaşma Avropa Parlamentinin obyektivlik və ədalət prinsiplərinə deyil, siyasi maraqlara xidmət etdiyini açıq-aydın sübut edir. Avropa Parlamentində aparılan müzakirələr və qəbul edilən sənədlər son illərdə getdikcə daha çox siyasi təzyiq vasitəsinə və digər ölkələrin daxili işlərinə kobud müdaxilə alətinə çevrilib. Bu qurum, əslində, insan hüquqlarını, demokratiyanı və hüququn aliliyini müdafiə etmək kimi əsas prinsipləri rəhbər tutmalı olduğu halda, müəyyən dairələrin maraqlarını irəli sürən qərəzli və ikili standartlara əsaslanan qərarlar qəbul edir. Bunun nəticəsində artıq Avropa Parlamenti beynəlxalq arenada obyektivlikdən uzaq bir struktur kimi tanınır.

Avropa Parlamenti artıq anlamalıdır ki, qeyri-obyektiv mövqeyə və saxta məlumatlara əsaslanan qətnamələr nəinki hədəf aldığı ölkələrdə, hətta beynəlxalq ictimaiyyət arasında da heç bir ciddi maraq və etimad doğurmur.

Bu sənədlərin yalnızca Azərbaycanın möhkəmlənən beynəlxalq mövqeyini zəiflətmək məqsədi daşıyan uğursuz addımlar olduğu bəllidir. Buna görə də hər kəs bilməlidir ki, bütün bu səylərə, qərəzli yanaşmalara və ölkəmizə qarşı atılan addımlara baxmayaraq, Azərbaycan öz müstəqil siyasətini və milli maraqlarını qorumaqda davam edəcək.

Избранный
5
1
day.az

2Источники