Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində naməlum silahlıların hərbi nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində azı 16 hərbçi öldürülüb, beş nəfər isə ağır yaralanıb.
Hadisə Əfqanıstanla sərhəddən 40 kilometr məsafədə yerləşən Makin rayonunda baş verib.
Hücumda 30 silahlının iştirak etdiyi və döyüşün bir neçə saat sürdüyü bildirilir. Məlumata görə, silahlılar nəzarət-buraxılış məntəqəsini tutub, orada yerləşən rabitə vasitələrini məhv edib və xeyli silah-sursat ələ keçirib.
Qeyd edək ki, bu il Pakistanda müxtəlif silahlı qruplaşmaların hücumları nəticəsində 1082 nəfər həlak olub. Ən çox hücum Hayber-Paxtunxva əyalətində qeydə alınıb.