Gəncənin Mahrasa bağı adlanan qəsəbəsinin sakinləri problemlə üzləşiblər.
Avtosfer.az xəbər verir ki, bu barədə “Bizim.Media” bir neçə dəfə bu yaşayış məntəqəsində yolların bərbad olması barədə material təqdim edib.
Bir müddət əvvəl Mahrasa bağının əsas küçəsində yolların təmiri yekunlaşsa da, qəsəbənin 13 saylı binasının sakinləri üçün yenilik daha böyük çətinlik yaradıb.
Binanın sakinlərinin verdikləri məlumata görə, binanın qarşısı yeni qoyulan bordürlərlə mühasirəyə alınıb.
Bina sakini Mübariz Heydərovun sözlərinə görə, hələ sovetlər dövründə belə əsas yoldan binanın hər blokunun qarşısına keçidlər olub:
“Binanın sakinləri avtomobilləri ilə əraziyə rahatlıqla giriş - çıxış edirdilər. İndi bu layihəni kim veribsə, elə bil ki, bu sahədən məlumatsızdır. Bu bordürlərlə yolu kəsiblər. İndi biz yaşadığımız binanın ərazisinə necə daxil olaq? Bu, qanunsuzluqdur”.
Binanın digər sakini Nofəl Babayev də yaşayış yerinin qarşısında yolun kəsilməsini qanun pozuntusu adlandırır:
"Binanın sakinlərinin avtomobillərini öz yaşayış evlərinin qarşısında saxlamaq hüquqları var. Dədə-babadan bizim binanın qarşısına giriş - çıxış olub.
İndi özlərindən yeni layihə fikirləşiblər. Əvvəlcə blokların qarşısında aşağı salmışdılar, sonra icra hakimiyyətindən kimsə gəlib göstəriş verib və qaldırıb. Bütün binanın sakinləri narazılıqlarını bildirirlər. Biz aidiyyəti qurumların rəhbərlərinə müraciət edirik ki, bu özbaşınalığa son verilsin".
Bina sakini Eldəniz Həsənov işləri görənlərlə bir neçə dəfə söhbət etdiyini də bildirib. O qeyd edib ki, bina sakinlərinin şikayətlərinə baxan yoxdur:
"Mən başa düşmürəm bu yollar, bardürlar kimin üçün düzəldilir? Bizim binanın sakinləri vətəndaş deyilmi? Əgər binada yanğın olsa və ya təcili tibbi yardım maşını gəlsə, binanın qarşısına necə keçəcəklər? Niyə binanın sakinlərini düşünən yoxdur axı?
Bir binada 70 ev var. Hər evdə də az qala bir maşın var. Harda saxlayaq maşınlarımızı? Giriş - çıxış olanda heç olmasa bir təhər sığışırdıq binanın qarşısına. Bu ideyanı kim verib görəsən? O adamın yaşadığı evin qarşısına girişi bağlasalar xoşuna gələr? Xahiş edirik, binanın qarşısına girişi təmin etsinlər".
Məsələ ilə bağlı aidiyyəti qurumlarla əlaqə saxlamağa çalışdıq. İcra hakimiyyətindən bunun layihə olduğunu söyləməklə kifayətləndilər. Binanın sakinlərinin gələcək taleyi və onların şikayəti hələlik heç kimi maraqlandırmır.
Məsələni diqqətdə saxlayacağıq.