RU

Konor Qallaxer “Atletiko” və Dieqo Simeonedən məmnundur

“Atletiko”nun və İngiltərə yığmasının yarımmüdafiəçisi Konor Qallaxer özünü Madrid klubunda evdəki kimi hiss etdiyini söyləyib.

Arena.az xəbər verir ki, ingilis futbolçu “döşəkçilər”in baş məşqçisi, argentinalı mütəxəssis Dieqo Simeoneyə böyük heyranlığını da bildirib.

“Onun, sistemində hansı oyunçuları bəyəndiyini və ehtiyac duyduğunu görə bilərsiniz. Məncə, bu, mənə mükəmməlcəsinə uyğun gəldi. Mən bu klubda özümü inamlı hiss edirəm. Komandadakı hər kəs, mənim orada özümü evdəki kimi hiss etməyim üçün çalışdı. Bu, əntiqə idi”, deyə Qallaxer məmnunluqla bildirib.

Xatırladaq ki, ingilis yarımmüdafiəçi “Atletiko”ya 2024-cü ilin avqust ayında keçib və “döşəkçilər”lə müddəti 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalayıb. Madrid klubu Qallaxerin keçidi müqabilində “Çelsi”yə 42 milyon avro ödəyib. O, İspaniya nəhənginin heyətində 20 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

Konor Qallaxer “Çelsi”nin yetirməsidir. Yarımmüdafiəçi karyerası ərzində “Çarlton”, “Suonsi Siti”, “Vest Bromviç” və “Kristal Pelas”da icarə əsasında çıxış edib. Qallaxer “Çelsi”də bütövlükdə 95 oyun keçirib, 10 qol və 10 məhsuldar ötürmə müəllifi olub.

Konor Qallaxer 2021-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 21 oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Konor Qallaxerin qənimətlər muzeyində “Çelsi”nin U-18 komandası ilə qazandığı İngiltərə Gənclər Liqası çempionluğu (2016/2017 və 2017/2018), həmçinin “zadəganlar”la əldə etdiyi Avropa Liqası (2018/2019) var. Qallaxer milli komanda səviyyəsində İngiltərənin U-17 komandası ilə Dünya Kubokunun (2017) qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Избранный
15
arena.az

1Источники