RU

Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri

Beynəlxalq aləmdə nüfuzlu Lider kimi qəbul olunan Azərbaycan Prezidenti İlham Əliyevin xalqımız qarşısındakı xidmətləri, qlobal səyləri, yenilməz iradəsi, qətiyyəti və digər yüksək şəxsi keyfiyyətləri ölkəmizin əldə olunan nailiyyətlərini təmin edən mühüm amillərdir. Dövlətimizin başçısının beynəlxalq arenadakı fəaliyyəti Azərbaycanı qlobal miqyasda tanınan nüfuzlu dövlətə çevirib. Prezident çoxsaylı beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq yaradaraq Azərbaycanın mənafeyini beynəlxalq səviyyədə uğurla müdafiə edir. 2003-cü ildən bəri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda öz mövqeyini daha da gücləndirib. Xüsusən də, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyevin liderliyi qlobal həmrəyliyin təmin olunmasına mühüm töhfələr verib. Balanslı və çevik xarici siyasət yürüdən Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi enerji diplomatiyası ölkəmizi Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevirib. Xəzər dənizindən Avropaya enerji tədarükü üzrə layihələr, o cümlədən TANAP və TAP boru kəmərləri bu siyasətin uğurlu nəticələridir.

Prezident İlham Əliyevin daxili siyasəti isə xalqa xidmət və rifahın artırılması prinsipinə əsaslanır. Onun rəhbərliyi ilə ölkədə sosial islahatlar, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və infrastrukturun inkişafı sahələrində çoxsaylı layihələr həyata keçirilib. Hər il olduğu kimi cari ilin ötən dövründə də Azərbaycanın iqtisadiyyatında ciddi artım müşahidə edilib, yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb, işğaldan azad edilmiş ərazilərimizdə bir sıra şəhər və kəndlərimiz yenidən qurulub və bu proses hazırda uğurla davam etdirilir.

Dövlətimizin başçısının əsas prioritetlərindən biri şəhid ailələrinə və qazilərə qayğının təmin edilməsidir. Şanlı 44 günlük Vətən müharibəsindən sonra bu kateqoriya üzrə ailələr üçün çoxsaylı mənzillər, evlər verilib və sosial proqramlar həyata keçirilib. Bununla yanaşı, təhsil, səhiyyə və mədəniyyət sahələrində əldə olunan nailiyyətlər dövlətin xalqın rifahına olan diqqət və qayğısını əks etdirir.

Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq aləmdə cərəyan edən prosesləri dərindən anlayan, strateji düşüncəyə malik bir liderdir. Onun irəli sürdüyü qlobal təşəbbüs və proqramlar Azərbaycanı beynəlxalq münasibətlər sistemində mühüm aktorlardan birinə çevirib. Dövlətimizin başçısı təkcə regional deyil, həm də qlobal problemlərin həlli üçün səmərəli təkliflərlə çıxış edir. Cari ildə Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün atılan addımlar və beynəlxalq platformalarda liderlik təşəbbüsləri onun qlobal siyasətdəki fəallığını bir daha təsdiqləyir. Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycanın tarixi və mədəni irsini dünyaya tanıdır. Dövlətimizin başçısı Azərbaycanın mədəniyyətlərarası dialoqda aparıcı rol oynadığını vurğulayaraq, "Bakı Prosesi" kimi qlobal təşəbbüslərə liderlik edir.

Prezident İlham Əliyevin uğurlarında onun şəxsi keyfiyyətləri böyük rol oynayır. Dövlətimizin başçısının prinsipiallığı, qərarların qəbulu zamanı çevikliyi və gələcəyi dəqiq planlaşdırma məharəti ona xalqımızın və beynəlxalq ictimaiyyətin dərin hörmətini qazandırıb. Onun şəxsi nümunəsi, əzmkarlığı və yeniliklərə açıq bir lider olması Azərbaycanın inkişaf yolunda daha böyük zirvələrə çatmasına imkan yaradır.

Bir sözlə, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan həm daxildə, həm də beynəlxalq arenada əhəmiyyətli nailiyyətlər əldə edib. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada həm siyasi, həm iqtisadi, həm də mədəniyyət sahələrində daha güclü mövqe tutur. Bu amillər dövlətimizin başçısının xalq tərəfindən geniş dəstəklənməsini təmin edir.

COP29-a yüksək səviyyədə hazırlıq və əldə olunan qlobal nəticələr

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) nəinki ölkəmizdə, ümumiyyətlə, dünyada 2024-cü ildə baş tutan ən mötəbər tədbirlərdən biri idi. Ötən ilin dekabrında təxminən 200 dövlətin yekdil qərarı ilə bu tədbirə ev sahibliyinin Azərbaycana həvalə olunması Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin və ölkəmizə çox böyük etimadın, yüksək inamın göstəricisi idi. Ölkəmizdə elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili”ndə keçirilən COP29 Azərbaycanın indiyədək ev sahibliyi etdiyi ən irimiqyaslı tədbir olub. Onun təşkili və keçirilməsi üçün cəmi 10 ay vaxt sərf edildi ki, bu müddət zaman baxımından rekord göstərici sayıla bilər. Bu qısa müddətdə Bakı Olimpiya Stadionunun ərazisi COP29-un keçirilməsi üçün hazır vəziyyətə gətirildi. Stadionun 49 hektarlıq perimetrində Mavi Zona üzrə tikinti işləri aparıldı, həmçinin 8 hektar ərazidə Yaşıl Zona quruldu. Sammitin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görüldü, lazımi infrastruktur yaradıldı.

Qonaqlar üçün müxtəlif xidmətlərin təşkili, onların yerləşdirilməsi prosesi, paytaxtda nəqliyyat əməliyyatlarının hazırlığı, həmçinin digər işlər operativ və yüksək səviyyədə görüldü. Ümumiyyətlə, COP29-a start verilənə, yəni, noyabrın 11-dək hazırlıq mərhələsində 100-dən çox tədbir keçirildi. COP29-un ən mühüm tədbiri iki gün davam edən Liderlər Sammiti idi. Azərbaycan Prezidenti İlham Əliyevin Liderlər Sammitinin açılış mərasimində çıxışı iştirakçılarda böyük maraq doğurdu.

COP29-da iştirak etmək üçün 196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçməsi, qonaqların arasında 80 prezidentin, vitse-prezidentin və Baş nazirin olması isə həm dövlətimizə etimadın, həm də onun beynəlxalq arenada oynadığı fəal rolun növbəti dəfə sübutu idi. Azərbaycan COP29-a ləyaqətli şəkildə ev sahibliyi etməklə bu mötəbər tədbirlə bağlı göstərilən etimadı layiqincə doğrultdu. İstər qonaqların tədbirin yüksək səviyyədə təşkil olunması barədə fikirləri, istərsə də Bakıda qəbul olunan mühüm qərarlar bunun sübutudur.

COP29-un yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər, Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Rəsmi Bakı iki həftə davam edən qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı toplantının dünya ölkələrinin, xüsusilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatması üçün bütün qüvvəsini səfərbər etdi. Azərbaycan tədbirin öhdəsindən uğurla gəldi, bu sahədə yüksəksəviyyəli təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirdi. Tədbir iştirakçılarının yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir. Məsələn, BMT-nin Baş katibi Antonio Quterreş tədbirlə bağlı bəyanatında deyib ki, COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoymaqla bərabər, qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədini qorumaq üçün həyati əhəmiyyət daşıyır.

COP29-da qəbul olunan ən  önəmli qərarlardan biri inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəliyin - Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasıdır. Bakı Maliyyə Məqsədi inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasını nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək.

Bundan başqa, 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirilib. Bununla bağlı razılığın əldə olunması COP29 Sədrliyinin önəm verdiyi əsas prioritet məsələlərdən biri idi.

COP29-da əldə olunan mühüm nailiyyətlərdən biri də 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. Fondun 2025-ci ildən əməli fəaliyyətə başlaması nəzərdə tutulur. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. İqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən olunub. Bu baxımdan, İtki və Zərər Fondunun fəaliyyətə başlaması COP29 Sədrliyinin çox böyük uğurudur. COP29-un yekununda qəbul olunan digər qərarla Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Bundan başqa, COP29-un qərarı ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi. Bütün bunlar onu göstərir ki, Azərbaycan gələcək COP-ların da uğurlu olması üçün müsbət presedent yaradıb. Bir sözlə, Bakıda qəbul olunan qərarlar qlobal iqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi hesab edilir. Bütün bunlar dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü siyasətin çox böyük nailiyyətidir.

Azərbaycanın xarici siyasətinin uğurları

Başa çatmaqda olan 2024-cü ildə də Azərbaycan çoxvektorlu xarici siyasətini uğurla davam etdirib. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, irəli sürdüyü təşəbbüsləri və strateji addımları nəticəsində ölkəmizin beynəlxalq arenada mövqeyi daha da güclənib. Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığını dərinləşdirərək regional və qlobal məkanda önəmli tərəfdaşa çevrilib.

Bu uğurların əldə olunmasında Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, görüşləri və bu çərçivədə imzalanan sənədlər mühüm rol oynayıb. Belə ki, enerji, nəqliyyat və investisiya sahələrindəki razılaşmalar Azərbaycanın qlobal tərəfdaşlıq potensialını daha da artırıb.

Dövlətimizin başçısı cari ildə xarici ölkəyə ilk səfərini Münxen Təhlükəsizlik Konfransında iştirak məqsədilə fevralın 16-18-də Almaniyaya edib. Üç gün davam edən səfər çərçivəsində Azərbaycan Prezidenti 24 görüş keçirib. Bu görüşlərin məhz qarşı tərəflərin müraciətlərinə əsasən keçirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və təşəbbüslərinin qlobal miqyasda qəbul edilməsinin göstəricisidir. Görüşlərdə Azərbaycanın sülh təşəbbüsləri, enerji təhlükəsizliyindəki rolu və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib. Həmin görüşlərdən biri də Ermənistanın baş naziri ilə ikitərəfli görüşdür ki, burada iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Prezident İlham Əliyevin Münxen səfəri Azərbaycan diplomatiyasının qlobal səviyyədə mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Almaniya səfərinin ardından Azərbaycan Prezidenti fevralın 18-19-da qardaş Türkiyədə səfərdə olub. Prezident İlham Əliyevin səfər çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşləri strateji müttəfiqlik və qardaşlıq əlaqələrinin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Səfər zamanı imzalanan sənədlər Azərbaycan-Türkiyə əməkdaşlığının strateji xarakterini daha da gücləndirib. Türkiyə-Azərbaycan Universitetinin yaradılması isə təhsil sahəsində əlaqələri yeni mərhələyə qaldıraraq gənc kadrların yetişdirilməsinə töhfə verir. Baytarlıq sahəsində əməkdaşlıq və ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər isə iqtisadi və kənd təsərrüfatı sektorlarında əməkdaşlığın genişlənməsinə, ticarət əlaqələrinin asanlaşdırılmasına imkan yaradıb.

Azərbaycan Prezidentinin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də bu ölkəyə işgüzar səfəri zamanı Rusiya dövlətinin başçısı ilə görüşündə iki ölkə arasındakı iqtisadi əməkdaşlıq, nəqliyyat dəhlizləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər strateji məsələlər müzakirə edilib. Bir sözlə, Rusiya səfərinin nəticələri iki ölkə arasında mövcud əməkdaşlığa yeni impuls verilməsi baxımından önəmli olub.

Azərbaycan Prezidenti İlham Əliyev, ümumiyyətlə, il ərzində iki dəfə Almaniyada, iki dəfə Türkiyədə, iki dəfə Qazaxıstanda, üç dəfə Rusiyada, Misirdə, Pakistanda, Böyük Britaniyada, Özbəkistanda, İtaliyada və Qırğızıstanda səfərdə olub.

Bu səfərlər zamanı Azərbaycan ilə müvafiq dövlətlər arasında siyasi, iqtisadi-ticari, kommunikasiyalar, mədəniyyət, elm-təhsil və digər sahələrə aid mühüm sənədlər imzalanıb, Cənubi Qafqazda sülhün təmin edilməsi istiqamətində dövlətimiz tərəfindən atılan addımlar və ölkəmizin geosiyasi rolu məsələləri müzakirə olunub. Azərbaycan Prezidentinə Kazan şəhərində Tatarıstanın ali dövlət mükafatı olan “Dostluq” ordeni, Bişkekdə isə “Çingiz Aytmatov” ordeni təqdim olunub. Bu mükafatlar dövlətimizin başçısının beynəlxalq əlaqələrdəki uğurlarının və regionlararası əməkdaşlığa, mədəniyyətlərarası dialoqun inkişafına, humanist dəyərlərin təbliğinə verdiyi töhfələrin əyani təsdiqi, beynəlxalq səviyyədə böyük hörmətin və ehtiramın ifadəsidir.

Prezident və parlament seçkiləri: Xalqın yüksək etimadının növbəti nümayişi

Cari ilin ən yaddaqalan hadisələri sırasında, heç şübhəsiz ki, prezident və parlament seçkiləri mühüm yer tutur. Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərdə inamlı qələbəsi xalqımızın öz Liderinə etimadını, sevgi və məhəbbətini növbəti dəfə nümayiş etdirdi. Bu seçkilərin nəticələri təkcə xalqımızın deyil, beynəlxalq ictimaiyyətin də dövlətimizin başçısına inam və etimadını, onun qlobal miqyasda nüfuzunu, yalnız ölkə daxilində deyil, dünya miqyasında da sülhə və təhlükəsizliyə töhfə verən Lider olduğunu bir daha təsdiqlədi. Bunu seçkilərdən dərhal sonra dünyanın aparıcı ölkələrinin liderləri tərəfindən dövlətimizin başçısına ünvanlanan təbrik məktublarındakı fikirlər də sübut edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına ünvanlandığı təbrik məktubunda qeyd edib: “Qardaş Azərbaycan xalqı tərəfindən yenidən lider seçilməyinizin təkcə ölkələrimiz arasındakı bənzərsiz münasibətlər baxımından deyil, bölgəmizin uzun illərdir ehtiyac duyduğu sülh və sabitliyin bərqərar olması baxımından da böyük bir nailiyyət olduğunu düşünürəm”.

Rusiya Prezidenti Vladimir Putin məktubunda vurğulayıb: “Səsvermənin nəticələri Sizin yüksək siyasi nüfuzunuzu, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və onun mövqelərinin dünya arenasında möhkəmləndirilməsi üzrə həyata keçirdiyiniz kursa ümumxalq dəstəyini tam təsdiq edir”.

Çin Xalq Respublikasının Sədri Si Cinpin isə təbrik məktubunda Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün dövlət quruculuğu təşəbbüslərində yeni nailiyyətlər əldə edəcəyinə əminliyini bildirib. Qeyd edib ki, son illər Çin-Azərbaycan münasibətləri öz inkişafının nümunəvi və sabit olması ilə fərqlənir. Yüksəksəviyyəli siyasi etimad mühiti yaranır, “Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə həyata keçirilməsində irəliləyiş, beynəlxalq münasibətlərdə sıx qarşılıqlı fəaliyyət müşahidə olunur.

Digər dövlət və hökumət başçıları – Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Belarus Prezidenti Aleksandr Lukaşenko, İtaliya Prezidenti Sercio Mattarella və Nazirlər Şurasının Sədri Ciorcia Meloni, İordaniya Kralı II Abdullah ibn Al Hüseyn, İsrail Prezidenti İsxak Hersoq, Rumıniya Prezidenti Klaus Verner İohannis, Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Koreya Respublikasının Prezidenti Yun Sok Yol, Serbiya Prezidenti Aleksandar Vuçiç, Yaponiyanın Baş naziri Fumio Kişida, Bolqarıstan Prezidenti Rumen Radev, Qırğızıstan Prezidenti Sadır Japarov, Macarıstanın Baş naziri Viktor Orban, Nikaraqua Prezidenti Daniel Orteqa Saavedra, Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviç, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Slovakiyanın Baş naziri Robert Fitso, Cibuti Prezidenti İsmail Ömər Qelle, Banqladeş Prezidenti Məhəmməd Şahabuddin, Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahim, Venesuela Prezidenti Nikolas Maduro, İndoneziya Prezidenti Coko Vidodo, Tailandın Kralı Maha Vaçiralonqkorn, Mozambik Prezidenti Filipe Jasinto Nyusi, İraq Prezidenti Əbdüllətif Camal Rəşid, Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza və başqaları təbrik məktublarında əmin olduqlarını bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı dünyada mövcud olan çağırışların dialoq və konsensus yolu ilə həllinə bundan sonra da öz töhfəsini verəcək.

Beynəlxalq təşkilatların rəhbərlərinin təbrik məktublarında da dövlətimizin başçısının seçkilərdə inamlı qələbəsi yüksək qiymətləndirilib. Bu təbrik məktublarında vurğulanan fikirlərdən də aydın olur ki, dünyanın aparıcı dövlətlərinin və təşkilatlarının rəhbərləri Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən, xalqının maraqlarını hər şeydən üstün tutan, ölkəsinin rifahı üçün daim çalışan lider olmaqla yanaşı, həmçinin beynəlxalq arenada baş verən proseslərə təsir göstərən dövlət xadimi kimi fəaliyyətini yüksək qiymətləndirir, onunla bundan sonra da işləmək arzusundadırlar.

İlin əlamətdar siyasi hadisələrindən biri də VII çağırış Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi olub. Bu seçkilər Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra ilk parlament seçkiləri idi. Beləliklə, Azərbaycanda ilk dəfə parlament seçkiləri işğaldan azad edilmiş bölgələrimiz daxil olmaqla ölkəmizin bütün ərazisində baş tutub. Azərbaycanın müstəqilik tarixində bütün ərazilərimizi əhatə edən seçkilərin keçirilməsi yaddaşlara əbədi həkk olunan tarixi hadisədir. Bu seçkilər də azad və şəffaflığına, demokratikliyinə və mütəşəkkilliyinə görə beynəlxalq aləmin diqqət mərkəzində olub.

İqtisadi və sosial sahələrdə əldə edilmiş uğurlar

Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını şərtləndirən əsas amillərdən biri də ölkənin güclü iqtisadiyyata malik olmasıdır. Obrazlı desək, güclü iqtisadiyyat Azərbaycanın milli maraqlara uyğun siyasət aparmasının təminatçısı, ölkəmizin regionda və dünyada söz sahibi, bütün qlobal əhəmiyyətli nəqliyyat və enerji layihələrinin təşəbbüskarı və iştirakçısı olmasının açarıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyat və sosial həyat sahələrində əldə olunmuş uğurlar Azərbaycanın 2024-cü ildə inkişaf salnaməsinin parlaq səhifələrindən biridir.

Cari ildə iqtisadi və sosial inkişafı təmin edən addımlardan biri dövlətimizin başçısının yanvar ayında Lənkəran və Neftçala rayonlarına səfəri olub. Səfər zamanı dövlətimizin başçısı bir neçə müəssisənin fəaliyyəti ilə tanış olub, əhalinin əsas sosial qayğılarından olan su təchizatı sistemlərinin istismara verilməsi tədbirində iştirak edib.

Bu il ölkəmizdə önəmli sosial-iqtisadi hadisələrdən biri də Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlinin qoyulması olub. Faktiki olaraq kanal yenidən inşa ediləcək. Beləliklə, 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. İcra edilən yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaq. Bu, bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayanların məşğulluğu üçün şərait yaratmaqdır.

Bu il Azərbaycan iqtisadiyyatı üçün gözləntilər, əldə edilmiş nəticələr və iqtisadi göstəricilər dövlətimizin başçısının proqnozlarını doğruldub. Prezident İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışı zamanı bu məsələyə toxunaraq il ərzində Azərbaycanın iqtisadi artım templərinin inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələdiyini vurğulayıb. Dövlətimizin başçısının həyata keçirdiyi siyasət nəticəsində 2024-cü ilin 11 ayında iqtisadi artım 4,1 faiz təşkil edib, o cümlədən qeyri-neft sektoru 6,4 faiz artıb. Ölkənin strateji valyuta ehtiyatları 72 milyard ABŞ dollarını ötüb. Azərbaycanın birbaşa xarici dövlət borcu ümumi daxili məhsulun (ÜDM) cəmi 7,3 faizini təşkil edir. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir.

Xarici sərmayələrin ölkəmizə, xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələri həyata keçirilir. Ənənəvi sənaye mərkəzlərimizdə, sənaye parklarımızda yeni müəssisələr açılır. Eyni zamanda, azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parkları yaradılır.

Əsas hədəfin Azərbaycan iqtisadiyyatını daim şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirmək olduğunu vurğulayan Prezident İlham Əliyev deyib ki, biz vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik və edəcəyik.

Bütün bunlar sübut edir ki, artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Azərbaycan öz resurslarına arxalanaraq güclü və müstəqil iqtisadiyyat qurub, heç kimdən asılı deyil. İqtisadi müstəqillik təbii olaraq ölkəmizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırıb və bundan sonra da qazandıracaq.

Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası istiqamətində görülən işlər

İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, şəhərlərin, kəndlərin yenidən tikilməsi, əhalinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən məskunlaşdırılması, həmin bölgələrdə sosial-iqtisadi infrastrukturun yaradılması Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdəndir. Bu istiqamətdə işlər cari ildə də yüksək sürətlə və keyfiyyətlə davam etdirilib. Prezident İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura müntəzəm səfərləri zamanı bərpa-quruculuq işləri ilə tanış olub, yaşayış məntəqələrinin, vacib infrastruktur obyektlərinin açılışlarında, təməlqoyma mərasimlərində iştirak edib.

Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərə 2024-cü ildə ilk səfərini fevralın 26-da Xocalı şəhərinə edib. Prezident İlham Əliyev burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, sonra Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, sakinlərlə birlikdə şəhərdə aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

Prezident İlham Əliyev və Azərbaycana səfərə gələn Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 12-də Füzuli rayonunda olublar. Füzuli şəhərinin Baş planı ilə tanış olan dövlət başçılarına məlumat verilib ki, 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Azərbaycan və Qazaxıstan prezidentləri Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. Həmçinin prezidentlərə Füzulidə inşa olunacaq Mərkəzi Rayon Xəstəxanası barədə məlumat verilib. Bildirilib ki, 180 çarpayılıq yeni xəstəxananın inşasında Qazaxıstanın “BI Group” şirkəti də iştirak edəcək.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması işinə Özbəkistan və Qazaxıstanla bərabər Qırğızıstan da fəal şəkildə qoşulub. Belə ki, aprelin 25-də Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdamın Xıdırlı kənd tam orta məktəbin təməlini qoyublar. Bu məktəb Qırğızıstan Prezidentinin təşəbbüsü ilə inşa olunur.

Mayın 10-da – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə də Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımıza səfər edib. Dövlətimizin başçısı bu səfərdə Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilmiş birinci tunelin, Şuşada “Şirin su” hamamının, Mamayı məscidinin açılışlarında iştirak edib, şəhərdə inşa olunacaq üçüncü yaşayış kompleksinin və Turşsu qəsəbəsinin təməllərini qoyub.

Bu səfəri daha əlamətdar edən hadisə isə Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş olub. Görüşdə diqqətə çatdırılıb ki, ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksində 450 mənzil var. Şuşaya ilk köç edən ailələrlə görüşən dövlətimizin başçısı mənzillərin açarlarını sakinlərə təqdim edərək deyib: “Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq - ən müasir, ən rahat, ən gözəl. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, əminəm, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək”.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev Laçın rayonunun Sus kəndində görülmüş işlərlə tanış olub, kəndə köçmüş sakinlərlə görüşüb. Sus kəndində 60-a yaxın fərdi ev tikilib, 132 şagird yerlik orta məktəb, 50 yerlik uşaq bağçası da inşa olunub. Dövlətimizin başçısı Laçın rayonunda “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyalarının açılışlarını edib.

Qeyd edək ki, Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq indiyədək Laçın şəhərində 552 ailə məskunlaşıb və 2031 laçınlının yurd həsrəti sona çatıb. Həmçinin Dövlət Proqramına əsasən rayonun Sus kəndinə 59 ailənin (214 sakin), Zabux kəndinə isə 217 ailənin (823 sakin) köçürülməsi təmin olunub.

Mayın 18-də Şərqi Zəngəzura səfər edən Prezident İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin, Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməllərini qoyub, “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyalarının açılışlarını edib. Qeyd edək ki, 2040-cı ilədək Mincivan qəsəbəsində 9088 nəfər üçün 630 fərdi ev və yaşayış binalarının tikilməsi nəzərdə tutulub. Azərbaycan ilə İranın dövlət sərhədində - Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib. Bu hidroqovşaqlar həm yaşayış məntəqələrinin elektrik enerjisi ilə təmin edilməsində, həm də əkin torpaqlarının suvarılmasında xüsusi rol oynayacaq.

On gün sonra dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərimizə yenidən səfər edib, Ağdam rayonunun Tağıbəyli, Güllücə, Nəmirli və Şotlanlı kəndlərinin təməllərini qoyub. Sonra Prezident İlham Əliyev Xocalıda 180 mənzildən ibarət 15 binada yaradılan şəraitlə tanış olub, şəhərə köçən sakinlərlə görüşüb, evlərin açarlarını onlara təqdim edib.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə növbəti səfəri sentyabrın 2-də Kəlbəcər rayonuna olub. Dövlətimizin başçısı Tərtər çayı üzərində yerləşən 22,5 MVt gücündə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının (SES) açılışını edib. İşğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi istiqamətində strategiyaya uyğun olaraq tikilən bu stansiya Vətən müharibəsində Qələbəmizdən sonra regionda yaradılan ən böyük yaşıl enerji mənbəyidir.

Dövlətimizin başçısı bu səfər çərçivəsində Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin və inzibati binanın, həmçinin İstisu qəsəbəsinin təməllərini qoyub, 524 ailəlik yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olub, “İstisu” mineral su zavodunun, 110/35 kV-luq “İstisu” yarımstansiyasının, 4,3 MVt gücündə “Zar” Kiçik Su Elektrik Stansiyasının (KSES-in) və 4,1 MVt gücündə “Toğanalı” KSES-in açılışlarında iştirak edib və rayon sakinləri ilə görüşüb.

Azərbaycan Prezidentinin Qarabağa və Şərqi Zəngəzura hər səfəri zamanı yeni müəssisələrin təməli qoyulur, hazır olanların açılışları edilir. Dövlətimizin başçısının sentyabrın 19-20-də Qarabağa növbəti səfəri də bu baxımdan yaddaqalan olub. Prezident İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlini qoyub, Kəngərli kəndində və Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların açılış mərasimlərində iştirak edib. Bu parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin məşğulluğunun artırılmasıdır.

Sentyabrın 20-də - Dövlət Suverenliyi Günündə Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin və bu ali məktəbin tələbə yataqxanasının təmirdən sonra açılış mərasimində iştirak edib, Universitetin müəllim və tələbə heyəti ilə görüşüb.

Oktyabrın 3-də Cəbrayıl rayonuna səfər edən Prezident İlham Əliyev Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub, Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak edib. Dövlətimizin başçısı, həmçinin Cəbrayıl şəhərində “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin, rayonda “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməllərini qoyub.

Bu səfər çərçivəsində Zəngilan rayonunda da olan Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışlarında iştirak edib, Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoyub, 104 mənzilli yaşayış və istirahət komplekslərində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

4 Oktyabr – Cəbrayıl Şəhəri Günündə Prezidenti İlham Əliyev rayon mərkəzində inşa olunmuş yaşayış kompleksinin açılışında iştirak edib, yeni evlərə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib. Qeyd edək ki, ümumi sahəsi 7,9 hektar olan bu kompleksdə tikilmiş beşmərtəbəli və dördmərtəbəli 33 yaşayış binasında 712 mənzil var.

Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan öz imkanları hesabına həyata keçirir. Yaxın üç ildə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir əyani göstəricisidir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgələrdə reallaşdırılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 30 minə yaxın insan yaşayır.

Beynəlxalq aktorların Azərbaycana marağını artıran görüşlər

Cari il, eyni zamanda, Azərbaycana gələn yüksəksəviyyəli qonaqların sayı və təmsil etdikləri ölkələrin müxtəlifliyi ilə də zəngin olub. Belə ki, ilin əvvəlindən indiyədək Azərbaycan Prezidenti İlham Əliyev təqribən 200-ə yaxın xarici qonaq qəbul edib ki, onlardan da 50-dən çoxu Prezident, Baş nazir və beynəlxalq təşkilat rəhbəridir. Bu rəqəmlər özlüyündə Azərbaycana beynəlxalq aləmdə marağın nə dərəcədə yüksək olduğunu nümayiş etdirir. Keçirilən görüşlərdə müzakirə olunan məsələlər həyatın demək olar bütün sahələrini əhatə edir. Onların arasında ölkəmizlə tərəfdaşlıq əlaqələri qurmaq istəyən, yaxud hazırkı əməkdaşlığı dərinləşdirmək niyyətində olan dövlətlərin nümayəndələri də yer alıblar. Bu, eyni zamanda, Azərbaycanın beynəlxalq əlaqələrinin nə dərəcədə şaxələnmiş olduğunun göstəricisidir. Məhz buna görədir ki, xarici ölkə təmsilçiləri Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlıdırlar.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq miqyasda rolunun güclənməsi, müstəmləkəçilikdən əziyyət çəkən ölkələrə və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək göstərməsi, həmçinin türk dövlətləri arasında əlaqələrin inkişafına verdiyi töhfələr respublikamızın dünya arenasında yerini əhəmiyyətli dərəcədə artırıb. Bu gün ölkəmizin malik olduğu bərpaolunan enerji potensialı, Şərqdən Qərbə gedən nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşməsi, özünü etibarlı tərəfdaş kimi təsdiqləməsi, eyni zamanda, Prezident İlham Əliyevin sözünün imzası qədər dəyərli olması beynəlxalq aktorları Azərbaycanla əməkdaşlığı genişləndirməyə sövq edir. Təbii ki, burada ölkəmizin regionda sülhün və sabitliyin təmin olunması istiqamətində atdığı addımlar da mühüm rol oynayır. Azərbaycan Prezidenti ilə görüşən qonaqlar arasında beynəlxalq biznes korporasiyalarının nümayəndələrinin, iş adamlarının da yer almaları Azərbaycandakı iqtisadi artımdan, sağlam investisiya mühitinin mövcudluğundan xəbər verir.

Azərbaycanda keçirilən mühüm beynəlxalq tədbirlər

Bu il Azərbaycanda 130 beynəlxalq tədbir keçirilib. Həmin mühüm tədbirlər mövzular üzrə təsnifatlandırılsa belə bir nəticə alınar: Siyasi mövzuda 27, iqtisadiyyata dair 24, elm-təhsil və mədəniyyət sahələri üzrə 41, ekologiya ilə bağlı 19, idman üzrə 12, səhiyyəyə aid 7 beynəlxalq tədbir təşkil olunub. Bu tədbirlərin əksəriyyətində Azərbaycan Prezidenti İlham Əliyev bilavasitə iştirak edib.

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət təmsil olunub. Tədbirdə çıxış edən dövlətimizin başçısı, yaşıl enerji üzrə qarşıda duran mühüm vəzifələrdən danışıb. Tədbir çərçivəsində yaşıl enerji sahəsində mühüm sənədlər imzalanıb.

Qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq mühüm qlobal platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Belə tədbirlərdən biri də Azərbaycan Prezidentinin himayəsi və Mərkəzin təşkilatçılığı ilə bu il keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumudur. Açılış mərasimində dövlətimizin başçısının iştirak etdiyi Foruma 70-dən artıq ölkədən 350-dən çox qonaq qatılıb. Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və parçalanmış dünyada sülhün təmin olunması ilə bağlı perspektivlərə nəzər salınıb, qarşıda duran çağırışların həlli yolları müzakirə olunub, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulub.

Dövlətimizin başçısı ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda, Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda, Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində dərinməzmunlu çıxışlarında Azərbaycanın yaşıl dünya naminə həmrəyliyə, dünyadakı mövcud çağırışların dialoq yolu ilə həllinə verdiyi töhfələrdən, milli multikulturalizm modelinin dünyaya nümunə olmasından bəhs edib.

Azərbaycanın uğurlarının geniş coğrafiyada təbliği baxımından mühüm əhəmiyyətə malik beynəlxalq sərgilər cari ildə də davam etdirilib. Prezident İlham Əliyev və ölkəmizə səfərə gələn Belarus Prezidenti Aleksandr Lukaşenko Bakı Ekspo Mərkəzində XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” və XXIX Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.

İlin mühüm tədbirlərindən biri isə Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgiləri idi. Prezident İlham Əliyev sərgilərin rəsmi açılış mərasimində çıxış edərək Azərbaycanın yaşıl enerji gündəliyinin prioritetləri ilə bağlı fikirlərini bildirib.

Çox önəmli beynəlxalq tədbirlərdən biri də Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının Şuşada keçirilən qeyri-rəsmi iclası idi. Bu, TDT-nin Azərbaycanın işğaldan azad edilmiş Qarabağ torpağında baş tutan ilk yüksəksəviyyəli toplantısı olub. Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kiprin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər. Tədbir çərçivəsində “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi” imzalanıb.

Şuşada keçirilən daha bir beynəlxalq tədbir - 2-ci Qlobal Media Forumu xüsusi qeyd olunmalıdır. “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusuna həsr olunan Forumda iştirak edən Prezident İlham Əliyev sualları cavablandırıb. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun nümayəndələrinin qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayıb.

Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən biri də Prezident İlham Əliyevin tanış olduğu “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları sərgiləri idi.

Bu tədbirlər sübut edir ki, artıq beynəlxalq aləmdə əsas aktorlardan birinə çevrilən Azərbaycan bu istiqamətdə qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir.

Nailiyyətlərin qazanılmasının əsas amilləri - cəmiyyətdə birlik və harmoniya

Azərbaycanda həyatın bütün sahələrində nailiyyətlərin əldə olunmasının əsas amilləri xalq-iqtidar birliyi, cəmiyyətin ictimai şüurunda formalaşmış azərbaycançılıq təfəkkürünün möhkəmlənməsi və harmoniyadır. Bu baxımdan, 2024-cü ili Azərbaycan cəmiyyətinin həyatında yeni dövrün başlanğıcı hesab etmək olar. Xalqımız yeni dövrə alnıaçıq, üzüağ daxil olub, ona görə ki, hər kəs üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib. Cəmiyyətimizdə hökm sürən müsbət ab-hava dövləti gücləndirən əsas amillərdən biridir. Prezident İlham Əliyev bu amili yüksək qiymətləndirərək deyib: “Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik”. Buna görədir ki, Azərbaycan bu gün sabitlik, təhlükəsizlik adası, əmin-amanlıq, iqtisadi inkişaf ölkəsidir. Bütün bunların təməlində xalqın öz dövlətini dəstəkləməsi və dövlətin də milli mənafelərə uyğun siyasət həyata keçirməsi dayanır. Dövlətimizin başçısı çıxışlarında da bildirir ki, ölkəmizdə sabitliyin təminatçısı Azərbaycan xalqıdır və dövlətin siyasətidir.

Beynəlxalq aləmdə güclü və nüfuzlu dövlət kimi tanınan müstəqil Azərbaycanda bu gün mövcud olan tolerantlıq mühiti də dünya ölkələrinə nümunədir. Azərbaycançılıq ideologiyası və prinsipləri ölkəmizdə çoxdan bərqərar olub. Bu ideologiya respublikamızda müxtəlif xalqların, konfessiyaların nümayəndələrinin qarşılıqlı anlaşma və harmoniya şəraitində yaşamalarına və ölkənin gələcəyi naminə birgə çalışmalarına zəmin yaradıb. Azərbaycanda bütün xalqlar vahid, mehriban ailə kimi yaşayır. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan xalqının həmrəyliyi əsas uğurlarımızdan biridir.

Ölkəmizdəki bugünkü sabitliyin, cəmiyyətin daxilində və dövlət-cəmiyyət münasibətlərindəki harmoniyanın təməlində milli və mənəvi birlik dayanır. Bu birlik vətəndaşlıq, dünyəvilik, tolerantlıq, çoxmədəniyyətlilik, vətənpərvərlik, ədalət kimi dəyərlərə söykənir. Təbii ki, bu birliyi və harmoniyanı Qarabağ Zəfəri daha da möhkəmləndirib. Azərbaycan Prezidenti bu barədə deyib: “Bizim birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də buna nail ola bilməyiblər və heç vaxt nail ola bilməyəcəklər. Çünki biz hamımız bir amal uğrunda birləşmişik”.

Bu gün əminliklə deyə bilərik ki, ölkəmizdə möhkəm ictimai-siyasi birliyə, həmrəyliyə, harmoniyaya əsaslanan Azərbaycan modeli formalaşıb. Bu model Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, demokratik və iqtisadi cəhətdən tərəqqisinə böyük töhfələr verir.

Qeyd edək ki, 2024-cü il Azərbaycan üçün Prezident İlham Əliyevin liderliyi ilə hərtərəfli tərəqqi və uğur ili kimi tarixə yazılacaq. Ölkə daxilində sosial-iqtisadi sahələrdə əldə olunan nailiyyətlər, beynəlxalq arenada artan nüfuz və işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri Azərbaycanın inkişaf modelinin səmərəliliyini bir daha nümayiş etdirib.

Избранный
7
14
musavat.com

10Источники