"İnformasiyanı qəbul edən tərəf media savadlılığına malik olarsa, onun mənbəsini axtarır təsdiq edilməsinə diqqət edir, subyektin etibarlılığını, mənbənin informasiyalara çıxış imkanlarını araşdırır. Məlumat bir mənbədən deyil, bir neçə mənbədən dəqiqləşdirilməlidir".
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında "Cümhuriyət" qəzeti və "Cebhe.info" Xəbər Portalının rəhbəri Rəfail Becanov deyib.
Onun sözlərinə görə, media savadlılığı müasir dövrün qarşıya qoyduğu vacib hədəflərdən biridir:
“Bunun cəmiyyətin doğru və yalan arasında seçim etməsində böyük rolu var. Heç bir cəmiyyət, fərd saxta xəbərlərdən, dezinformasiyalardan sığortalanmayıb. Xüsusi bir sorğu aparsaq, saxta xəbərlərin qurbanına çevrilmiş saysız-hesabsız oxucu üzə çıxır. Bütün bunların kökündə duran əsas məqamlardan biri media savadlılığıdır”.
“Media Savadlılığı” həftəsinin əhəmiyyətindən danışan hurnalist vurğulayıb ki, illər əvvəl bu məsələ indiki qədər aktual olmayıb:
“İnformasiyanın indiki axınınında isə buna xüsusi diqqət ayırmaq günümüzün tələbidir. Mövcud reallıq budur ki, indi informasiyanı təkcə media subyektləri və jurnalistlər yaymır. Müxtəlif sosial şəbəkələr vasitəsilə bir anda saysız-hesabsız informasiyalar alırıq. Medianın və ya jurnalistin iş prinsipi, yanaşması fərqlidir. Xəbərin mənbəyi, dəqiqliyi və sair kimi məsələlər nəzərə alınır. Sosial platformalarda isə fərqli bir yanaşma var. Ona görə həmin informasiyaların, məlumatların nə qədər düzgün olub-olmamasını dəqiqləşdirmək lazımdır. Bu məsələdə isə bizim üçün açar rolunu media savadlılığı oynayır”.
R.Becanov qeyd edib ki, media savadlılığının əsas hədəfi cəmiyyətin saxta və yalan informasiyalardan qorunması və onun doğru-dürüst məlumatla təmin olunmasıdır:
“Bu kriteriyanın yüksək olduğu cəmiyyətlərin inkişafı fərqli olur. Həmin cəmiyyətlərdə multikultural dəyərlər, tolerantlıq zərər çəkmir və insanlar arasında münasibət nifrət, kin üzərində qurulmur. Ünsiyyət, təhlil və analiz birinci plana keçir”.
Jurnalist həmçinin əlavə edib ki, informasiya ilə tanış olarkən subyektin mövqeyi, əvvəlki paylaşımlarına və məlumatlarına diqqət etmək lazımdır:
"Bu da informasiya istehlakçısının saxta və dezinformasiyadan qorunması elementlərini. Nəticədə bütün bunlar cəmiyyətin sağlam şüurda formalaşmasına xidmət edir. Media savadlılığı olmayanda isə bilməyərəkdən belə istənilən informasiyanın qurbanına çevrilmək mümkündür. Bu halda da həm cəmiyyət, həm də şəxsiyyət natamamlılığı yaranır. İnkişaf etmiş cəmiyyət formalaşdırmaq üçün şəxsiyyətin tamlığı, yetkinliyi çox vacibdir. Buna nail olmaq yollarından biri də media savadlılığından keçir”.
Qeyd edək ki, bu həftədən Azərbaycanda Media Savadlılığı Həftəsi başlayıb. Media Savadlılığı Həftəsi dekabrın 16-dan 22-dək Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçiriləcək. Həftənin keçirilməsində məqsəd cəmiyyətdə media savadlılığına dair fərqindəliyin artırılması və uğurlu beynəlxalq təcrübənin öyrənilməsi, həssas istifadəçi qrupu hesab olunan gənclərin bilik və bacarıqlarının inkişafı, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqənin qurulması, həmçinin məsuliyyətli rəqəmsal vətəndaşlığın təbliğ edilməsidir.
Hər il mütəmadi olaraq təşkil edilən həftə çərçivəsində tərəfdaş qurumların rəhbər və səlahiyyətli nümayəndələri, habelə sahə üzrə ixtisaslaşan beynəlxalq və yerli ekspertlər fikir və təcrübələrini bölüşəcək, media savadlılığının müxtəlif aspektlərini əhatə edən tədbir və layihələr icra ediləcək.
“Cebheinfo.az”