RU

''Trabzonspor''da ''təmizləmə əməliyyatı'' Orşiçlə başladı

Xorvatiyalı Mislav Orşiçin ''Trabzonspor'' karyerası başa çatıb.

Klubdan verilən rəsmi açıqlamada təcrübəli futbolçu ilə müqavilənin qarşılıqlı şəkildə ləğv olunduğu qeyd olunub. 31 yaşlı vingerin Türkiyə karyerası olduqca uğursuz alındı.

DÇ-2022-də Xorvatiyanın heyətində çıxış edən və hətta qol da vuran Orşiç ''Trabzonspor''a 2023-ün yayında 2,4 milyon avroya ''Sauthempton''dan böyük ümidlərlə gəlmişdi. Amma hazırlıq dönəmində onun diz bağı qopduğu üçün Orşiç uzun müddətə sıradan çıxdı və yalnız bu ilin aprelində meydanlara döndü. Cari mövsümdə isə o heç cür özünü yaxşı tərəfdən göstərə bilmədi.

Noyabrın ortalarında baş məşqçi Şenol Günəşin qərarı ilə Orşiç daha 3 futbolçu - Stefano Densvil, Enis Bardi və Umut Bozokla birlikdə əsas komandadan kənarlaşdırılmışdı. Bu futbolçu həmin vaxtdan bu yana yalnız fərdi şəkildə məşq edirdi. Orşiç Türkiyədə olduğu ilyarımlıq müddətdə cəmi 16 rəsmi oyuna çıxaraq qol vura bilmədi və aktivinə yalnız 1 məhsuldar ötürmə yazdı.

Türkiyə mətbuatının yazdığına görə yaxın müddətdə ''Trabzonspor''da heyətlə bağlı çox ciddi dəyişikliklər yaşanacaq. Çünki komanda tarixinin ən zəif mövsümlərindən birini keçirir. Orşiçlə yanaşı heyətdən kənarlaşdırılan digər 3 futbolçu ilə də yaxın müddətdə yollar ayrılacaq. Amma ''təmizləmə əməliyyatı'' bununla bitməyəcək. Mərkəz müdafiəçisi Hüseyin Türkmən, sağ müdafiəçi Sərkan Asan və çox az oynayan digər xorbatiyalı sol müdafiəçi Borna Barışiçlə də yollar ayrılacaq. Bu 7 futbolçudan başqa rumıniyalı vinger Denis Draquş və ingiltərəli yarımmüdafiəçi Con Lundstram da ''qara siyahı''ya düşə bilər.

ƏLİ

Избранный
17
football-plus.az

1Источники