London, 22 dekabr, AZƏRTAC
Böyük Britaniya ordusunun hərbçiləri yayda tətbiq edilən 6 faizlik əməkhaqqı artımına baxmayaraq, ordudan kütləvi şəkildə ayrılmağa davam edirlər.
AZƏRTAC xəbər verir ki, oktyabr ayına qədər olan 1 il ərzində silahlı qüvvələri 15 min 119 nəfər tərk edib. Onlardan 7778 nəfəri könüllü çıxış kateqoriyasına daxil edilib, yəni öz istəkləri ilə ordudan ayrılıblar. Bu müddətdə orduya cəmi 12 mindən bir qədər çox yeni şəxsin cəlb edilməsi nəticəsində ordunun ümumi sayı azalıb. Hazırda Böyük Britaniyada hər min nəfərə cəmi iki hərbçi düşür ki, bu da indiyə qədər qeydə alınan ən aşağı göstəricidir. Hökumət hərbi personalın işdən ayrılmasının qarşısını almaq üçün iyul ayında son 22 ildə ən böyük əməkhaqqı artımı elan etmişdi. Bununla yanaşı, istedadlı kadrları saxlamaq məqsədilə əlavə ödənişlər də tətbiq edilmişdi. Lakin son statistikalar göstərir ki, bu tədbirlər yetərli olmayıb. Yeni qoşulan hərbçilər hələ də Böyük Britaniyada ən aşağı maaş alan dövlət qulluqçuları sırasındadırlar. Məlumatlara görə, ordudakı sıravi əsgərlərin real əməkhaqqı 2011-ci ildən bəri cəmi 1.9 faiz artıb. Bu göstərici yeni işə başlayan gənc həkimlər üçün 13.39 faiz, qatar maşinistləri üçün isə 10.14 faiz olub.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London