RU

Milli maraqların təmin edilməsinə əsaslanan müstəqil xarici siyasət

Müstəqil xarici siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirməyə,inkişaf etdirməyə və ölkənin milli mənafelərini qorumağa yönəldilmişdir. Yenidən müstəqilliyini qazanmış Azərbaycanın xarici siyasətində dünya dövlətləri və əsas beynəlxalq təşkilatlarla əlaqələrin qurulması,bu əlaqələrin daha da genişlənməsi, Azərbaycan Respublikasının beynəlxalq münasibətlərdə nüfuzlu dövlətə və etibarlı tərəfdaşa çevrilməsi,ölkənin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin,ilk növbədə ona qarşı Ermənistan Respublikası tərəfindən edilmiş təcavüzün aradan qaldırılması kimi həyati əhəmiyyətli məsələlər,eyni zamanda regional səviyyədə bölgədə əmin-amanlıq və sabitliyin bərqərar edilməsi əsas prioritetlərdən hesab olunur.

Əsasında Azərbaycan Respublikasının milli maraqlarının qorunması dayanan xarici siyasət kursunun formalaşması və həyata keçirilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.1993-cü ildə Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Respublikasının xarici siyasəti yenidən quruldu və keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yeritməyə başladı. Bu illərdə Ermənistanın davam edən təcavüzünün qarşısının alınması,Azərbaycana qarşı informasiya blokadasının yarılması, keçmiş münaqişə ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev çox böyük rol oynadı. Onun apardığı çoxşaxəli və geniş xarici siyasət nəticəsində mühüm diplomatik nailiyyətlər qazanılmış,həm regional,həm də beynəlxalq arenada böyük nailiyyətlər əldə olunmuşdur. Azərbaycanın dünya dövlətləri içərisində beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi,dünyanın aparıcı dövlətləri və qonşu ölkələrlə münasibətlərin inkişaf etdirilməsi və keçmiş münaqişənin Azərbaycanın milli mənafeyinə uyğun şəkildə həll olunması, itirilmiş torpaqların geri qaytarılması kimi əhəmiyyət kəsb edən məsələlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilmişdir. 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə təmin etdi. Bu əməliyyatların nəticəsində Azərbaycan bölgədə əsas aktora çevrildi,həm hərbi,həm siyasi,həm də iqtisadi baxımdan öz gücünü nümayiş etdirdi. Şübhəsiz ki,bu uğurlar vaxtilə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və hazırda dövlət başçısı İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun məntiqi nəticələridir. Bu siyasətin təməli sülh,beynəlxalq hüquq normalarına,sərhədlərin bütövlüyünə və toxunulmazlığına,dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı faydalı əməkdaşlıq kimi əsas prinsiplərdən ibarətdir.

Bildiyimiz kimi,2024-cü ilin noyabr ayında Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etdi.COP29 iqlim sammiti həm Azərbaycan,həm də ümumilikdə dünya üçün uğurlu beynəlxalq tədbir kimi yaddaşda qaldı.Dünya üçün böyük əhəmiyyət daşıyan bu sammit öz müsbət nəticələri ilə başa çatdı və yekunda qəbul olunan qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi.Bu tədbirdə təkcə iqlim dəyişikliyi ilə bağlı aktual məsələlərin müzakirəsi platforması kimi yox, həm də ölkələrin haqq səslərinin eşidilməsi,onların birgə əməkdaşlıq şəbəkələri qurması baxımından da əhəmiyyətli oldu. Nəhayət,Azərbaycanı istəməyən,Azərbaycanın beynəlxalq təşəbbüslərlə çıxış etməsindən narahat olan,bəşəriyyətin qarşısında duran problemlərin məsuliyyətindən yaxa qurtarmağa çalışan bəzi ölkələrin konfransın işinə kölgə salmaq məqsədilə həyata keçirdikləri genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyalarına baxmayaraq,Azərbaycan sərf etdiyi böyük əmək nəticəsində COP29 tədbirində tarixi nəticələr əldə etməyə müvəffəq oldu. Azərbaycanın müstəqil xarici siyasəti onun həm regional,həm də beynəlxalq arenada tam müstəqil aktor kimi qəbul edilməsinə səbəb olmuşdur. Bu siyasət milli maraqların qorunmasını prioritet hesab etməklə yanaşı, balanslaşdırılmış yanaşmaya və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır. Azərbaycan beynəlxalq münasibətlərdə öz mövqeyini qoruyub saxlayaraq, müstəqilliyini daha da gücləndirməyə nail olmuşdur.

Zümrüd Əliyeva,
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi,
YAP Xətai rayon təşkilatının könüllüsü

Избранный
20
ikisahil.az

1Источники