RU

“Birbank” QR biletlərin istifadəsini niyə 10 saniyəyə qədər azaldıb?..

10 saniyəlik ödəniş zaman kəsimi hansı zərurətdən yaranıb və hansı prinsipə görə istifadə olunmayan QR biletlərinin pulu geri qaytarılmır?..

Öncə 5 dəqiqə, sonra 50 saniyə, daha sonra 30 saniyə, indi isə 10 saniyə...

Sərnişinlərin “Kapital bank”ın “Birbank” kartı vasitəsi ilə şəhərdaxili ictimai nəqliyyat vasitələrində ödəniş etmək imkanı qazanmaları əslində insanlara çox rahatlıq qazandırıb və qeyd edək ki, “Bakıkart”ın veb səhifəsi artıq aylardır ki, işləmədiyinə görə “Birbank” kartının bu yeni funksiyası sərnişinləri problemlər yaşamaqdan azad edib.

Amma nədənsə sözügedən nəqliyyat vasitələrində “Kapital bank”ın “Birbank” kartı ilə ödəniş edərkən, sərnişinlər müddət problemi ilə üzləşirlər. Qeyd edək ki, bununla bağlı saytımıza ünvanlanan şikayətlər artmaqdadır.

Xatırladaq ki, son zamanlar ictimai nəqliyyat vasitələrində “Kapital bank”ın “Birbank” kartı ilə ödəniş edərkən QR bileti cəmi 10 saniyə müddətində aktiv olur. Bu zaman isə növbəylə ictimai nəqliyyat vasitələrinə minmək istəyən sərnişinlər üçün çox vaxt yetərli olmur. 10 saniyəlik müddət bitdikdə isə sərnişin məcburən yeni QR bileti almaq məcburiyyətində qalır.

Açığı qeyd etməliyik ki, nəqliyyat vasitələrində “Birbank” kartı ilə ödəniş etmək üçün cəmi 10 saniyə vaxt ayrılması heç bir məntiqə sığmır. Bir tərəfdən də bu qədər qısa müddət şəhərdaxili marşrut avtobuslarına minərkən rahatsızlıq və basırıq yaradır.

Xatırladaq ki, ictimai nəqliyyat vasitələrində “Birbank” kartı ilə ödəniş etmək üçün ilk mərhələdə 5 dəqiqə zaman ayrılmışdı və bu, normal və məntiqli idi. Sonra həmin zaman 50 saniyəyə, daha sonra 30 saniyəyə, indi isə 10 saniyə qədər endirilib.

Məsələnin ən aktual və anlaşılmaz tərəflərindən biri də odur ki, “Birbank” istifadə olunmayan QR biletlərinin pulunu balansa qaytarmır. 

Qeyd edək ki, məsələ ilə bağlı “Kapital Bank”dan aylar öncə verilən açıqlamada bildirilirdi ki, istifadəsiz biletlərə xərclənən pul əvvəllər 2 saat ərzində geri qaytarılırdısa, bundan sonra 3-30 gün ərzində müştəriyə ödəniləcək. Lakin bizə müraciət edən vətəndaşlar istifadə olunmayan QR biletlərin pullarını aylardır ki, kartın balansına qaytarılmadığını bildirirlər.

Biz çox saylı sərnişinlər adından xahiş edirik ki, “Kapital bank” və “Bakıkart” bununla bağlı məntiqli bir açıqlama versin. Ən azından 10 saniyəlik ödəniş müddəti hansı zərurətdən yaranıb və hansı prinsipə görə istifadə olunmayan QR biletlərinin pulu bu qədər gec ödənilir, ya da mənimsənilir?

Başqa bir sual da odur ki, istifadə olunmayan QR biletlərinin geri qaytarılmayan pulu “Kapital bank”ın, yoxsa “Bakıkart”ın balansında qalır? Əgər istifadə olunmayan QR biletlərinin geri qaytarılmayan vəsaitləri “Bakıkart”ın balansında qalırsa, o zaman “Kapital bank” “Bakıkart”ın bu qanunsuzluğuna niyə vasitəçilik edir?..

Poliqon.info

Избранный
7
poliqon.info

1Источники