RU

“Təhsildə maliyyə çatışmazlığı həm də ayrılan resursların səmərəsiz xərclənməsi ilə bağlıdır...”-EKSPERT

“2009-2013-cü illərdə, 5 il ərzində biz Boloniya prosesinə qoşulmalıydıq. Amma ali məktəblərdə həmin müddət ərzində heç bir iş görülmədi. Ona görə ki, bununla əlaqəli heç bir maliyyə ayrılmadı...”
 
“2009-cu ildə mənim də çalışdığım ADPU-nun rektorluğunda “2009-2013-cü illərdə ali təhsil məkanının Avropa təhsil məkanına inteqrasiyası” adlı dövlət proqramının universitetdə icrası ilə əlaqədar tədbirlər planı hazırlamaq üçün toplaşmışdıq. Yəni Təhsil Nazliyi həmin proqramla bağlı bütün universitetlərdən, o cümlədən də bizdən 5 il ərzində görəcəyimiz işlərin tədbirlər planını tələb edirdi. Mən müşavirədə sual verdim ki, sözügedən proqramla bağlı dövlətin ayırdığı puldan bizim universitetə hansı məbləğ ayrılacaq- biz də ona uyğun görəcəyimiz işlərimizi, aparacağımız islahatları layihələndirək”. 
 
Bunu Moderator.az-a açıqlamasında “Təhsil sahəsində hansısa dövlət proqramlarının həyata keçirilməsində özünüz bilavasitə bir alim, müəllim, təhsil mütəxəssisi kimi iştirakçı və ya müşahidəçi olmusunuzmu və hansı nəticələrə gəlmisiniz” sualını cavablandırarkən tanınmış təhsil eksperti İlham Əhmədov söyləyib. 
 
“Mən o dövrdə ADPU-da İKT mərkəzinin direktoru idim. Və  məlumdur ki, İKT sahəsində istənilən layihə böyük maliyyə tələb edir. Ona görə də biz ayrılacaq məbləği öncədən bilməli idik. Eynilə universitetin digər strukturları da bu haqda məlumatlandırılmalıyıdı. Ancaq bizə heç bir məlumat verilməmişdi. Ona görə də konkret bir təklif verə bilmədik, şəxsən mən də öz sahəmlə bağlı heç bir təklif yazmadım. Bəzi digər strukturlar nəsə yazsalar da... 5 il ərzində təbii ki, bizdə, eləcə də digər universitetlərdə bu proqram çərçivəsində heç bir iş görülmədi. Və həmin müddət keçəndən sonra Nazlirlik bizə yenidən məktub yolladı ki, 5 il öncə yazdığınız tədbirlər planına uyğun gördüyünüz işlər barədə bizə hesabat təqdim edin. Bununla bağlı yenə də rektorun yanında yığışdıq. Mən dedim ki, heç bir iş görməmişəm, çünki yalnız həmin işlər üçün maliyyə ayrılsaydı, nəsə edə bilərdik, mən də öncədən anladım ki, heç bir maliyyə ayrılmır. Eyni ilə digər struktur bölmələr və digər universitetlər faktiki heç bir iş görmədilər. Yəni 2009-2013-cü illərdə, 5 il ərzində biz Boloniya prosesinə qoşulmalıydıq. Amma ali məktəblərdə həmin müddət ərzində heç bir iş görülmədi. Ona görə ki, bununla əlaqəli heç bir maliyyə ayrılmadı. Dünyanın heç bir ölkəsində təhsil müəssisələri, o cümlədən universitetlər maliyyəsiz islahat apara bilməz. Bu, aksiomadır. Adi bir futbolçunun buraya gəlib-getməsi üçün maliyyə lazımdırsa, 50 universitetin islahat aparması üçün nə qədər vəsait lazım olduğunu təsəvvür etmək çətin deyil. Və maliyyənin çatışmazlığı da, təbii ki, həm də təhsil üçün ayrılan resursların səmərəsiz xərclənməsi ilə bağlıdır”, - deyə mütəxəssis yekunlaşdırıb.
 
Sultan Laçın
 
Избранный
10
moderator.az

1Источники