RU

Biznes mühitinin müxtəlif sahələrinə dair icmal hazırlanıb

Bakı, 23 dekabr, AZƏRTAC

Biznes mühitinin müxtəlif sahələrinə dair qanunvericilik normaları və elektron dövlət xidmətləri barədə zəruri məlumatların əks olunduğu icmal hazırlanaraq nəşr olunub.

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Elektrik təchizatı şəbəkələrinə qoşulma işçi qrupundan AZƏRTAC-a verilən məlumata görə, icmalın müvafiq bölmələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın aidiyyəti dövlət qurumlarının rəhbərlik etdiyi işçi qrupları tərəfindən tərtib olunub. Biznes sahələri üzrə qanunvericilik və inzibatçılıqla bağlı maraqlı tərəflərin məlumatlılıq səviyyəsinin artırılması məqsədilə icmalın bəzi hissələri təqdim edilir.

Elektrik təchizatı şəbəkəsinə qoşulma

Elektrik təchizatı şəbəkəsinə (ETŞ) qoşulma üzrə müraciət “Azərişıq” ASC tərəfindən yaradılmış informasiya sistemi, habelə birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçirilir. Bunun üçün vətəndaşlar https://e-gov.az/ portalı və ya https://e-ervice.azerishiq.az/ saytı üzərindən müraciət edə bilərlər.

Qanunvericiliyə əsasən, məişət abonentlərinin və tələb olunan gücü 200 kVt-a qədər olan (200 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin ETŞ-yə qoşulması sifarişçinin müraciət etdiyi tarixdən etibarən 20 gündən gec olmayaraq təmin edilir.

Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin məbləğləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinin tənzimlənməsi barədə" 2024-cü il 3 iyun tarixli 4 nömrəli Qərarı ilə müəyyən olunub.

“Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixli 14 nömrəli Qərarına əsasən, ölkədə qeyri-əhali istehlakçı qrupu (bu Qərarın 8-ci bəndində göstərilən istehlakçılar istisna olmaqla), o cümlədən ticarət və xidmət üzrə elektrik enerjisinin pərakəndə satış tarifi bir kilovat-saata görə 11 qəpik, digərləri üzrə isə 10 qəpik müəyyən edilib.

Əhali istehlakçı qrupu üzrə elektrik enerjisinin pərakəndə satış tarifi aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün bir kilovat-saata görə 8 qəpik, aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün bir kilovat-saata görə 9 qəpik, aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün bir kilovat-saata görə 13 qəpik müəyyən olunub.

Paytaxt Bakı şəhəri üzrə 2023-cü il ərzində orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranmış fasilənin müddəti (SAIDI) 0,852 saat təşkil edib. Ötən il ərzində orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranmış fasilənin sayı isə (SAIFI) 0,924 dəfə olub. 2022-ci il ərzində SAIDI göstəricisi 0,818 saat, SAIFI göstəricisi isə 0,924 dəfə olub. Bu göstəricilər əvvəlki illərlə müqayisədə həm müddət, həm də say baxımından aşağıdır. Bunun başlıca səbəbi son illərdə Bakı şəhərini paylayıcı şəbəkəsində olan 110 və 35 kV-luq yarımstansiyaların tikilərək tam yenidən qurulması, paytaxtın demək 90 faizindən artıq ərazisində yeraltı kabelləşmə işinin həyata keçirilməsi, dairəvi elektrik təchizat sxemlərinin yaradılması və şəbəkələrin əks-qəza avtomatikasına qoşulmasıdır.

“Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, tikinti obyektinin qoşulduğu ötürücü və ya paylayıcı şəbəkədən asılı olaraq məişət istehlakçıları üçün sayğaclar müvafiq olaraq ötürücü və ya paylayıcı sistem operatorunun vəsaiti hesabına, qeyri-məişət istehlakçıları üçün isə sayğaclar istehlakçının vəsaiti hesabına müvafiq olaraq ötürücü və ya paylayıcı sistem operatoru tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir.

Bu mövzuda daha ətraflı məlumatla Biznes mühitinin müxtəlif sahələrinin tənzimlənməsi çərçivələri və elektron xidmətlər barədə İcmal sənədində (səhifə 2–3) tanış ola bilərsiniz.

Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Elektrik təchizatı şəbəkələrinə qoşulma işçi qrupuna Azərbaycan Respublikasının Energetika Nazirliyi rəhbərlik edir (https://azranking.az/working-groups).

 

Избранный
15
azertag.az

1Источники