RU

“Qalib Azərbaycan” II Hüquq Olimpiadasının final mərhələsi keçirilib - Foto

Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) ilə Hüquq və İnsan Haqları İnstitutunun (HİHİ) birgə təşkilatçılığı ilə dekabrın 21-də Prezident İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadasının final mərhələsi keçirilib.

“Ölkə.Az” xəbər verir ki, Ali Məhkəmənin inzibati binasında təşkil olunan Olimpiadanın həlledici mərhələsindən öncə Ali Məhkəmənin sədr müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Çingiz Əsgərov açılış nitqi ilə çıxış edib.

Qeyd edib ki, ölkədə gənclərə hər zaman dəstək göstərilir, bu cür yarışların təşkili də hüquqşünaslıq peşəsinə böyük töhfə olacaq. Həmçinin bildirilib ki, Olimpiadaya təşkilati dəstək göstərən “Femida Könüllüləri" təşkilatı Ali Məhkəməndə fəaliyyət göstərən bir qrup könüllü gəncin təşəbbüsü ilə təsis edilib.

Tədbirdə ARVK-nın sədri Anar Bağırov çıxış edərək Azərbaycanda hüquq sahəsində təşkil olunan yarışların əhəmiyyətini vurğulayıb. Sədr Kollegiyanın dəstəyi ilə keçirilən yarışmaya ilk dəfə Qarabağ Universitetinin qoşulduğunu bildirərək Olimpiadanın nəticələrindən asılı olmayaraq, bütün komanda üzvlərinin sonda mükafatlandırılacağını söyləyib.

Sonra tədbirdə HİHİ İdarə Heyətinin sədri Məhəmməd Quluzadə intellektual və savadlı gəncliyin yetişdirilməsi işində bu cür yarışların rolu, gənclərin öz bilik və bacarıqlarını inkişaf etdirməsi üçün geniş şəraitlərin yaradılması barədə danışıb.

Vəkillər Kollegiyası Akademiyasının rektoru, professor Əmir Əliyev və "Kəngərli və partnyorları" Vəkil Bürosunun müdiri İsmayıl Kəngərli final müsabiqəsinin reqlamenti və qaydalarını izah ediblər.

Həmçinin Olimpiadada qiymətləndirmə üzrə münsiflər heyəti qismində iştirak edən hakimlər qiymətləndirmə prosesində fəal iştiraklarına görə sertifikatlarla təltif olunublar.

Daha sonra Olimpiadanın final turuna start verilib və hər bir komandaya 3 saat ərzində cavablandırılması üçün konstitusiya hüququ, cinayət hüququ, habelə mülki hüquq sahəsi üzrə olmaqla, 3 kazus təqdim edilib.

Eyni zamanda, Olimpiadada iştirak edən komandaların kapitanları arasında növbəti yarış keçirilib. Bu yarışda Prezident İlham Əliyevin beynəlxalq və dövlətdaxili fəaliyyətinin müxtəlif aspektləri üzrə tələbələrin ictimai-siyasi və hüquqi biliklərini yoxlamaqla əhatə edilən 20 sual komandaların kapitanlarına təqdim edilib.

Komandalararası yarışda mümkün maksimal bal 130, komanda kapitanlarının yarışı üzrə mümkün maksimal bal isə 20 bal olub.

Olimpiadanın yekun nəticələrinə əsasən, komandalararası yarışda Daxili İşlər Nazirliyi (DİN) Polis Akademiyası I yer (118 bal), Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Heydər Əliyev adına Akademiyası II yer (114 bal) və Dövlət İdarəçilik Akademiyası isə III yerə (113,25 bal) layiq görülüb.

Komanda kapitanları arasında keçirilən yarışın nəticələrinə görə isə DTX Heydər Əliyev adına Akademiyası I (20 bal), Dövlət İdarəçilik Akademiyası II (12 bal) və Dövlət Gömrük Komitəsinin Gömrük Akademiyası ilə Qarabağ Universiteti III (10 bal) olub.

Qeyd edək ki, məqsədi Konstitusiya hüququ, cinayət hüququ və mülki hüquq sahəsində tələbələrin bilik və bacarıqlarının müəyyən edilməsi, o cümlədən inkişafı olan Hüquq Olimpiadasının digər turları 30 noyabr və 14 dekabr tarixlərində uğurla təşkil olunub. Olimpiadada ölkə üzrə bütün hüquq fakültələrinin - ADA Universiteti, Dövlət İdarəçilik Akademiyası, DİN Polis Akademiyası, DTX Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük Komitəsinin Gömrük Akademiyası, Bakı Dövlət Universiteti, Qarabağ Universiteti, Milli Aviasiya Akademiyası, Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin komandaları yarışıb.

Избранный
9
8
olke.az

10Источники