RU

Bu il neft sənayemizdə ən yadda qalan hadisələr – MÜSAHİBƏ – I HİSSƏ

Cari il başa çatmaq üzrədir. Yola saldığımız ildə Azərbaycanın enerji həyatı rəngarəngliyi ilə yadda qaldı, bir xeyli maraqlı hadisələr yaşandı.

Sözügedən məqamlarla bağlı “Caspian Barrel” Neft Araşdırmaları mərkəzinin rəhbəri İlham Şabanın Bizim.Media-ya müsahibəsini təqdim edirik:
 

MÖVZU İLƏ BAĞLI:

“Qara qızıl”dan “yaşıl enerji”yə KEÇİD – Neftdən asılılıq necə AZALDILIR? – İlham Şabanın ŞƏRHİ


- İlham bəy, ölkəmizin enerji həyatının 2024-cü ildəki ən mühüm hadisəsi Sizcə nə oldu?

- Təkcə ilin enerji hadisəsi kimi yox, elə Azərbaycanın iqtisadi-siyasi həyatının ən mühüm hadisəsi olaraq COP29 (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını) kimi mötəbər bir tədbirin uğurla yekunlaşdırılmasını qeyd etmək olar. Bu uğur isə təkcə qısa müddətdə ev sahibliyi qismində bütün təşkilatı işlərin yüksək səviyyədə keçirilməsi ilə deyil, həm də bu miqyasda ölkəmizdə keçirilən ilk beynəlxalq tədbirin iqlim dəyişikliklərinin fəsadlarının aradan qaldırılması yolunda əldə edilən nəticə ilə bağlı oldu.

Çünki Bakıda keçirilən bu tədbirdə məhz Azərbaycanın səyləri nəticəsində inkişaf etmiş ölkələrlə onların indiyə qədər apardıqları siyasət nəticəsində inkişafda xeyli geridə qalmış ölkələr arasında bir razılaşmanın əsası qoyuldu.

Rəsmi Bakı ötən il Dubayda keçirilmiş COP28-in əldə etdiyi nailiyyətləri (iqlim dəyişiklikləri nəticəsində Yer kürəsinin qızmasının 1,5 dərəcə temperatur səviyyəsindən yuxarı qalxmamasını təmin etmək məqsədi ilə ənənəvi enerji mənbələrindən istifadənin 2050-ci ildən dayandırılması) inkişaf etdirərək bu hədəfə çatmaq üçün “COP29-da nə etməli?” sualının cavabını ortaya qoydu.  Yəni inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollarlıq iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi tarixi sənədi qəbul edildi.

Bu sənəd 2035-ci ilə qədər hər il azı 300 milyard dollar vəsaitin inkişaf etmiş ölkələr tərəfindən səfərbər olunmasını ortaya qoydu. Nəticədə Bakıda əldə olunan nailiyyətlər hesabına növbəti, COP30 tədbirində həmin vəsaitin hansı mexanizm əsasında xərclənməsi ilə praktiki addımların atılmasına yol açmış olduq.

Mən COP29-u təkcə bir iqlim-enerji hadisəsi kimi ölkəmizin həyatındakı hadisələrlə çərçivələmək istəmirəm. Bu il müstəqillik dövrü tariximizdə ilk dəfə olaraq ərazi bütövlüyü və suveren hüquqları bərpa olunmuş Azərbaycan Respublikası ərazisində həm Prezident, həm də parlament seçkiləri baş tutdu və bu seçkilərin nəticəsi bundan sonrakı tarixi mərhələdə Azərbaycanın yeni inkişafının təyin edilməsinə yol açdı.

Bu baxımdan da BMT çətiri altında dövlətlərin bu tədbirin yekun sənədlərinə imza atması həm də Azərbaycanın öz suverenliyi uğrunda 3 onillik ərzində apardığı gərgin mübarizənin nəticələrinin beynəlxalq aləmdə qeydsiz-şərtsiz tanınması kimi bir uğur idi.

- İndi keçək “qara qızılımıza”: neft sektorunda vəziyyət necədir və ili necə başa vururuq?

- Məncə, başa çatan ilin ən gözlənilməz enerji hadisəsi elə neftimizlə yadda qalacaq. Çünki onunla bağlı olan və ümumilkdə yaşanan əhval-ruhiyyəni pozitivliyə doğru dəyişəcək hadisə elə bu günlərdə baş verdi. Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibəsində diqqəti Azərbaycanın neft ehtiyatlarının kifayət qədər artımına çəkdi.

“30 il ərzində bizim işlətdiyimiz neft yatağı, yeni hesablanmış ehtiyatlara görə, 500 milyon tondan bir milyard yarım tona qədər artmışdır”, deyə Azərbaycan Prezidenti vurğuladı.

Düzdür, dövlət başçısı müsahibəsində həmin yatağın adını çəkməsə də, amma bunun “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinsulu hissəsini əhatə edən “Əsrin Müqaviləsi” olduğu gün kimi aydındır. Çünki məhz 30 il öncə hüquqi qüvvəyə minmiş bu müqavilə üzrə 511 milyon ton neft ehtiyatının olması güman edilirdi. Amma yataqların sonrakı işlənmə dövründə onun ehtiyatlarının daha çox olması üzə çıxdı.

Qeyd edim ki, XXI əsrin əvvəlində AÇG-də neft ehtiyatlarının daha çox olduğu aşkarladı – yəni ehtiyatların həcmi təqribən 200 milyon artdı. AÇG-də tammiqyaslı işlənmə üzrə hasilat başlayandan (2005-ci ildən) sonra quyulardan alınan məlumatlar ona deməyə əsas verdi ki, blokun ehtiyatları daha da çoxdur və aparılan yeni qiymətləndirmə nəticəsində çıxarıla bilən neft ehtiyatlarının həcmi 930 milyon tona qədər yüksəldi. Amma bu, bp-nin (layihənin operatoru) geoloqlarının qiymətləndirməsi idi.

Azərbaycan Dövlət Neft Şirkətinin mütəxəssisləri, başda əfsanəvi geoloq, SOCAR-ın birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə başda olmaqla belə hesab edirdilər ki, AÇG-nin ehtiyatları bundan daha çox həcmdədir.

- Bəs indi ehtiyatların kifayət qədər artımı nəyin hesabına baş verdi? Axı, bununla bağlı hansısa yönəldici məlumatlar belə gündəmə gəlməmişdi?

- Bəli, elədir. Amma bu cür məlumatların ictimailəşdirilməsi də heç də asan məsələ deyil. Çünki birbaşa enerji təhlükəsizliyi və ətrafda cərəyan edən hadislələrlə bu və ya digər şəkildə əlaqəli olur.

Qeyd edim ki, ötən il bp və tərəfdaşları “Azəri-Çıraq-Günəşli” müqavilə sahəsində yatağın daha dərin qatlarında təbii qaz ehtiyatlarının həcmini müəyyənləşdirmək məqsədi ilə yeni qiymətləndirmə quyusunun qazılmasını həyata keçirdilər. Nəticədə, kommersiya baxımından işlənə biləcək təqribən 120 milyard kubmetr həcmində ehtiyatların olması üzə çıxdı. Və bu qiymətləndirmə quyusu zamanı o da məlum oldu ki, təbii qaz layları təkcə dərin hissədə yerləşmir, onun daha az dərinlikdə olan layları da mövcuddur. Həmçinin bu laylar arası hissədə neftin toplandığı yeni sahələrin olması aşkar edilmişdi.

Mənim zənnimcə, aparılan əlavə tədqiqat işləri və alınan məlumatların daha dəqiq emalı nəticəsində həqiqətən də AÇG-də yeni ehtiyatların olduğu aşkar edilib.

- Həmin yataqlardan isə artıq 600 milyon tondan çox neft çıxarmışıq...

- Bəli, “Azəri-Çıraq-Günəşli” həqiqətən unikal bir karbohidrogen yataqlar blokudur. Hazırda müqavilə sahəsində 9 platforma - 7 hasilat və 2 texnoloji platforma fəaliyyətdədir. Buradakı “ACE” platformasından apreldə ilk neftin çıxarılmasını neft sənayemizdəki uğur kimi qiymətləndirmək olar. Çünki onun sayəsində artıq hasilatın azalma tempini cilovlamaq mümkün olub.

AÇG-də hasilat başlayan tarixdən (7 noyabr 1997-ci il) cari ilin dekabrınadək 600,1 milyon ton neft hasil edilib. İlin sonuna bu həcmlər 601,5 milyon tonadək yüksəlməsi gözlənilir. Azərbaycan müstəqilliyini 1991-ci ilin oktyabrında bərpa etdikdən 2025-ci ilədək hasil edilmiş maye karbohidrogenlərin (neft + kondensat) həcmi isə təqribən 926 milyon tondan çox olmslıdır. Yəni müstəqilliyimizin 33 ili ərzində hasil etdiyimiz “qara qızılın” 65%-i məhz “əsrin müqaviləsi” hesabına gerçəkləşmiş olacaq.

AÇG müqavilə sahəsindən 500 milyonuncu ton neft isə düz 5 il əvvəl – 2019-cu ilin dekabrında çıxarılmışdı. Bundan 11 il əvvəl isə ilk 100 milyonuncu ton nefti çıxartmaq mümkün olmuşdu.

Görürsünüzmü, 16 ildən bir qədər artıq müddətdə AÇG Azərbaycan üçün yarım milyard ton neft bəxş etməyə qadir olan bir “neft çəlləyi” olub və bir az əvvələ qədər hesab edilirdi ki, artıq özünün “qocalıq” dövrünü yaşayır. Amma göründüyü kimi, hələ qarşıda çox işlər var və neftimiz Azərbaycan iqtisadiyyatının “gəlirli” sahəsi kimi öz mövqelərini asanlıqla digərlərinə vermək niyyətində deyil.

Məhz bu səbəbdən də Azərbaycan Prezidenti İlham Əliyev hələ 2017-ci il sentyabrın 14-də “Azəri-Çıraq-Günəşli” müqaviləsi”nin müddətinin 2050-ci ilə qədər uzadılması mərasimində “Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız ilk növbədə iqtisadi imkanlarımızdan qaynaqlanır, bunları da bizə “Əsrin müqaviləsi” yaratdı” fikrini bəyan etməsi həm ölkəmizə AÇG-nin gətirdiyi real qazancın və onun geniş potensialını özündə ehtiva edirdi.  

- Bəs “Əsrin müqaviləsi” üzrə indiyə qədər əldə edilən gəlirlərimiz nə qədər yəşkil edib?

- Təkcə Azərbaycan dövlətinin “Azəri-Çıraq-Günəşli” layihəsindən əldə etdiyi mənfəət (Azərbaycan Respublikası Dövlət Neft Fondunda toplanan məbləğ) 1 dekabr 2024-cü il tarixinə 178,1 milyard dollardan çox olub (bunun 5 milyard 725,4 milyon dolları cari ilin yanvar-noyabr aylarında əldə edilib). Neft Fondunun neft-qaz gəlirlərindən indiyə qədər əldə etdiyi gəlirlərin 92%-dən çoxu məhz “Əsrin müqaviləsi”nin nailiyyətləri hesabına mümkün olub. Bu vəsaitlər isə yeni imkanlar açıb. Neft Fondu əlində olan vəsaitlərin idarə dilməsi hesabına əlavə olaraq daha 14 milyard dollara yaxın gəlir əldə edə bilib.

​- Azərbaycanın AÇG-dən qazancı 14 milyard dollar olub?

- Neft Fonduna daxilolmalar yalnız birbaşa dövlətin əldə etdiyi gəlirlərdir, təbii ki, Azərbaycanın AÇG-dən qazancı təkcə bu gəlirlərlə məhdudlaşmır, digər birbaşa və dolayısı ilə olan gəlir mənbələri də mövcuddur:

1) Hökumətin hər il layihə çərçivəsində əldə etdiyi gəlirlər. Bunlar vergi şəklində Dövlət Vergi Xidmətinə edilən ödəmələrdir. İndiyə qədər AÇG-dən gələn verginin miqdarı bircə dəfə ictimaiyyət üçün açıqlanıb – 2017-ci ilin oktyabrında “Əsrin müqaviləsi”nin müddəti uzadılan zaman ona edilən dəyişikliklərin Milli Məclisdə təsdiqi üzrə aparılan müzakirələrdə. O zamanı bildirilmişdi ki,  AÇG müqaviləsi çərçivəsində indiyə qədər 14,4 milyard dollar mənfət vergisi ödənilib.

2) Dövlət Neft Şirkətinin (SOCAR) müqavilədəki pay hesabına əldə etdiyi mənfəət (2017-ci ilin birinci yarısınadək bu mənfəətin məbləği 5,9 milyard dollar olub.

Amma ölkəmizin AÇG-dən qazancı baxımından bu da son deyil. Belə ki, Dövlət Sosial Müdafiə Fonduna edilən ödəmələr də var. Bundan əlavə “Azəri-Çıraq-Günəşli” müqaviləsi üzrə podrat və subpodrat işlərinin yerinə yetirilməsi üzrə həm dövlətə məxsus şirkətlər, həm səhmdar cəmiyyətlər, həm də özəl yerli şirkətlər gəlir və mənfəət əldə edirlər.

Ardı var...

Bizim.Media 

Избранный
20
1
bizim.media

2Источники