RU

Almaniyada çətin dövr: 100 mindən çox işçi işsiz qala bilər

Almaniya şirkətləri çətin iqtisadiyyat və zəif tələb səbəbindən işçilərin ixtisarını sürətləndirib.

Marja.az xəbər verir ki, bu il “Fortune 500 Europe” siyahısında yer alan Almaniya şirkətlərinin əksəriyyəti ölkənin istehsal sektorunda çalışan 100 mindən çox işçini ixtisar etməyi planlaşdırdıqlarını açıqlayıblar.

Bosch, Volkswagen, Thyssenkrupp, Deutsche Bahn və Siemens Covid-19 sonrası iqtisadiyyatda yaşanan çətinliklər ilə əlaqədar olaraq artan xərclər və aşağı gəlirlilik ilə mübarizə aparmaq üçün genişmiqyaslı ixtisat aparacaq şirkətlər arasındadır.

Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyanın "onurğa sütununu" təşkil edən şirkətlər, artan enerji qiymətləri və ixracdan asılı Almaniya iqtisadiyyatında xüsusi problem olan xarici tələbatın azalması səbəbindən çətinlik çəkirlər. 

Almaniya sənayesi zəifləyir

Almaniya iqtisadiyyatı, xüsusən də regionun digər ölkələrinə nisbətən daha böyük rol oynayan istehsal sektorunda davamlı zəiflik səbəbindən kövrək olaraq qalır.

İlin ikinci rübündə 0,3 faiz kiçilən ölkə iqtisadiyyatı üçüncü rübdə 0,2 faiz artım qeyd edərək texniki tənəzzüldən qaçıb.

Bununla belə, istehsal sektoru Almaniya iqtisadiyyatının beşdə birindən çoxunu təşkil edir və ixracdan asılı olan Almaniyanın istehsal sənayesi qlobal iqtisadiyyatın yavaşlaması, Çin rəqabətinin artması və Rusiya-Ukrayna müharibəsindən sonra yüksək enerji qiymətlərindən mənfi təsir görür.

Almaniyada istehsal sənayesinin satınalma menecerləri indeksi (PMI) 2022-ci ilin əvvəlindən durğunluq içindədir. Ölkədə istehsal sənayesi PMI göstəricisi uzun müddətdir fəaliyyətlərdəki artımı göstərən 50 bənd səviyyəsindən aşağı qalsa da, iqtisadiyyatdakı qeyri-müəyyənlik səbəbindən fabriklərdə işdən çıxarılmalar artır.

Rusiya-Ukrayna müharibəsindən sonra Avrozonada artan inflyasiyaya qarşı artan faiz dərəcələri alman şirkətlərinin sərmayə yatırmaq istəyini azaltsa da, Çin və Türkiyə başda olmaqla bir çox ölkənin Almaniyadan idxal olunan malları getdikcə daha çox istehsal edə bilmələri də Alman sənayesinin tənəzzüldən çıxmasını çətinləşdirir.

Bosch-dann 5 min 500 nəfəri işdən çıxarma qərarı

Avtomobil sənayesinin mühüm tədarükçülərindən biri olan Bosch bu yaxınlarda Almaniyada kütləvi ixtisarlara qoşulub. Şirkət dünya üzrə avtomobil bölməsində 5500 nəfəri işdən çıxarmaq qərarına gəlib. Bundan əlavə, Bosch, istehsal müəssisələrində qısa iş saatlarının tətbiq ediləcəyini açıqlayıb.

Almaniyanın avtomobil sənayesi tədarükçüsü Schaeffler noyabrın 5-də avtomobil istehsalçılarının zəif tələbi səbəbindən yenidən strukturlaşacağını və Avropada 2800-ü Almaniyada olmaqla ümumilikdə 4700 nəfəri işdən çıxaracağını açıqlayıb Schaeffler həmçinin Avstriya və İngiltərədəki zavodlarını bağlamağı planlaşdırır.

Avropanın ən böyük avtomobil istehsalçısı Volkswagen də oktyabrın 28-də Almaniyada ən azı üç zavodunu bağlamağı və genişmiqyaslı ixtisarlar etməyi planlaşdırdığını açıqlayıb.

Şirkət tarixinin ən böyük xərc və struktur böhranı ilə mübarizə aparan Volkswagen, apardığı çətin danışıqlardan sonra Almaniyada 35 min nəfəri işdən çıxarmaq üçün həmkarlar ittifaqı ilə razılığa gəlib.

ThyssenKrupp 11 min nəfəri işdən çıxaracaq

Almaniyanın polad istehsalçısı və texnologiya şirkəti ThyssenKrupp tərəfindən 25 noyabrda verilən açıqlamada, 2030-cu ilə qədər polad bölməsində 5 min nəfərin işdən çıxarılmasının planlaşdırıldığı qeyd edilib.

Bundan əlavə, şirkət kommersiya fəaliyyətinin xarici xidmət təminatçılarına transfer yolu ilə daha 6 min nəfəri işdən çıxarmağı planlaşdırdığını açıqlayıb. Alman polad şirkəti istehsal gücünün 11,5 milyon tondan 8,7 milyon tona qədər azaldılmasını da nəzərdə tutur. ThyssenKrupp Steel Europe şirkətinin 27 min işçisi var.

Yük maşını istehsalçısı Daimler avqust ayında iş yerlərinin dondurulacağını və işçilərin iş saatlarının azalacağını, xüsusən də Almaniyadakı fabriklərinə təsir edəcəyini açıqlamışdır.

Siemens AG-nin sədri və baş icraçı direktoru (CEO) Roland Buş noyabrın 14-də elan edib ki, şirkət avtomatlaşdırma işində davam edən zəiflik səbəbindən bütün dünyada iş yerlərini ixtisar edə bilər. 

Almaniyada yerləşən Deutsche Bank da bir neçə il ərzində xərclərini 500 milyon avro azaltmaq üçün 800 nəfəri işdən çıxarmaq qərarına gəlib.

Digər alman avtomobil istehsalçıları bu günə qədər işçilərin ixtisarları ilə bağlı ehtiyatlı davransalar da, Mercedes-Benz noyabr ayında növbəti illərdə illik xərcləri bir neçə milyard avro azaltmağı planlaşdırdığını açıqlamışdır. Şirkət işçi qüvvəsinin ixtisarının da bu strategiyanın bir hissəsi olduğunu vurğulayıb.

Mercedes-Benz Group AG-nin Baş Maliyyə Direktoru Harald Wilhelm oktyabrın 25-də 3-cü rübün maliyyə nəticələrinin hədəflərə çatmadığını, daha çox xərclərə və səmərəliliyə diqqət yetirəcəklərini bildirib.

Almaniyada şirkətlərin məşğulluq tendensiyası azalmaqda davam edir

Almaniyada Almaniya İqtisadi Tədqiqatlar İnstitutu (Ifo) Məşğulluq Barometri, sifarişlərin olmaması və iqtisadi böhranın təsiri səbəbindən dekabr ayında Covid-19 epidemiyasının baş verdiyi 2020-ci ilin iyulundan bəri ən aşağı bala düşüb.

Ifo açıqlamasında bildirib: "Demək olar ki, bütün sektorlar işçilərin ixtisarını düşünür. Ən çox təsirlənənlər metal sənayesi və avtomobil istehsalçıları və təchizatçılarıdır". 

“Made in Germany” anlayışı ilə bahalı ixrac” biznes modeli artıq işləmir

Struktur problemlərinin də iqtisadiyyatı tormozladığı Almaniyada bir vaxtlar uğurlu olan “Ucuz enerji və ara malı idxal edin, emal edin və “Made in Germany” anlayışı ilə yüksək keyfiyyətli mal kimi baha qiymətə ixrac edin” başlıqlı iş modeli artıq işləmir.

Covid-19 pandemiyası, təchizat zəncirinin pozulması və Rusiya-Ukrayna müharibəsi kimi çoxsaylı son böhranlar Almaniya iqtisadiyyatının zəif tərəflərini üzə çıxarıb, ölkə geosiyasi problemlərin, iqlim dəyişikliyinin, durğun iqtisadiyyatın aradan qaldırılmasında bir sıra problemlərlə üzləşir. Demoqrafik problemlər də diqqəti cəlb edir.

Bildirilir ki, Almaniya hələ də “özünün yaratdığı bürokratiya, qaydalar və prosedurlar altında əzilir”.

Almaniya iqtisadiyyatı "çox az investisiya, həddindən artıq bürokratiya və həddindən artıq yüksək yerləşmə xərcləri" ilə sıxışdırıldığı halda, daxili və xarici siyasi qarışıqlıqlar fonunda Avropada və beynəlxalq miqyasda geri qalır. Qloballaşmaya və ucuz enerji mənbələrinə arxalanaraq tarixən daha yüksək əməkhaqqı və həyat standartlarını təmin edən Almaniyanın iqtisadi inkişaf modeli struktur problemlərlə və geosiyasi risklərlə üzləşir.

Qlobal ticarətdə proteksionizm artsa və Rusiya-Ukrayna müharibəsi enerji xərclərini artırsa da, Almaniyanın real ÜDM artımı Covid-19-dan bəri G7-nin ən aşağı hissəsində qalır. İqtisadiyyatda ABŞ və Çindən ticarət asılılığı, yüksək enerji qiymətləri, qeyri-kafi investisiya və pisləşən demoqrafik şərait kimi problemlər var.

İxracdan asılı olan və ölkənin ÜDM-nin az qala 30 faizini təşkil edən Almaniya sənayesi Rusiya-Ukrayna müharibəsindən sonra qlobal iqtisadiyyatın yavaşlaması, Çin rəqabətinin artması və yüksək enerji qiymətlərindən mənfi təsirlənir.

Çin "yeni Almaniya" olub

ING-nin Qlobal Makro Tədqiqat üzrə və Almaniyanın baş iqtisadçısı Karsten Brzeski məsələni dəyərləndirərkən deyib: 

“Çinin ən azı istehsalatda “yeni Almaniya”ya çevrildiyi bir dünyada Almaniyanın köhnə makro biznes modeli ucuz enerji və asanlıqla əldə edilə bilən böyük ixrac bazarları artıq işləmir”.

Избранный
10
marja.az

1Источники