RU

"Rabitəbank"dan kiber yolla 194 min manat oğurluq etməkdə təqsirləndirilən dəstənin məhkəmə işi 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmir Rüstəmovun sədrliyi ilə Cinayət Məcəlləsinin 177.3.2, 178.2.2, 178.2.4 və 271.2.2-ci maddələri ilə təqsirləndirilən şəxslər Qulami Novruz Firuz oğlu, Rüstəmzadə Cavanşir Məhiyəddin oğlu və Əsədov Mehman Tahir oğlunun məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

"Unikal"ın məlumatına görə, ilk olaraq hakim təqsirləndirilən şəxslərin anket məlumatlarını dəqiqləşdirib. Sonra Mehman Əsədovun vəkili müvəkkilinin ev dustaqlığı ilə bağlı vəsatət verib. Onunla əsaslandırıb ki, Mehman Əsədov onkoloji xəstədir. Hakim heyəti müşavirə otağından qayıtdıqdan sonra vəsatəti təmin etməyib. Belə əsaslandırıb ki, Mehman Əsədov əvvəllərdə analoji cinayətlə məhkum olunub.

Sonra dövlət ittihamçısı Ziya Mansurov ittiham aktını elan edib. Məlum olub ki, Cavanşir Rüstəmzadə özünü bəzi vətəndaşlara Elm və Təhsil Nazirliyinin əməkdaşı təqdim edərək xeyli miqdarda dələduzluq edib. 

Cavanşir Rüstəmzadə özünü oğurluq və kompüter sistemlərinə müdaxilə maddələri ilə təqsirli bilməyib. 

Mehman Əsədov və Novruz Qulami özlərini baş vermiş cinayətlərdə təqsirli bilməyiblər. 

Cinayət işində ümumi dəymiş ziyanın miqdarı 194 min manatdır. İttiham aktına görə, 5 nəfər şəxs və "Rabitəbank" ASC zərərçəkmiş qismində tanınıb.
İlk olaraq təqsirləndirilən şəxs Mehman Əsədov ifadə verib: "Cavanşirlə məni ortaq bir dostumuz tanış edib. Mən Cavanşiri bitkoinlə bağlı Peren adlı bir türk qadınla tanış etdim. Cavanşir həmin qadına bitkoin satdı. Mən bu gün elədiyim cinayətə görə cəza çəkmirəm. Bu cinayət mənlik deyil. Bizim işimiz bitkoin satmaq olub. Mənə bitkoin satışından 5 min 800 manat məbləğ verilib. Banka hansı ziyan dəyib, hara ödənilib o pullar. 
Zərərçəkmiş "Rabitəbank"ın nümayəndəsi Mehman Əsədova bəzi suallar ünvanladı. 

Cavanşir Rüstəmzadə ifadə verərək bildirdi ki, Əli adlı tanışı ona bitkoininin satışını görə müraciət edib. Mən də Mehmanla görüşdüm və o türk qadınla əlaqələndirdi. Qadın mənim kartıma pul göndərdi. Biz isə həmin bitkoini həmin qadına göndərməli idik. Buna görə, Rabitəbanka getdim və 3 bank kartı götürdüm, komissiya çox tutulmasın deyənə. Sonra yenə bitkoin satmaq lazım oldu və telefon dükanında işçim olan Novruza dedim get Rabitəbankdan 3 kartda sən öz adına aç. O da açdı, mən də 3 faiz Mehmana, 3 faiz özümə, 1faizdə Novruza verdim. Rabitəbanka heç bir Maddi ziyan dəyməyib, sadəcə nüfuzumuza zərər dəyib. Qayınatam şəhid atasıdır, Bankın sədri Aydın müəllimlə görüşmək istəyiblər, ancaq imkan verməyiblər. Mən 178-ci maddə ilə bağlı heç kimə özümü nazirliyin əməkdaşı kimi təqdim etməmişəm. Mən orkus işi ilə əlaqədar Türkiyəyə getdim, orada bir müddət qaldıq sonra getdim Rusiyaya, orada tutuldum, ekstradisiya elədilər".

Növbəti təqsirləndirilən şəxs Novruz Qulami ifadə verərək bildirdi ki, Cavanşirlə dost olmuşam: "Öz adıma açılan 3  kartı vermişdim Cavanşirə. Ümumilikdə mən öz kartlarımdan 2-3 min manat pul çıxarmışam, mənə 300-400 manat pul verib. Çoxunu Cavanşir özü çıxardırdı. Ümumi 80 min manatdan çox kartlarımdan pul çıxarılıb. İstintaqda verdiyim ifadəni təsdiq etmirəm. Orada mənə müəyyən təzyiqlər olub, döyüblər".

Məhkəmə prosesi yanvar ayının 8-nə kimi təxirə salındı.

Araşdırmalarla müəyyən olunub ki, M.Əsədov vətəndaşlara məxsus kartların məlumatlarını müxtəlif üsul və vasitələrlə əldə edib. Sonradan o, kartlarda olan külli miqdarda pul vəsaitini Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürüb. Pul vəsaitləri müxtəlif bankomatlarda nağdlaşdırılaraq saxlanılan şəxslər arasında bölünüb.

Dəstə üzvləri həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə ediblər. Saxlanılanların istifadələrində olan kompüter avadanlıqlarına və məlumat daşıyıcılarına baxış zamanı çoxsaylı elektron sübutlar və digər dəlillər müəyyən edilərək götürülüb.

Seymur Əli

Избранный
12
unikal.az

1Источники