Bu il TƏBİB-ə daxil olan vətəndaş müraciətlərinin sayı və onların strukturlaşmış şəkildə cavablandırılması, həmçinin minnətdarlıq məktubları və təşəkkür zənglərinin artımı müşahidə edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında çıxışı zamanı söyləyib.
O qeyd edib ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində TƏBİB-ə elektron sənəd dövriyyəsi sistemi üzərindən və kağız daşıyıcıda ümumilikdə 24 min 265 vətəndaş müraciəti (birbaşa vətəndaşlardan və təşkilatlardan vətəndaşla bağlı) daxil olub: “Bu müraciətlərdən 13 min 120-si ərizə, 11 min 117-si şikayət, 28-i isə təklif olub. TƏBİB-in rəsmi elektron poçt ünvanına isə 23 min 247 müraciət daxil olub. Bu ilin 11 ayı ərzində TƏBİB-də 5 561 vətəndaşın qəbul edilməsi təmin olunub. Çağrı xidməti şöbəsinə daxil olan müraciətlərin sayı isə 101 min 853 olub”.