RU

On bir ayda dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 142,7 milyon manat vəsait daxil olub

Bakı, 23 dekabr, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin 11 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 142,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə 108,4 milyon manat vəsait daxil olub. Dövlət əmlakının icarəyə verilməsi sahəsində də işlər davam etdirilib. Həmin dövr ərzində qeyri-yaşayış sahələrinə dair 571 yeni icarə müqaviləsi bağlanılıb. Bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 6,5 milyon manat vəsaitin ödənilməsi təmin olunub. Eyni zamanda, torpaq sahəsinə dair 3152 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 27,8 milyon manat məbləğində vəsait daxil olub.

Ümumilikdə isə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2024-cü ilin müvafiq dövründə 3723 yeni icarə müqaviləsi bağlanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bağlanan müqavilələrin sayı 17,1 faiz artıb.

Cari ilin yanvar-noyabr ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 34,3 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz artım qeydə alınıb.

Beləliklə, 2024-cü ilin yanvar-noyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 142,7 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artım qeydə alınıb.

Избранный
8
2
azertag.az

3Источники