Reyting.az xəbər verir ki, bunu Panama prezidenti Xose Raul Mulino Donald Trampın Panama kanalının ABŞ-a qaytarılmasını tələb edə biləcəyi ilə bağlı deyilənlərə cavabında bildirib.
Qeyd edək ki, ABŞ-nın yeni seçilmiş prezidenti D. Tramp Panamanı kanaldan istifadəyə görə həddindən artıq yüksək ödənişlər almaqda ittiham edib. Onun sözlərinə görə, kanal düzgün idarə olunmasa, onu ABŞ-a qaytarmağa çalışacaq.
Prezident Mulino isə deyib: “Vətəndaşlarım, bir prezident kimi, birmənalı olaraq bildirmək istəyirəm ki, Panama kanalı və ona bağlı bütün ərazilər, onun hər kvadratmetri Panamadır. Ölkəmizin suverenliyi və müstəqilliyi müzakirə edilə bilməz. Panama kanalı Panamaya məxsusdur və belə də qalacaq”.
Kanalın aydın qaydalar çərçivəsində işlədildiyini vurğulayan Mulino əlavə edib ki, kanalın idarəetməsi təhlükəsiz, davamlı və peşəkar şəkildə həyata keçirilir.
“Tariflər özbaşına müəyyən edilmir. Bu ödənişlər bazar şəraiti, beynəlxalq rəqabət, istismar xərcləri və kanalın saxlanma və modernləşdirilmə ehtiyacları nəzərə alınmaqla açıq şəkildə müəyyən edilir”, - Mulino bildirib.
Mulino Panama kanalının birbaşa və ya dolayı yolla Çin, Avropa Birliyi, ABŞ və ya hər hansı digər güc tərəfindən idarə olunmadığını vurğulayıb. ELÇİN