RU

Ağsu xəstəxanasının həkimləri məhkəmə qarşısında - 126 min manat yeyinti var

Əlillik dərəcəsinin təyini və pensiyaların bərpası adı ilə vətəndaşların pulunu ələ keçirməkdə təqsdirləndirilən “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Hemodializ şöbəsinin rəisi Arif Talıbov və həmin şöbədə həkim-nefroloq vəzifəsində işləmiş Ehtibar Soltiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Ziya Mansurov ittiham aktını elan edib.
 
İttihama münasibət bildirən hər iki təqsirləndirilən şəxs özlərini qismən təqsirli biliblər.
 
Ehtibar Soltiyevin vəkili müvəkkili barəsində olan Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsinin həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilməsini istəyib. Digər təqsirləndirilən şəxsin vəkili də eyni tələblə vəsatət verib.
 
Məhkəmə vəsatətləri baxılmamış saxlayıb, məsələyə sonda qiymət veriləcəyi bildirilib.
 
Növbəti proses dekabrın 25-də davam edəcək.
 
Qeyd edək ki, “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Hemodializ şöbəsinin rəisi Talıbov Arif Atalı oğlu, həmin şöbədə həkim-nefroloq vəzifəsində işləmiş Soltiyev Ehtibar Şükrulla oğlu və digərlərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaq aparılır.
 
İstintaqla Ehtibar Soltiyevin Arif Talıbov və qeyriləri ilə qabaqcadan əlbir olaraq 2022-2023-cü illər ərzində əlillik dərəcəsinin təyin edilməsi və dayandırılmış pensiyanın bərpasına köməklik göstərilməsi ilə bağlı onlara müraciət etmiş ayrı-ayrı şəxslərin aldatma və etibardan sui-istifadə etmə yolu ilə ümumilikdə 126 min manatdan artıq pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
 
İstintaq tədbirləri nəticəsində cinayət işi üzrə vurulmuş ziyandan 120 min manatın ödənilməsi təmin edilib.
 
Toplanmış sübutlar əsasında Ehtibar Soltiyev və Arif Talıbova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə yekun ittiham elan edilib, barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. /Teleqraf.com/
 
Избранный
3
1
moderator.az

6Источники