RU

Heydər Əliyev məktəbinin ən uğurlu məzunu və Azərbaycanın müasir Öndəri

“Müasir dövrümüzdə çox nadir dövlət başçıları var ki, qlobal siyasi və hərbi gərginliklər fonunda ölkəsinin milli maraqlarını təkcə müdafiə etməsin, həm də xalqın, dövlətin istəklərini, missiyasını uğurla yerinə yetirsin. Qlobal güclərin yaratdıqları siyasi prosesləri düzgün analiz etmək, yaranan təlatümlərdən qalib çıxmaq üçün hər bir liderdən xüsusi siyasi səriştə, yüksək analitik qabiliyyət və uzaqgörənlik tələb olunur. Etiraf edək ki, dünyada bu kriteriyaları özündə cəmləşdirə bilən çox az siyasi lider vardır. Biz bunu dünya ölkələrindəki hərbi və siyasi çaxnaşmaların qurbanına çevrilən liderlərin timsalında aydın görə bilirik.  Təbii ki, qlobal güclər zaman-zaman Azərbaycanda da xaos yaratmaq, xalq-dövlət münasibətlərinə xələl gətirmək istəyiblər, daxili radikal qüvvələrdən yararlanmağa cəhd ediblər. Ən əsası Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda qələbəsinə mane olmaq, 44 günlük Vətən Müharibəsindən sonra Zəfərimizə kölgə salmaq üçün əllərindən gələni əsirgəmədilər. Amma məqsədlərinə çata bilmədilər. Çünki Azərbaycanı idarə edən siyasi lider ölkəmizə qarşı qurulan çirkin plan və oyunları pozmaq qabiliyyətinə malikdir. Cənab Prezidenti İlham Əliyevin Qarabağ Zəfərindən sonra yürütdüyü daxili və xarici siyasət sayəsində ölkəmizlə bağlı çirkin kampaniyalar, siyasətlər arxa plana keçdi”.

“İki sahil” xəbər verir ki, bunu bunu Azərbaycan Milli Məclisinin deputatı Mehriban Vəliyeva deyib.

Onun sözlərinə görə, bütün şüurlu ömrünü Azərbaycan xalqının rifahının yüksəlməsinə, dövlət və ölkəmizin dirçəlməsinə, müstəqilliyimizin möhkəmlənməsinə həsr edən cənab İlham Əliyevin  hakimiyyətdə olduğu  illər çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazılır: “Möhtərəm Prezident Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyi möhtəşəm layihələr, tədbirlər xalqımızın tam dəstəyini qazanıb. Müasir dünyanın çox mürəkkəb geostrateji bölgəsində yerləşən ölkəmizi layiqli şəkildə idarə edən Cənab Prezident siyasətdə, iqtisadiyyatda, hərb işində bir çox uğurlar əldə edib. Möhkəm siyasi iradəyə, siyasi biliyə, idarəçilik təcrübəsinə malik olan dövlətimizin başçısı həm də səmimi,  təvazökar, insanların qayğılarına həssas münasibət bəsləyən, yüksək mənəvi keyfiyyətlərə malik bir insandır. “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deyən Cənab İlham Əliyev vətəndaşların hər bir qayğısına həssaslıqla yanaşır. Dövlət başçımızın döyüş meydanında qətiyyətli siyasi lider, şəhid ailələri ilə görüşlərində isə kövrək ölkə rəhbəri təsiri bağışlaması onun dövlətə sadiqliyindən, xalqa məhəbbətindən xəbər verir. Prezident cənab İlham Əliyev hakimiyyətdə olduğu son 21 ildə xalqa verdiyi hər bir vədini şərəflə yerinə yetirib. 24 dekabrda doğulan Cənab Prezident heç vaxt özünə təmtəraqlı ad günü qeyd etməyib və bununla da bütün məmurlara nümunə göstərib. O, hər il öz ad gününü xalqla birlikdə, hansısa əlamətdar hadisəni qeyd etməklə keçirib. Prezident cənab İlham Əliyevin iki il öncə ad günündə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu barədə maraqlı açıqlaması olmuşdu. "Mən əvvəlki dövrdə adətən 24 dekabr günündə məcburi köçkünlərlə bir yerdə olurdum, doğum günümü heç vaxt qeyd etməmişəm, ancaq ailə üzvlərimlə qeyd etmişəm. Hesab edirəm ki, bugünkü gün istisna deyil, yenə də ailə üzvlərimlə birlikdə qeyd edirəm...Əlli yaşım olanda Ağcabədidə məcburi köçkünlərlə bir yerdə idim və onlara demişdim ki, gün gələcək, siz məni öz doğma diyarınızda qəbul edəcəksiniz, qarşılayacaqsınız, mən sizin diyarınıza qonaq gələcəyəm və o gün gəldi. O gündən doqquz il sonra biz artıq Şuşada idik, bayrağımız da Şuşada dalğalanırdı. Altmış yaşımı Cıdır düzündə qeyd etmişəm, ondan əvvəl azad edilmiş Hadrutda hərbi hissənin açılışında iştirak etmişəm”.  Hazırda dünyada bu cür üstün keyfiyyətlərə malik siyasi xadim tapmaq çox çətindir”. 

M.Vəliyeva onu da bildirdi ki, Cənab İlham Əliyevin təkcə 44 günlük Vətən Müharibəsində əldə etdiyi parlaq qələbə onun adının Azərbaycan tarixinə qızıl hərflərlə yazılmasına kifayət edir: “Hətta opponentləri də onun siyasi-diplomatik və sərkərdəlik məharətini etiraf edirlər. Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini dəyişdirən Cənab İlham Əliyevin əzmlə davam etdirdiyi quruculuq və inkişaf strategiyası Azərbaycanı daha da gücləndirir, inkişaf etdirir. Onun həyata keçirdiyi iqtisadi islahatlar sayəsində Azərbaycanda ümumi daxili məhsulun dəyəri 2003-cü ildə 7,1 milyard manat olduğu halda, 2023-ci ildə 123 milyard manat təşkil edib. 21 ildə ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM nominal ifadədə 22 dəfə artıb. Qeyri neft-qaz sektorunda ÜDM-in həcmi 2003-cü ildəki 4,4 milyard manatdan 70 milyard manata çatdırılıb. Dövlət büdcəsinin gəlirləri 2003-cü ildə 1 milyard 221 milyon manat idisə, 2023-cü ildə bu rəqəmin 34 milyard manata yaxın olub. Azərbaycan çoxəsrlik tarixində heç vaxt bu qədər güclü olmayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində ərazi bütövlyümüz təmin edildi”.

Azərbaycanın günü-gündən dünyada nüfuzunun artdığını qeyd edən M.Vəliyeva bildirdi ki, mötəbər tədbirlərin ölkəmizdə keçirilməsi, Bakının beynəlxalq təşkilatlara üzv qəbul edilməsi həm dövlətimizə olan etimaddan, həm də bilavasitə cənab Prezidentə olan inamdan, böyük hörmətdən irəli gəlir: “Dünyanın ən mötəbər tədbirlərindən biri olan BMT-nin iqlim konfransının - COP29-un ölkəmizdə keçirilməsinə razılığın verilməsi aparılan düzgün xatici siyasətin, diplomatiyamızın gücünün nəticəsidir. Bu sammit qlobal iqlim böhranının həlli istiqamətində qəbul olunan ciddi qərarlarla yanaşı, Bakının öz siyasətini, öz imkanlarını dünyaya təqdim etmək baxımından mühüm əhəmiyyət kəsb edir. 2024-cü ildə Azərbaycanın əldə etdiyi digər vacib uğurlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv qəbul edilməsidir. 19 dekabr tarixində Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı təşkilata üzv qəbul edilməsində Azərbaycanın namizədliyinə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeş tərəfindən dəstək göstərilməsi bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir. Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcəkdir. Ölkəmiz bütün bu etimadı məhz cənab Prezidentin yürütdüyü uzaqgörən siyasətin nəticəsində əldə edib”.

Deputatın sözlərinə görə, hazırda Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda bayrağımız əzəmətlə dalğalanır: “ 2022-ci il 16 noyabr tarixli Sərəncam ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən abadlıq-quruculuq işləri aparılır, otuz il yurd həsrəti ilə yaşayan keçmiş məcburi köçkün soydaşlarımız bu sevinc və fərəhlə dədə-baba yurdlarına qayıdırlar. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçirildi. Bu möhtəşəm nailiyyətlər Müzəffər Ali Baş Komandanımız, Prezidentimiz Cənab İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqı cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara imza atacaqdır. O, Heydər Əliyev məktəbinin ən uğurlu məzunu və Azərbaycanın müasir Öndəridir. Gücünü xalqdan alan Prezidentimizə 63-cü doğum günündə möhkəm cansağlığı, tükənməz enerji arzulayırıq”.

Избранный
11
3
ikisahil.az

6Источники