Devrilmiş Bəşər Əsəd rejiminin əsgərləri silahları ilə birlikdə Suriyanın yeni hökumətinə təsim olurlar.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Haber7” portalı məlumat yayıb.
Sayt yazır ki, paytaxt Dəməşqin Məzzə rayonunda yerləşən hərbi çağırış məntəqələri yeni administrasiya tərəfindən təhvil-təslim və şəxsiyyəti təsbitetmə mərkəzləri kimi istifadə olunur.
Mərkəzlərin girişində növbə gözləyənlər əllərində silah varsa, əvvəlcə onları təhvil verir, ardınca Bəşər Əsədin şəkli üzərinə ayaq basaraq binaya daxil olurlar.
Suriyanın yeni hökumətinin nümayəndələri mərkəzlərdə insanların kimlik məlumatları, harada yaşadıqları və rejim dövründə tutduqları vəzifələrin qeydlərini aparırlar. Çıxış zamanı onlara verilən sənədlərlə birlikdə fotoşəkilləri çəkilir.
Qeydiyyatdan keçənlərə üç ay müddətinə yeni şəxsiyyət vəsiqəsi verilir.
Suriya Daxili İşlər Nazirliyinin mərkəzdən məsul zabiti Vəlid Əbdurabu bu qurumların kemiş rejimin polis, ordu və təhlükəsizlik sistemləri üçün yaradıldığını bildirib. Həmin sistemlərin təmsilçiləri burada özlərini tanıdır, silah və nəqliyyat vasitələrini təhvil verirlər.
Əbdurabu deyib ki, mərkəzlərə təkcə hərbçilər və polislər yox, Əsəd rejiminin hərbiləşdirilmiş qüvvələr kimi istifadə etdiyi “Şəbbiha”nın üzvləri də gəlirlər.
Əbdurabu indiyədək Dəməşqdəki hər mərkəzə gündə təxminən 1200-1500 nəfərin müraciət etdiyini açıqlayıb:
“Əlləri qana batmayanlar buradan öz işlərinə, normal həyatlarına qayıda bilərlər. Bura gələnlər Suriya xalqının övladlarıdır. Rejim onları yolundan azdırmışdı. Biz yeni səhifə açmaq və yeni Suriya qurmaq istəyirik”.