RU

Ceyhun Bayramov Azərbaycan və Serbiyanın beynəlxalq hüququn selektiv tətbiqinə məruz qalmasından danışıb

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın Səfirlər Müşavirəsində Azərbaycan-Serbiya strateji tərəfdaşlığının siyasi, iqtisadi, enerji, humanitar aspektlərindən, iki ölkəni birləşdirən ümumi çağırışlar və bu çağırışlarla mübarizədə ortaq yanaşmadan danışıb.

Missiya.Az xəbər verir ki, iki ölkə arasında 30 ilə yaxın tarixi olan diplomatik münasibətlərin bu gün Azərbaycan və Serbiya rəhbərliyinin birbaşa iştirakı ilə özünü əməldə, çoxşahəli strateji tərəfdaşlıqda göstərdiyi qeyd olunub.

Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurası, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya, habelə siyasi məsləhətləşmələr mexanizminin əməkdaşlığın inkişafında vacib rolundan bəhs olunub.

İki ölkə arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın perspektivlərindən geniş şəkildə bəhs edilib, Azərbaycanın Avropada enerji diversifikasiyasının transformasiyasında oynadığı rolun əhəmiyyəti, o cümlədən cari ildə qaz ixracı sahəsində Serbiya ilə əməkdaşlığın nəticələr verməsi məmnunluqla qeyd olunub. Yaşıl enerji sahəsinin ölkənin prioritetlərindən biri olduğu, bu istiqamətdə Qara dəniz sualtı enerji kabeli layihəsi, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "yaşıl enerji" sahəsində strateji tərəfdaşlıq kimi təşəbbüslərin Xəzər və Qara dəniz hövzələrindən keçməklə Avropa və Mərkəzi Asiyanın əlaqələndirilməsində mühüm addımlar olduğu diqqətə çatdırılıb.

C.Bayramov həmçinin bu il ölkədə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələri barədə müşavirə iştirakçılarını ətraflı məlumatlandıraraq yeni iqlim maliyyəsi hədəfinin razılaşdırılması, Paris sazişinin 6-cı maddəsi üzrə danışıqların yekunlaşdırılması, İtki və Zərər Fondunun fəaliyyətə başlaması üçün hazır vəziyyətə gətirilməsi istiqamətində əldə olunan uğurların qlobal iqlim gündəliyində əhəmiyyətindən bəhs edib.

Azərbaycan və Serbiyanı birləşdirən ortaq xüsusiyyətlər qismində iki ölkə arasında ərazi ölçüsü, əhali sayı, xalqlar arasında mövcud tarixi bağlar ilə yanaşı, təxminən eyni tarixi dövrdə müstəqillik qazanan hər iki ölkənin beynəlxalq hüququn selektiv tətbiqinə məruz qaldığı, hər iki ölkənin ikili standartlar problemi ilə üzləşdiyi qeyd olunub.

İki ölkənin xarici aktorlara arxalanmamağın, geosiyasi qarşıdurmalarda tərəf olmamağın, manipulyasiya və müdaxilələrdən qaçınmaq üçün birbaşa danışıqlara üstünlük verilməsinin əhəmiyyətini anladığı qeyd edilib. Bu baxımdan, Azərbaycan və Serbiyanın xarici siyasətində eyni dəyərləri, xüsusilə ərazi bütövlüyü və suverenliyə daimi dəstəyi rəhbər tutmasının və bunun davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Tədbirdə Serbiyanın xarici işlər naziri Marko Curiç, XİN-in heyəti, xaricdəki səfirləri, habelə Serbiya parlamentinin sədri Ana Brnabiç iştirak edib.

Избранный
5
12
missiya.az

10Источники