RU

Arzu Əliyev Ramanada torpaq satmaqda ittiham olunur

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Kənd Təsərrüfatı Nazirliyi “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Abşeron Regional İdarəsinin rəisi vəzifəsində işləmiş Arzu Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, prosesdə Arzu Əliyevin vəkili Şaiq Mirzəyev vəsatətlə çıxış edib.

Vəkil müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət verib:

“Verilmiş ittihamın özü saxtadır, qondarmadır. Bu araşdırma başlayandan Arzu Əliyev daim çağırışlara gəlib. Daimi yaşayış yeri var, ailə başçısıdır, cəmiyyətdə tanınmış şəxsdir. Ürək-damar sisteminin xəstəliyindən əziyyət çəkir, sağlamlığı yerində deyil”.

Digər vəkil Elxan Azadəliyev çıxış edərək bildirib ki, Arzu Əliyev ibtidai istintaq dövründə heç bir zərərçəkən və yaxud şəhidlərə təsir göstərməyib:

“Prosessual Məcəllənin müvafiq bəndləri ilə onun hazırkı mərhələdə həbsdə qalmasına heç bir lüzum yoxdur. Onun həbsdə qalması qanunvericiliyin tələblərinə uyğun gəlmir. Hər hansı ağır cinayət törətməsi ehtimalı qalmaya-qalmaya Arzu Əliyevi həbsdə saxlayırlar”.

Müttəhim vəkilləri ilə razı olduğunu söyləyib.

Dövlət ittihamçısı hazırkı mərhələdə qətimkan tədbirinin dəyişdirilməsinə etiraz edib. Vəsatət təmin olunmayıb.

İstintaqla müəyyən olunub ki, 2019-2020-ci illər ərzində Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Abşeron Regional İdarəsinin rəisi vəzifəsində işləmiş Arzu Təvəkkül oğlu Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Rəhbərlik etdiyi qurumun balansında olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz olaraq çoxsaylı şəxslər tərəfindən zəbt olunmaqla tikinti işlərinin aparılmasına şərait yaradılması və himayədarlıq göstərilməsi müqabilində ayrı-ayrı şəxslərdən təkrarən külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı toplanmış sübutlar əsasında Arzu Əliyev Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı şəhərinin Ramana qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ayrı-ayrı şəxslər tərəfindən qanunsuz olaraq zəbt olunması və müvafiq tikinti işlərinin aparılmasına dair Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılır.

Proses dekabrın 28-də davam etdiriləcək.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Избранный
2
3
musavat.com

10Источники