RU

Ölüyə Quran oxumağın faydası varmı? - İLAHİYYATÇIDAN AÇIQLAMA

Tural İrfan: “bir şərtlə ki, oxunan surələr tərcümə edilsin, mənası anladılsın, qulaq asanlar ibrət ala bilsinlər...”

Ölüyə Quran oxutdurmaq düzgündürmü? Müsəlmanlar arasında bu məsələyə müxtəlif yanaşma var. Bəziləri düşünür ki, boş şeydir, ölü hara, quran oxumaq hara? Bəzi insanlar deyir ki, hədislərdə bu haqda məlumat yoxdur. Böyük əksəriyyət isə bunun vacib olduğunu bildirir.

Məsələ ilə bağlı “Hürriyyət”ə danışan ilahiyyatçı Tural İrfan bildirdi ki, Quran insanların hidayət olunması, oxuyub, anlayıb iman gətirməsi üçün nazil olub: “Lakin Quranın digər funksiyaları da var. Ümumiyyətlə, ibadət məqsədilə oxuna bilər. Eyni zamanda, vəfat etmiş müsəlmanların ruhuna hədiyyə etmək üçün də oxuna bilər. İlahi kitabı dünyəvi kitablardan fərqləndirən bir cəhət də budur. Bəziləri Quranı bəşəri kitab səviyyəsinə endirib, onun müqəddəsliyini inkar edir, hədislərlə eyni səviyyədə tuturlar. Ancaq Quranın özündə də bu kitabın hətta möminlərə mənəvi şəfa, rəhmət, ruziləndirən olduğu deyilir.

Doğrudur, Quran tibb kitabı, iqtisadiyyat dərsliyi, astronomiya, yaxud tarix kitabı deyil. Amma bu sahələri də özündə ehtiva edən ilahi əsərdir. “Ölüyə Quran oxumaq” bəzən ifadəsi yanlış anlaşılır. Radikal düşüncəli, sonradan xarici qüvvələr tərəfindən İslamı parçalamaq məqsədi ilə yaradılmış bəzi cərəyanlar manipulyasiya edərək, ölünün ruhuna bağışlanmaq üçün oxunan Quranı guya sanki ölü eşitsin, inansın deyə oxunurmuş kimi qələmə verərək, bunu da inkar edib, məsxərəyə qoyurlar. Bu, tamamilə yanıltmacdır”.

İlahiyyatçının fikirncə, kimsə ölmüş adama ona görə Quran oxumur ki, ölü eşidib iman gətirsin: “Quran bütün aləmlər üçündür. Bunu Allah özü həmin kitabda deyir. Ölülər aləmi də bu aləmlərdən biridir. Ruhlar yaşayır və eşidir, duyur. Çünki İslamın mahiyyəti insanın ruhən ölmədiyinə inamdır ki, axirətdə hamı diriləcək, hesab verəcək, ruhlara yenidən bədən geydiriləcək. Quranda şəhidlər barədə Allah buyurur ki, onlar ruzilənirlər. Sual yaranır: ölmüş adamlar necə ruzilənir? Demək, mənəvi qidadan söhbət gedir ki, onlara oxunan rəhmətdən, Qurandan, savab işlərdən və Allahın onlara əta etdiyi axirət nemətlərindən ruzilənirlər”.

Tural İrfanın sözlərinə görə, ölən adam can verərkən müxtəlif Quran surələri oxunub, ona təlqin edilə bilər ki, dünyadan imanlı köçsün: “Vəfat edəndən sonra da oxuna bilər ki, toplaşan insanlar dinləyib imanları yenilənsin, ölümdən ibrət alsınlar, təsirlənsinlər, axirəti yada salsınlar. Eyni zamanda, oxuyan şəxs Quran oxumaqdan hasil olan savabı mərhumun ruhuna bağışlayıb, hədiyyə edir ki, bu da ölü üçün savabdır.

Quranı natəmiz yerlər istisna olmaqla, istənilən yerdə oxumaq olar. Yəni məzarlıqda da, yas məclisində də, toyda da, nişanda da, elçilikdə də... Belə bir qadağa yoxdur ki, ölü olan yerdə, yaxud məzarlıqda Quran oxumaq olmaz. Əksinə, Quran insanlara ölümü, axirəti, öldükdən sonra dirilməni yada saldığı üçün, elə əsasən yas yerlərində, qəbir üstündə oxunmalıdır ki, adamların ruhunu silkələsin, dünyanın fani olduğunu xatırlatsın. Fəqət bir şərtlə ki, oxunan surələr tərcümə edilsin, mənası anladılsın, qulaq asanlar ibrət ala bilsinlər. Doğrudur, tərcümə olunmasa belə, ondan hasil olan savabın hədiyyə edilməsi də var. Amma mənası anladılsa, dirilər də ibrət alar, öyüd götürər”.

Aynurə MUSTAFAYEVA

Избранный
3
hurriyyet.az

1Источники