RU

Yenə “ağlayan” Ehtiram Quliyevin AFFA-dan kömək istəməyə haqqı varmı?

“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev yenidən bütün diqqətləri öz üzərinə çəkib.

O, “Neftçi”yə qarşı keçirilən Premyer Liqanın 18-ci turunun oyunundan (1:1) sonra verdiyi açıqlamalarla gündəm olub.

Bir neçə məsələ barədə danışan iş adamı Tovuz stadionunun süni meydançasının dəyişməsi üçün AFFA-dan kömək gözlədiyini bildirib, «bu istiqamətdə bir yenilik varmı» sualına cavabında deyib:

«⁠Xeyr, yoxdur. Sizin vasitənizlə yenidən AFFA-ya müraciət edirik ki, bizə dəstək olsalar, oyunlar təbii ot örtüyündə oynanılsa, zədələrimiz az olar, oyunların keyfiyyəti artar, azarkeşlər də bundan zövq alar.

Ona görə də biz təklifimizi yenidən təkrarlayırıq. Örtüyün dəyişdirilməsi üçün xərclərin 50 faizini sponsor şirkət öz üzərinə götürür. Digər 50 faiz xərc AFFA tərəfindən qarşılansa, xoşbəxt olarıq».

Gözlənildiyi kimi, Ehtiram Quliyevin bu açıqlamasına reaksiyalar birmənalı olmadı. Və ola da bilməzdi. Bu da təbiidir.

Başlıcası, «Turan Tovuz» Premyer Liqanın ən imkanlı klublarından biridir. Quliyevin idarəetməsindəki holdinq ölkənin tikinti bazarının ən böyük oyunçularından biridir.

Bakının yarısını dkmək olar onun şirkəti tikir. Sağlığına qismət, iri biznes infrastrukturu qurub, böyük dəstəyi var.

Quliyevə əla şərait yaradılıb ki, pul qazansın. O da biznesdə qazandığı vəsaitin bir qismini «Turan»a xərcləyir.

Əlbəttə, bu da bəs eləyir ki, klub Premyer Liqanın iddialıları sırasında yer alsın.

Ehtiram Quliyev cari mövsüm «Turan Tovuz»a milyonlarla büdcə ayırıb. Kurban Berdiyevə baş məşqçi olması üçün yüz minlərlə dollar verilib. futbolçu transferlərinə sərf edilən vəsait də dodaq uçurur.

Ötən sezonla müqayisədə bu il oyunçuların maaş fondu azı 2-3 dəfə artırılıb.

Hələ mükafat sistemi… Burada əməlli-başlı gəlhagəldir!

«Turan Tovuz» Premyer Liqada futbolçularına ən çox «ənam» paylayan klubdur. Bir qələbəyə görə təyin olunan məbləğ 50-100 min manat arasında dəyişir.

«Qarabağ», «Neftçi» və digər komandaların üzvləri hər həftə bu qədər pulu yalnız yuxusunda görə bilər. Quliyev isə rəqiblərin statusundan asılı olaraq, hər 3 xala görə kisənin ağzını geniş açır.

Çempionatda 18 tur arxada qalıb. «Turan Tovuz» 18 tur ərzində 32 xal toplayıb və turnir cədvəlinin üçüncü pilləsində «lövbər salıb».

Bölgə təmsilçisi ötən müddət ərzində 8 qələbə qazanıb, eyni sayda heç-heçə edib və cəmi 2 dəfə uduzub.

Səkkiz qalibiyyətə görə 50 min manatdan ortalama 400 min manat mükafat verilməsini təxmin edək. Digər oyunları da bura əlavə eləyək, görün, nə boyda pul gedib!

Təkcə mükafata görə «uf» demədən bir belə xərc çəkən Ehtiram Quliyevin AFFA-dan kömək istəməsi nə dərəcədə düzgündür?

Bu, mərhum Namiq Məstanovun, Nadir Nəbiyevin, Oqtay Abdullayevin zamanındakı «Turan Tovuz» deyil ki, federasiyadan yardım umsun.

Onda hamı bilirdi ki, klub məhdud imkanlarla fəaliyyət göstərir, adicə forma və məşq inventarı almağa pul tapmır, yeməkxanasının soyuducusu boşdur.

Elə vaxtlar olub, futbolçuları yüngül qidalarla təmin etməyə 5-10 manat tapmayıblar, gecə hamı ac yatıb.

Bugünkü «Turan Tovuz» isə pulu atanın gül balasıdır. Deyirsiz, AFFA yağ-bal içində üzən klubun stadionuna pul ayırsın indi? Qətiyyən bunu etməli deyillər.

Etsələr əgər, bütün probemli klublar töküləşəcək AFFA-nın üstünə, hərəsi bir şey istəyəcək, tələb edəcək. «Şamaxı», «Səbail», «Araz-Naxçıvan» və başqaları «mənim üçün də fila nişi gör» söyləsə, federasiya nə vəziyyətə düşər?

Bütün bu səbəblərdən AFFA-nın haqqı yoxdur ki, elita nümayəndələri arasında daha ayrı-seçkilik hallarına yol versin. Zamanında «Turan Tovuz» üçün çox iş görüblər, bəsdir.

«Turan Tovuz» hazırda sərbəst fəaliyyət göstərir, öz sponsoru var, maliyyə vəziyyəti də superdir - AFFA onlara niyə kömək eləsin axı?

Ehtiram Quliyev Berdiyevə, futbolçulara bu qədər maaş, mükafat verməsin, o puldan bir çimdik götürüb ayırsın meydanın dəyişdirilməsinə. Tovuzda ikinci bazanın, Kürdəxanıda böyük məşq meydançalarının, otelin tikintisinə milyonlarla vəsait tapa bilir, amma süni qazonu yeniləməyə 200-300 min manat tapa bilmir?

Ehtiram Quliyevin son açıqlamaları bu mənada yersiz və əsassızdır. Onun dedikləri ilə tanış olduqca, «Varlılar da ağlayır» serialı yada düşür.

İş adamı hər dəfə «AFFA-dan kömək gözləyirik» deməklə, deyəsən, məşhur serialın Azərbaycan versiyasının baş qəhrəmanı olmaq istəyir.

Öz aramızdır, ondan yaxşı aktyor çıxar…

ELNUR

Избранный
16
sportinfo.az

1Источники