RU

“Bütün dünyadan təcrid olunmuş Şimali Koreya rejimi amansız repressiyalar mexanizmi ilə qurulub...”

“Moskvanın Şimali Koreyadakı totalitar rejimin başına gətirdiyi ilk şəxs olan Kim İr Sen Koreya dilində normal danışa da bilmirmiş...”
 
“Ölkənin  futbol komandası gedib xaricdə uduzur və yerli informasiya kanalları onun məğlubiyyətini xalqa qələbə kimi sırıyır...”
 
Suriya xalqını totalitar irsi diktatura rejimində, amansız sosial əzab-əziyyət, zülm, həbslər, repressiyalar içərisində saxlayan 61 illik “BƏƏS”, 53 illik Əsəd rejimi nəhayət, çökdü. Və bundan sonra suriyalıların azad, demokratik, insan haqlarının qorunduğu, hüquqi, ədalətli bir dövlət qurmaq şansları böyükdür... 
 
Fəqət, təəssüf ki, Yer üzündə hələ də bir sıra diktatura, avtoritar, totalitar rejimlər Rusiya və Çin kimi iri totalitar dövlətlərin real dəstəyi, eləcə də Qərbin, Avropanın, ABŞ-nin bəzən səbatsız, ləng,  məntiqsiz, bəzən də öz maraqlarına uyğun çoxüzlü, riyakar siyasətləri nəticəsində mövcudluqlarını davam etdirirlər... 
 
Hazırda dünyadakı ən amansız totalitar, diktatura rejimlərindən biri də  “Xalq Demokratik Respublikası” adlanan Şimali Koreyadakı Kim Çen In rejimidir. Bəs  Şimali Koreyada eyni millətin Cənubda qurduğu sistemin tam əksinə olan belə totalitar qəddar bir rejim necə, hansı mexanizmlə, hansı mərhələlərlə quruldu, formalaşdı?  Burada yalnız SSRİ və Çinin rolu oldumu? Şimali Koreya rejiminin bu günədək çökməməsinin əsas səbəbləri nədir və ya səbəbkarları kimlərdir? Kim rejimi nə vaxt, hansı hallarda çökə bilər?  Və yaxud Kim rejimini kim yıxa bilər?..
 
Bu və ya digər suallara cavab tapmaq üçün Moderator.az oxucuları üçün siyasi təhlükəsizlik məsələləri üzrə analitik Ərəstun Oruclu ilə silsilə söhbətlərimizi təqdim edirik:
 
Sual:
 
-Şimali Koreyada eyni millətin Cənubda qurduğu sistemin tam əksinə olan belə totalitar qəddar bir rejim necə, hansı mexanizmlə, hansı mərhələlərlə quruldu, formalaşdı?  
 
Cavab:
 
-Koreyanın şimal hissəsində formalaşan totalitar rejim əslində 1950-1953-cü illərdəki Koreya müharibəsinin nəticəsi idi. Və əslində bu savaş, belə demək olarsa, şimaldan ölkəni dəstəkləyən SSRİ ilə cənubdan onu dəstəkləyən ABŞ arasındakı müharibə idi. Və ölkə bölündükdən sonra da Koreya yarımadasında eyni xalqın, eyni millətin, özü də sənədlərlə ən azı 3 minillik tarixə malik olması bəlli olan xalqın iki diametral zidd şərtlər şərçivəsində dövlət quruculuğuna gətirib çıxardı... 
Şimali Koreya rejimi, əlbəttə, ilkin olaraq SSRİ tərəfindən quruldu. Hətta Kim ailəsi sovet koreyalılarından idi. Məsələn, bu sülalənin başlanğıcını qoyan, daha doğrusu, Moskvanın Koreyadakı totalitar rejimin başına gətirdiyi şəxs olan Kim İr Sen Koreya dilində normal danışa da bilmirmiş... Ondan sonra da oğlu Kim Çen İr əvəz elədi, onun ardınca da İrin kiçik oğlu hazırkı Kim Çen In hakimiyyətə gəldi. Və çox maraqlıdır ki, Kim İr Sen özü, dediyim kimi, sovet koreyalısıydı. SSRİ-nin bir çox hissələrində; Uzaq Şərqdə, Sibirdə, hətta Mərkəzi Asiya respublikalarında Koreya icmaları formalaşmışdı. Qazaxıstanda isə onlar ayrı-ayrı kəndlər şəklində yaşayırdılar.  Amma, onlar, təbii ki, Koreya dilini bilmirdilər.  Kim İr Sen də bunlardan biri idi, o, adi kommunist idi və onu Şimali Koreyada hakimiyyətə gətirdilər... 
 
Öncə dediyimiz kimi, bu rejimin qurulmasında müstəsna rolu Sovet İttifaqı oynasa da, bu imperiya dağıldıqdan sonra faktiki olaraq rejimin dəstəkçisi kimi Çin qaldı. Çin də Koreya yarımadasının tam olaraq ABŞ tərəfinə keçməsində maraqlı deyildi.  Və onu bir mübadilə, siyasi  alver predmeti kimi istifadə etməyə başladı... 
 
Həmin dövrdə Şimali Koreya rejimi çox acınacaqlı vəziyyətə düşmüşdü. İqtisadiyyat bərbad durumda idi, insanlar faktiki olaraq acından ölürdülər...  
 
Bütün bunların nəticəsi olaraq bu gün Şimali Koreyada analoqu olmayan totalitar bir rejim mövcuddur. Orada insanlar robot kimi, qul kimi istifadə olunur. Adi bir misal, bu gün deyilənə görə, 12 minə yaxın koreyalı işğalçı Rusiya tərəfində  Ukraynaya qarşı döyüşür. Və Koreyada heç kəs soruşmur ki, koreyalıların gedib orada döyüşməsinə hansı əsas, hansı motiv var.  Səbəbi çox sadədir; Kim rejimi bu gün Rusiyaya silah satır, böyük sayda top mərmiləri satır və ən başlıcası da, o öz ordusunu, öz döyüşçülərini, vətəndaşlarını pula satır.  Və hər əsgərə görə Rusiyanın Şimali Koreya rejiminə ödədiyi pul həmin əsgərlərə, onların ailələrinə gedib çatmır, birbaşa həmin totalitar dövlətin kisəsinə gedir. Yəni dövlət orada o dərəcədə totalitardır ki, hətta stalinizm dövründə SSRİ-də də belə bir rejim yox idi... 
 
Yeri gəlmişkən, Kim rejimi yalnız sadə vətəndaşlara deyil, elə öz daxilində səhvə, günaha, cinayətə yol verən məmurlara, generallara qarşı son dərəcə amansızdır.  Onun yeganə vəzifəsi sülalənin  varlığını qorumaqdır. Bu gün də görünən odur ki, ölkəni idarə edən Kim Çen In və onun bacısıdır.  Bu, tipik ailə-tayfa rejimidir. Necə ki, məsələn, 50 ildən yuxarı Əsəd rejimi hökm sürdü, necə ki, başqa sovet və postsovet düşərgələrində ailədə bir-birini əvəzləmək prunsipi ilə hakimiyyət qurulur və o bir nəsildən o biri nəslə keçir, həmin prinsip Koreyada da işləyir...  
 
Fəqət, onu da nəzərə almaq lazımdır ki,  ümumiyyətlə, Koreya mədəniyyətində bir sərtlik var. Cənubi Koreyanın özündə də dövlət çox asan qurulmayıb.  Orada müharibədən sonrakı dövrdə 5 respublika quruluşunu 5 hərbi duktatura əvəzləyib. Yəni Cənubi Koreya da bugünkü inkişaf dövrünə gəlib çatanadək çox ağır yol keçib.  Səhv etmirəmsə,  indiyədək bu ölkənin 6 prezidenti olub, onlardan 5-i mühakimə olunub. Bu, təbii ki, xalqın  tarixindən mədəniyyətindən irəli gəlir. Bu elementi də nəzərə almaq lazımdır... 
 
Şimali Koreya rejiminin hansı mexanizmlə qurulmasına gəldikdə, məsələ burasındadır ki, o, müharibədən sonra qurulubdur. Və müharibədə də dominantlıq hərbi gücün əlində olub hər zaman... SSRİ də bundan istifadə edərək orada faktiki hərbi diktatura qurdu.  SSRİ-nin özündə heç vaxt hərbi diktatura mövcud olmayıb.  Amma məhz Şimali Koreyada hərbi diktatura sınaqdan keçirildi və çox uğurla da baş tutdu. Həmin diktatura rejiminin qurulmasında da amansız repressiya mexanizmlərindən istifadə olundu. Və bunların nəticəsi olaraq indi Kim rejimində insanlar, demək olar ki, bütün dünyadan təcrid olunmuş bir durumda yaşayırlar. Dünyada nə baş verdiyindən xəbərsizdirlər. Təsəvvür edin ki, ölkənin  futbol komandası gedib xaricdə uduzur və yerli informasiya kanalları onun məğlubiyyətini xalqa qələbə kimi sırıyır. Bu da bir daha onu sübut edir ki, Şimali Koreya tam təcrid olunubdur...
Təqdm etdi: 
 
Sultan Laçın
 
Избранный
18
moderator.az

1Источники