RU

Rusiyalı ekspert: Azərbaycan dövlətlərin suverenləşməsinə doğru qlobal kursun qurulması uğrunda mübarizə aparır

Moskva, 23 dekabr, AZƏRTAC

Bakıda COP29-a qarşı hibrid hücumlara dair Milli Məclis tərəfindən hazırlanmış hesabat BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçirilmiş 29-cu sessiyasının siyasi nəticələrini daha etibarlı şəkildə müəyyən etməyə imkan verir. Hazırkı qlobal geosiyasi vəziyyətdə qlobal iqlim gündəmində köklü yenilikləri nəzərdə tutan belə bir böyük hadisənin - 29-cu sessiyanın təşkilatçısına və bu yeniliklərin təşəbbüskarına hücumlar olmayacağını gözləmək mümkün deyildi, ona görə də COP29-u Bakıda keçirmək qərarından sonra sual yalnız ondan ibarət idi ki, Azərbaycanı gözdən salmaq üçün kim və necə kampaniya aparacaq?

Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində “Vestnik Kavkaza” informasiya-analitik agentliyinin baş direktorunun müavini Andrey Petrov bildirib.

“Hesabat əsasında əminliklə belə qənaətə gələ bilərik ki, COP29 ilə bağlı Azərbaycana qarşı iki qüvvə birləşib: erməni diasporunun millətçi dairələri və iqlim dəyişikliyi ilə mübarizədə həqiqətən iştirak etmək istəməyən Qərb isteblişmenti”, - deyə ekspert bildirib.

A.Petrovun sözlərinə görə, birincilər Azərbaycanda baş verən hər hansı tədbirə türkofobiya və Qarabağ müharibəsində sönməmiş qisas xəyallarını əsas tutaraq hücum edirlər.

“Maraqlıdır ki, Ermənistanın özündə revanşist əhvali-ruhiyyə kifayət qədər aşağı səviyyədədir, Nikol Paşinyan rejimi ordunu yenidən silahlandırmaqda davam edərkən Azərbaycan və Türkiyə ilə sərhədlərin və kommunikasiyaların açılmasına nail olmağa çalışır, lakin Xankəndidəki separatçı layihəni dəstəkləmək üçün otuz il ərzində yüz milyonlarla dollar xərcləyən diasporun Qarabağın yenidən erməni qoşunları tərəfindən işğalını görmək arzusu hələ də qalır. Təbii ki, erməni millətçiləri il boyu daha bir istiqamət üzrə anti-Azərbaycan əhvali-ruhiyyəsini süni şəkildə şişirtmək üçün COP29-dan bir səbəb kimi istifadə etməyə bilməzdilər: ekoloji mövzunun özü onlar üçün tamamilə əhəmiyyətsizdir, önəmli olan, yalanları Azərbaycan faktlarına üstün gələ biləcəyi ümidlə Azərbaycan haqqında saxta məlumatlar uydurmaq imkanlarıdır”, - deyə həmsöhbətimiz hesab edir.

Qərb siyasətçilərinə gəlincə, Petrovun fikrincə, Bakıda COP29-a qarşı dezinformasiya kampaniyalarında Qərb bir daha özünün əsl üzünü - inkişaf etməkdə olan ölkələrə guya sülhü xilas etmək üçün nə etməli və “düzgün” yaşamalı olacaqlarını təkəbbürlə əmr edən və özünü başqalarının üzərinə qoyulan öhdəliklərdən üstün tutan dünya jandarmının simasını göstərdi.

“Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi ilə bağlı təşəbbüsləri ehtimal edir ki, inkişaf etmiş ölkələr bu mübarizəyə həm öz sərvətlərinə, həm də qlobal ətraf mühitə vurduğu zərərə nisbətdə sərmayə qoymalıdırlar. Bakı tələb etdi - və COP29 iştirakçıları onunla razılaşdılar - Qərb başqalarına mühazirə oxumağı dayandırsın və özündən başlayaraq sözdən əmələ keçsin: qoy Yer kürəsini kim çirkləndirirsə, özü təmizləsin, eləcə də qlobal istiləşmə və okeanlarda suyun səviyyəsinin qalxması səbəbindən ölüm astanasında duran kiçik dövlətlərə kömək etsin”, - deyə ekspert qeyd edib.

A.Petrovun vurğuladığı kimi, kollektiv Qərb buna adət etdiyi şəkildə, yəni Qərb ölkələrinə tanış olan beynəlxalq münasibətlərin qlobal modelini dəyişməkdə israrlı olan Azərbaycana qarşı saxta ittihamlar axını ilə reaksiya verməyə bilməzdi, onların olduğu yerdə metropoliya, dünyanın qalan hissəsi isə müstəmləkədir.

“İnformasiya hücumlarının nə biri, nə də digər cəbhəsi Azərbaycana zərər vurmayıb - ilk növbədə, ona görə ki, Bakı bütün hərəkətlərində ədalətə və beynəlxalq normalara riayət etməyə çalışır və bunu bütün qeyri-Qərb dövlətləri, eləcə də Avropada bir sıra ağlı başında olan hökumətlər bəyənir”, - deyə A.Petrov bildirib. COP29 göstərdi ki, Bakı digər insanların maraqlarına və xarici siyasətin müstəmləkə strategiyalarına etinasızlıq gücünə əsaslanan ikili standartlara qarşı çıxmaqda tək deyil – onu öz suverenliyini müdafiə edən bütün beynəlxalq hüququn subyektləri dəstəkləyir. Bakını gözdən salmaq üçün aparılan kütləvi kampaniyalar göstərdi ki, Azərbaycan dünya səhnəsində ciddi, nüfuzlu oyunçuya çevrilib: Yer üzündə ədalətli sülhün düşmənləri onu təhlükəli düşmən kimi qəbul edirlər”.

O əlavə edib ki, Azərbaycan öz suverenliyini təmin edərək, hazırda dövlətlərin suverenləşməsinə doğru qlobal kursun qurulması uğrunda mübarizə aparır və COP29 bu yolda mühüm mərhələ olub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Избранный
7
azertag.az

1Источники