RU

Mübarəkin Stalinlə qış gecəsi söhbəti

Çingiz Sultansoy

2011-ci il, fevralın 1-inə keçən gecə ilan vuran yatdı, dünyanın ən qədim və tanınan ölkələrindən biri  olan Misirin prezidenti Hüsnü Mübarək yatmadı. Ərəb dövlətlərində ötən ilin sonundan başlayan, politoloqiyada "Ərəb Baharı” adlanan kütləvi etirazlar, Tunis prezidenti Zin əl-Abidin Ben Əlinin ölkədən qaçması, Misirin özündə də kütləvi aksiyaların başlaması və başqa bu  kimi olaylarla bağlı qarışıq fikirlər onu yuxulamağa qoymurdu – sabah müxalifət Qahirənin baş meydanı Təhrirdə istefa tələbiylə milyon nəfərlik mitinq keçirəcəyini bildirmişdi. Ölkəyə 30 il rəhbərlik edən prezidentin istefasını...

Hüsnü Mübarəki hakimiyyəti itirmək təhlükəsindən daha çox xalqın nankorluğu yandırırdı. O? siyasətə uğurlu, İsraillə müharibələrdə qələbə çalan və xalqının etimadını və sevgisini qazanan müzəffər general və aviasiya marşalı kimi gəlmişdi. Prezident olduğu onillər ərzində ölkəsini ədalətli idarə eləmişdi, - özünü də unutmamışdı, - ahıl çağında isə istefa tələbi, tənqid, təhqir və söyüşlərlə rastlaşmışdı...
 
Gecədən xeyli keçmiş Mübarək yenicə huşlanmışdı ki, dizaynı qədim Misir çıraqlarından qaynaqlanan gecə lampasının zəif işığında əynində frenç, ayağında uzunboğaz çəkmə olan ləng hərəkətli, balacaboy bir adam göründü. Mübarəki soyuq tər basdı - bu adam prezident sarayının beşqat keşik səddini necə keçib yataq otağına girə bilmişdi? Özündən əvvəlki prezident Ənvər Sadatın tribunada güllələndiyi, özünün yaralandığı o uzaq gün və anlar şimşək kimi beynində çaxdı. Amma özünü itirmədi, əlini cəld balışın altına salıb sevimli qızıl tapançasını süngərini çəkəndə adamın hərəkətləri kimi ləng və ötkəm səsi eşidildi:

- Tanımadın? Mən öləndə 24 yaşın vardı.

Bu sözlər hansısa qorxulu hekayə, ya filmi xatırladırdı, amma Hüsnü Mübarək qorxaq adam deyildi, gənc leytenantdan aviasiya marşalına qədər böyük, məğlubiyyət və qələbə dolu döyüş yolu keçmiş, dəfələrlə ölümlə üz-üzə gələn zabit idi. Sözlərin mənasından daha çox səsin ləngliyi və təmkini onu sakitləşdirdi - əvvəla, terrorist belə danışmaz, ümumiyyətlə danışmaz, ikincisi, səsin sahibini tanıdı.  

- Tanıdım, cənab Stalin, - dedi Misir prezidenti və tapançanı yorğan altında buraxıb tez yataqdan qalxdı, xalatını geyib qonağın qarşısına gəldi. Gözlənilməz gecə qonağı artıq çoxdan divana oturub  arxasına söykənmişdi və özünü ev yiyəsi kimi rahat və sərbəst duyduğu görünürdü. Lopabığ, hətta zəif işıqda yanağındakı  çopurlar sezilən qonaq:

- Sənə kömək etməyə gəlmişəm, - dedi və prezidentin islimi üslubunda, təkrarlanan yarpaq və güllərlə dolu spiralvari naxışlı allı-güllü xalatına anlaşılmaz, bəlkə, saymazyana, bəlkə də, kinayəli bir nəzər salıb, frençinin yan cibindən çıxardığı qəlyanını tələsmədən tütünlə doldurmağa başladı. 
- Sağ olun, cənab Stalin.
Təmkinli, ağır hərəkətləri gecə qonağına xüsusi amiranə bir görkəm, minillər öncə bu torpağın hökmdarı, Misir allahlarının yerdəki təcəssümü olan fironların əzəmətini verirdi:
- Mən daha çox "yoldaş” sözünə öyrəşmişəm. 
- Bəli, yoldaş Stalin.
Qonaq mətləbə keçdi:
- Vəziyyəti indiki həddə çatdırarlar heç? Günah özündədir! Peşəkar hərbçi, istedadlı sərkərdəsən. Bəs siyasətin? Düzdür, indiyəcən yaxşı işləmisən. Seçkiləri fırlatmısan, özünü yaxşı təbliğ eləmisən, hər yerdə portretlərin, kəlamların-flan. Sənə pərəstiş edirlər, amma heykəllərin yoxdur. 
- Misir müsəlman ölkəsidir, yoldaş Stalin.
- Bilirəm. Otağının divarında şəkil yoxdur, ancaq hüsn-xəttlə yazılan Quran ayələridir. Hə, məhkəmə sistemin də tam nəzarətin altındadır. Bacarmadığın bircə şey oldu... nədir onun adı? Əşi, o yeni rabitə-kommunikasia vasitəsi.. zəhirmarın adı nə oldu?..
- İnterneti ya sosial şəbəkələri deyirsiniz? 

Mübarək qonağın unudub, xatırlaya bilmədiyi sözü ehtiramla yadına saldı. Hündür boylu, pəhləvan cüssəli Misir prezidenti bu, boyu metrəyarımdan bir az artıq adamın yanında özünü dərsini bilməyən şagird kimi hiss edirdi və bu hissi çoxdan unutduğu üçün daha artıq sıxılırdı. 
- Hə, o yeni icad olunan zəhrimarı!
- Provayderlər İnterneti, mobil rabitəni əmrimlə bağlamışdılar. Amma Google mobil telefonla danışmalarına əlavə şərait yaratdı.  
Prezident kürsünün qoltuğundakı düyməni basıb üzünü qapını açan xidmətçiyə tutdu: 
- Çay süfrəsi! 
- Lazım deyil! Heç çayın yeridi?!.  

Mübarək "Lazım deyil” deməmiş xidmətçi ağasının sözünün sonunu, əmrinin təkzibini gözləmədən qapını dərhal bağladı, sanki bu gecə qonağını  tanıyır,  sözündən çıxmağın ölümcül təhlükəsini bilirdi. Qonaq tələsmədən sözünə davam etdi:
- Mənim bu müasir texnologiyalardan o qədər də başım çıxmır. Amma hakimiyyətin mahiyyətini yaxşı bilirəm! – Stalin ikinci cümləni ötkəm, özəl bir vurğuyla dedi və özünəməxsus ləng hərəkətlə cibindən üstündə qırmızı sovet  bayrağının şəkli olan kibrit qutusu çıxartdı, qəlyanını alışdırıb tüstünü sinəsinə çəkdi. Prezident 

Mübarək cəld qalxıb qabaq ayaqlarında kiçik metal nəlbəki tutmuş firon hakimiyyətinin rəmzlərindən biri, adam başlı şir - sfinks heykəlciyi formasında ağır külqabını ehtiramla qonağın qarşısındakı kiçik qəhvə masasına qoydu, o da yanıq çöpü külqabıya atdı.  

- Kütlənin sərbəst ünsiyyətinə imkan vermək olar?! Ağlına gələni danışsın? Bir-birini qızışdırsın?! İpini buraxmaq olmaz onların! Yaxşı ki, hələ televiziya və radiolar əlindədir.
- Ölkədə fövqəladə vəziyyət elan  olunub. Böyük şəhərlərə ordu hissələri yeridilib. Televiziyaya isə inanan qalmayıb artıq, yoldaş Stalin.

- İş bu yerə gəlib çıxıbsa, televiziya heç nəyi həll etmir. Məqamını qaçırmısan! Amma hələ gec deyil! Bu gecə müxalifəti başsız qoymalısan! Liderlərin hamısını həbs et! Biri də qalmasın! Nəyi gözləyirsən?!
- Onlar evlərində gecələmirlər, yoldaş Stalin. Hər gecə yeni yerə gedirlər.  

Stalin səsini ucaldaraq: 
- Bəs kəşfiyyat, əks kəşfiyyatın nə üçündü?! Çörəyi havayı yeyən müftəxorlar! – dedi və Misir prezidentinin az-çox bildiyi rus dilində pis ana söyüşü söydü. 
  
Hüsnü Mübarək 1964-1965-ci illərdə bir qrup yüksək rütbəli ərəb zabitiylə birlikdə Moskvada, Frunze adına Hərbi Akademiyada oxumuşdu, rus dilinin bütün populyar ana söyüşlərini bilirdi. 
Stalin  yenə mətləbə qayıtdı: 
- Yanvarın 27-də Məhəmməd əl-Bərədəini tutmuşdun, niyə buraxdın? Sən buraxan kimi  islamçılar qarışıq birləşmiş müxalifətin vahid lideri kimi mitinqdə çıxış elədi, adamları biz az da qızışdırdı.
- Əl-Bərədai dünyada tanınan adamdır, Atom Enerjisi üzrə Beynəlxalq Ağentliyin direktoru olub, Nobel mükafatı laureatı, Beynəlxalq Hüquq Assosiasiyasının və Amerika Beynəlxalq Hüquq Cəmiyyətinin, başqa təşkilatların üzvüdür. Guya İrakda olan nüvə silahına görə Amerika rəhbərliyiylə münasibəti korladı, amma dünyada nüfuzu daha da artdı.

- Onun təşkilatlarını elə sadalayırsan ki, sanki real hakimiyyəti olub.
- İndiki dünyada, özü də ölkə xaricində, tanınmaq, beynəlxalq nüfuz sizin vaxtınızdakından daha böyük rol oynayır, yoldaş Stalin.  
- Yaxşı, əl-Bərədai  tanınmış idi, onu tutub buraxdın. Bəs başqa müxalifət liderləri? Onlar ki xaricdə  tanınmırlar?  
- Müxalifət liderlərinin ətrafında həmişə yüzlərlə adam var. Yaxın düşmək mümkün deyil.
- Pahh, yüzlərlə! Nolsun ki?! Deməli, ətraflarındakı yüzləri güllələyib liderləri həbs etməliydin! Hələ gec deyil!

Misir prezidenti cavab vermədi, lopabığ müsahibisə cavab gözləmədən sözünə davam elədi:  
- Hər şeyi elə bu səhər tezdən həll elə! Hələ də gec deyil! Meydana da tank yerit. Atlılar, dəvələr-zad boş şeydir. Qabaqdakı beş yüz, gərək olsa min-iki min adam güllələ, tırtıllarla əz, qalanları qaçacaq.
- Kəşfiyyatın məlumatına görə meydanda milyon yarıma qədər etirazçı olacaq. İki min bu kütlənin heç bir faizi, faizinin yarısı da eləmir. Aralarında "Müsəlman qardaşları”, "Əl-Qaidə” üzvləri də var. Onlar üçün ölüm şəhidlik zirvəsidir, cənnətə getmək deməkdir.  
- Onda əlli-yüz minini qır! Göndər getsinlər cənnətə!  Daş-kəsəklə pulemyot və zirehli texnikaya nə edə biləcəklər ki? Axşam televiziyada xalqa deyərsən ki, qırılanlar xalq düşmənidir.
- Bizdə "xalq düşməni” anlayışı yoxdur, yoldaş Stalin. İndi "dövlətçiliyin düşməni”, "dağıdıcı müxalifət” ifadələri işlənir.  Belə bir qırğını nəinki dünyaya, ABŞ-a, hətta xalqın özünə izah etmək çətin olacaq. 
- Adın nə fərqi var ki?! Əgər Qərbin ya xalqın sözüylə oturub-duracasansa, batdın!  
- Amerika mənim strateji tərəfdaşımdır, yoldaş Stalin. Ondan silah, pul alıram...
- Silah almağı anladım. Bəs pul? Bu  boyda dövlətin pulu sənə azlıq edir?! 

Hüsnü Mübarək İsveçrə, İngiltərə, Amerika banklarında toplam səksən milyard dollara qədər saxladığını öz xalqının otuz-qırx milyon adamını qıran, amma var-dövlət yığmayan, yığmaq istəməyən bu balacaboy adama demədi, yenə susdu. Onsuz da anlamayacaqdı. 

- Qorxub eləmə, riyakar Qərb qaliblə razılaşacaq. Guya Misirdəki quruluş qərb demokratiyasıdı? Seçkilər saxtalaşdırmırsan? Ya müxalifəti əzmirsən? - Stalin bu sözləri deyəndə kinayə ilə gülümsədi və qəlyanından bir qüllab da aldı, - onları səndən az tanımıram.  

- Dünya dəyişib, yoldaş Stalin. İndi dünyada tam təcrid olunub yaşamaq mümkün deyil. Hər şey inteqrasiya olunub – ticari əlaqələr, iqtisadiyyatlar, nəqliyyat, maliyyə, banklar, mobil rabitə, İnternet, sosial şəbəkələr...  

Dünya qloballaşıb, daralıb və sıxlaşıb. İndi heç Rusiya, Çin, Hindistan da dünyadan təcrid olunub yaşaya bilməz. Rusiya Avropaya neft satır, yeni texnologiyalar alır. Çin qərb şirkətlərinin istehsalatını özündə cəmləşdirib, öz texnologiyalarını  inkişaf etdirir. Misir turizmdən, neft və qaz satışından böyük vəsait qazanır. Həm də ABŞ-dan ciddi, milyard dollardan artıq hərbi yardım alırıq.

- Sənin əsas səhvin bax elə odu! Dünyaya inteqrasiya olunmuş iqtisadiyyat, Amerikanın yardımı... "Dünya dəyişib” nə deməkdi?  Acizlərin bəraəti. Üstəlik də  korrupsiya, oğluvu prezident eləmək istəyin! 

Misir prezidenti etiraz etmək istədi, - Elə şey olmayıb! Düşmənlərin böhtanıdir! – dedi, amma Stalin sözünü kəsərək davam etdi:
- Daha xanımın Süzanna Mübarəkin ictimai, xeyriyyəçilik fəaliyyətini demirəm. Hansı pula?! Mən belə şeylərə imkan verməmişəm. Sadə yaşamışam. Oğlum almanlara əsir düşəndə heç marşal Paulusa dəyişmədim! Xalq da bunu bilib, ona görə mənə inanıb!   Vaxtilə buraxdığın səhvlər indi yolunda kötüyə çevrilib...  Hər nə isə, öndəki on min nəfəri güllələməkdən başla, az olsa daha əlli-yüz minini də qır! Sonrasına baxarıq...

Stalin səsini fərsiz şagirdi tənbeh edən müəllim kimi ucaltmışdı. Ayağını ayağının üstündən aşıranda şalvarının yalnız generalissimuslara məxsus enli qırmızı zolağı parıldadı:
- Ordunun əmri icra etməkdən imtina ehtimalı böyükdür, yoldaş Stalin. Yalnız əskərlər yox, zabit, generallara da yüz faiz bel bağlamaq olmaz.   
- O nə ordudurki, ona bel bağlamaq olmaz? Əvvəlcə elə imtina edənləri vur! Kütləvi həbslər, hərbi tribunallar, açıq və gizli qətllər! Generalları belə həbs etməkdən ya güllələməkdən qorxma! Üç marşalımı həbs etmişəm, Tuxaçevski və Eqorovu güllələdim, Blüxer  həbsxanada istintaq vaxtı öldü. 

Stalin qəlyanını bir də sümürdü, amma tütün qalmadığını görüb  ağzından çıxardı və külünü külqabıya boşaltdı. Qəlyanın içini tələsmədən təmizləyib yenə tütünlə doldura-doldura sözünə davam etdi: 
- Repressia olunan zabitlərin, o cümlədən generalların sayı on minə qədərdir!  Qalanlari vətənə və mənə sədaqətlə xidmət elədilər! 
- Misirdə vəziyyət başqadır,yoldaş Stalin! İndi nə eləsəm də, vəziyyət yalnız müvəqqəti düzələcək. Sonrası var...
- Sonrası da eləcə! Dünyanı qorxu idarə edir!  Bu qanunun icrasından hələ ziyan çəkməmişəm.
- Hər şeyi riskə qoymaq... Bəs bu qədər yığdığım? 

Misir prezidenti bu sözü ağzından qaçırandan sonra anladı ki, özündən gözləmədiyi, eləmək istəmədiyi bir etirafı edib.  Onun – müzəffər general, marşal və ölkə başçısının iradəsi bu balacaboy adam qarşısında muma dönmüşdü. "Qocalıram”, - fikirləşdi, - "hakimiyyətdən getmək lazımdır. Amma kimə verim gedim? Camal partiyamın liderlərindən sayılır, amma o da, daha çox iş adamı olan Əlaa da bacarmazlar. Kölgəmdə siyasi lider ya biznesmen olmağa nə var ki? Onların yaşında dəfələrlə uzaqgörən və tədbirliydim. Süzanna da bacarmaz”.  Amma gec idi, sirr açılmışdı, ona görə davam elədi: 
- Yığdığımı xilas etməyim?! 
- Ömrüm boyu heç nə yığmamışam. Ona görə yığılanı qorumaq kimi başağrım da olmayıb! Xalq da bunu bilib, mənə pərəstiş edib!  
- Planım başqadır – danışığa gedib vaxt udmaq, ordu komandanlığında dəyişiklik etmək, qüvvələri toplamaq.
- Səndən qorxmasalar, heç danışmayacaqlar. Ona görə qətiyyət göstərməyi təklif edirəm! Qətiyyətli  mövqe hər şeyi həll edir! 
- Bu qədər qan tökmək mümkün olmayacaq, yoldaş Stalin!  Ordu əmri yerinə yetirməyəcək.
- Niyə?! Hafiz Əsəd əmrini yerinə yetirməkdən boyun qaçıran pilot Raghid əl-Tatarini həbsxanaya salmadı? Başqa pilotlar əmri yerinə yetirib dinc əhalini bombaladılar. Hafizin oğlu Bəşərə bax, gözünə su ver! Gör nümayişçiləri necə güllələdi? 
- Suriya balaca ölkədir, yoldaş Stalin! Cəmisi iyirmi iki milyondular, orada keçər. Səksən milyonluq Misirdə yox. Bəşər silahı Rusiyadan alır. Ona görə Facebooku, Twitteri,  YouTubeni  hələ üç il əvvəl qadağan edə bilib. Suriyada ordunu, polisi ələvilər idarə edir, xalq isə sünnüdür. 
- Düzünü o edir! Suriya ordusunda, polisində sünnü yoxdur? 
- Var, yoldaş Stalin. Amma Ben Əli etirazçılara atəş açmaq əmrini verdi, nə xeyri oldu? Az sonra özü Tunisdən qaçdı.  Bizdə də kütləvi qırğının xeri olmayacaq, yoldaş Stalin! Mümkünsüzdür.  
Stalin əlini yelləyib həqarətlə:  
- Əhh! - dedi, - Aramızdakı fərq elə budur! Məsələ əhalinin sayında deyil, məsələ dövlət başçısının qətiyyətində, qan tökməkdən qorxmamasınd və qorxu yaratmaq bacarığındadır! 

Gecə qonağı "Əlvida!” deyib, ayağa qalxdı, qəlyanı son dəfə narazı-narazı sümüb, bulud kimi tüstü buraxdı və pərdənin arxasına keçib görünməz oldu...
Dan yerinin zəif işığı pəncərə pərdələrinin arasından otağa süzülür, milli "xətai” üslubunda divar kağızlarının naxışlarını, divardakı qızıl suyuyla Əl-Qəmər surəsi, 40-cı "Həqiqətən, biz hər bir şeyi qədər ilə yaratdıq” surəsi yazılan tablonu işıqlandırırdı.  

Prezident Hüsnü Mübarək tər içində oyandı. Ürəyi bərk döyünürdü. Bu gecə söhbəti yuxu idi, təbii. Amma yuxu idisə, niyə yataq otağı Stalinin ətrafı və sovet tarixçilərinin ətirli adlandırdığı məşhur "Herzegovina Flor” tütününün üfunətli tüstüsü içində idi?!.

Hekayənin ilkin, iki dəfə qısa variantı AzadlıqRadiosunda 2011-ci ildə çap olunub.  "Azadlıq” qəzeti üçün yenidən işlənib.
Избранный
6
13
arqument.az

10Источники