RU

D-8 Azərbaycan üçün yeni imkanlar yaradır -ANALİZ

Dünya əhalisinin 16 faizi burada cəmləşib

Təşkilata üzvlük eyni zamanda ölkəmizin geosiyasi mövqeyini daha da gücləndirəcək


D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəni birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Təşkilatın Katibliyi İstanbul şəhərində yerləşir. Üzvlərinin əhalisinin sayının ümumilikdə dünya müsəlmanlarının 60 faizini təşkil edən və böyük iqtisadi potensiala malik “İslam Səkkizliyi” adlanan D-8-ə ölkəmizin üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsidir. Ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz D-8-in təməl prinsiplərinin qorunmasına, təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaq. Bu çərçivədə həmçinin geniş regionumuzda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət, nəqliyyat, kommunikasiya və bir sıra digər vacib istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Tarix boyu Şərq ilə Qərb arasında körpü rolu oynamış, İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanın D-8 üzvlüyü eyni zamanda, İslam həmrəyliyinin möhkəmlənməsində, İslam dəyərlərinin dünyada təbliğində və islamafobiya ilə mübarizə sahəsində böyük töhfə olacaq.

Millət vəkili Vüqar Bayramov "Sherg.az"a bildirib ki, nominal ÜDM 5 trilyon 199 milyon dollar, real ÜDM-I isə 18 milyard 182 milyon dollar olan D-8 ölkələri müsəlman dünyası əhalisinin 63.0 faizinə sahibdir. Bu dünya əhalisinin 16 faizi deməkdir. Deputatın sözlərinə görə, bu ölkələr arasındakı ticarət dövriyyəsi 150 milyard dollardan çoxdur:

 "Bu isə deməkdir ki, D-8 təşkilatına üzvlük iqtisadi inkişafın gücləndirilməsi baxımından Azərbaycan üçün yeni imkanlar yaradır. Üzvlük eyni zamanda ölkəmizin geosiyasi mövqeyini daha da gücləndirəcək.
Azərbaycan təşkilatın 9-cu üzvü olmaqla yanaşı yarandıqdan sonra bu təşkilata üzv olan yeganə ölkədir.  Təşkilat 15 iyun 1997-ci il tarixində yaradılıb. 
Yeni üzvlük ölkəmiz üçün xeyirli və düşərli olsun!".

İqtisadçı-ekspert Eldəniz Əmirov da deyib ki, hazırda qlobal geosiyasi vəziyyət bu regionda yeni zərurətlər yaratmaqdadır. Ekspertin sözlərinə görə, D-8 təşkilatının öz hədəflərinə nail olmaq üçün üzv ölkələr yeni fəaliyyət planı hazırlamalı və təşkilatı ən aktiv fazaya keçirməlidir:
 "Belə bir durumda Azərbaycanın da bu təşkilata üzv olması, təkcə ölkəmiz üçün deyil, elə təşkilatın özü üçün də müsbət dinamika yarada bilər. Çünki Azərbaycanın getdikcə artan nüfuzu hər bir təşkilata yalnız müsbətlər gətirə bilər. Lakin Azərbaycan tərəfi də yəqin ki, tam olaraq bu təşkilata fokuslanmayacaq. Çünki bu təşkilatın perspektivləri ilə bağlı kifayət qədər risklər də mövcuddur. Buna görə də Azərbaycan digər istiqamətlərdə olan iqtisadi münasibətlərini aktivliyi qəti şəkildə azaltmadan D-8 daxilində birgə əməkdaşlığın bütün sahələrində yeni imkanlar axtarmalı və bu imkanları ölkənin mənafeyinə uyğun istifadə etməlidir. Hazırda Türkiyə istisna olmaqla D-8 üzv olan digər 7 ölkə ilə olan ticarət dövriyyəmiz, heç 1 milyard dollar çatmır. Daha dəqiq, cəmi 872 milyon dollardır. Bunların arasında elə ölkə var ki, ümumiyyətlə, ticarət dövriyyəmiz heç yarım milyona da çatmır. Odur ki, bu təşkilata üzv olmaq və birgə əməkdaşlıq perspektivlərini doğru qiymətləndirmək, ticarət dövriyyəmizə, o cümlədən ixrac bazarlarının diversifikasiyasına və bir çox digər istiqamətlərdə müsbət təsirlər yarada bilər".
Избранный
45
sherg.az

1Источники