“Hər aşığın öz dövranı var”. Nədənsə indi başlayacağım yazıya giriş etməzdən əvvəl yadıma ilk düşən məhz həmin ifadə oldu.
Aşıqların dövranı maraqlı, baxımlı olsa da əvvəl-axır başa çatır. Bilmirəm bunların sonu necə olacaq, ancaq adlm kimi əminəm ki, yaxın vaxtlarda bunlar haqqında da keçmiş zamanda, özü də kinayə ilə danışılacaq. Müasir internet texnologiyalarının cəmiyyətə pərçim etdiyi problemlərdən biri təbii ki, sosial şəbəklərədir. Yarandığı gündən bu oyundan ağlım bir şey kəsməmişdi. Az müddət ərzində şəbəkələr Azərbaycan cəmiyyətində dərhal qəbul edildi və kütləyə elə gəldi ki, yüz illər gözlədiyini nəhayət ki, tapa bilib. Dərhal məişətimizin bir hissəsinə çevrilən sosial bəla bütün cəmiyyəti ağuşuna aldı. Çox keçmədən “Facebook” “İnstagram”, “WhatsApp”, nəhayət “TİkTok”un əsirinə çevirildik. Baboşdan tutmuş Mamoşa qədər hər birimizi “TikTok”a oturtdular. Bir də gözümüzü açıb gördük ki, millət “TikTiok”la nəfəs alır. Hər yerdə sosial bəla bizi daban-dabana izləyir.
Cəmiyyət qəbul etmədiyi təbəqəni “TikTok”da görəndə əvvəl ciddi qəbul etmədi, daha sonra bu sifətlərə öyrəndi və həmin dəstəylə hər gün “dərdləşməyə” başladı. Bir də baxıb gördük ki, səhər tezdən üz-gözünü yumağa belə ərinən kirli-palçıqlı biri bizə mənəviyyatdan dərs keçir. Bir də ayıldıq ki, həyatını traslarda keçirən “yol adamları” həm də “mənəviyyat simvolu”ymuş. Gününün yarısını trasda, yarısını “TikTok”da keçirən belə adamlar əməlli başlı fenomenə çevriləndə yenə əhəmiyyət vermədik. Bir də ayıldıq ki, ölkədə hər kəs Baboşdan danışır, hamı Baboş kimi hərəkət edir, özlərini ona oxşadırlar. Artıq ətrafımız baboşlarla dolanda bunun sosial şəbəkə sindromu olduğunu dərk etsək də, gec idi. Baboşlara bahalı ev, bahalı maşın bağışlayan əmilər, dayılar sən demə həm də baboşların vurğunuymuş. Baboşluq etməyin belə gəlirli sahə olduğunu görənlərdə yeni həvəs yarandı və “hamı TikToka” prinsipiylə “milli hərəkata” start verildi. Yeni hərəkatın önündə gedən dəstədə öndə gedənlər “qız bibi” hərəkətləriylə diqqəti cəlb etməyə başladılar. Qadın “TikTok”erlər daha dəhşətli rollarda qarşımıza çıxanda ayağımızın altında yer tərpəndi. Bu işə qoşulan atalar, analar “TikTok”da gələn pulların əsirinə çevrildilər. Ağcabədili gənc ata Adəm adlı oğlunu təlxək kimi cəmiyyətə sıramağa başlayanda hər kəs əl çalmağa başladı. Hələ dünyanın qeylü-qalından xəbərsiz bir tifilin başına açılan oyunların fərqində olmayan ata özünü xoşbəxt hiss edir, cəmiyyətə, “siz də körpələrinizi bu iyrənc, kütləni hırıldadan məkana gətirin”, mesajını verirdi. “TikTok”da araya qoyulan, gülünc obyektinə çevrilən əslində Adəm deyildi, bu deqradasiya uğrayan bir cəmiyyətin faciəsi idi.
Məişət problemlərini sosial şəbəkələrə sürükləyənlər, “TikTok”da mənəviyyatsız, əxlaqsız mövzulardan ürək dolusu danışanlar sanki bu cəmiyyətdən qisas alır. Əllərinə tribuna keçirən bir dəstə adam insanları tərbiyyəsiz küçə söhbətlərinə “qonaq” etməklə elə bil, bir qədər rahatlaşır. Telekanalların məhşurlaşdırdığı adamların daha sonra bu məkanda mənəviyyatsız söhbətləri, dilimizə gətirməyə utandığımız ifadələrdən geninə- boluna istifadə, insanlara hörmətsizlik, küçə söyüşləri “TikTok”un ümumi mənzərəsidir. Fahişələrin reklam məkanına çevrilən “TikTok” həm də onlar üçün qazanc mənbəyidir. Bir neçə gün əvvəl qarşıma çıxan mənzərədən az qala donub qaldım. Bunun bizim cəmiyyətdə baş verməsinə şübhəm yaransa da, təəssüf ki, bunu milyonlar qarşısında utanıb- çəkinmədən qışqıra-qışqıra danışan Azərbaycan qadını idi. Səhv etmirəmsə adı İlhamə idi. Guya adam həm də şair imiş. Yaşı təxminən altmışı haqlayan bir qadının məhşurlaşmaq həvəsi açıq-aydın hiss olunurdu. Amma məşhurlaşmağa gedən yol heç də asan deyil və adam da, bunu yaxşı bildiyindən abrını-həyasını ortaya qoymuşdu.
Qadınlıq adına ləkə gətirən bu adamın dedikləri sadəcə ifadə ediləcək formada olmadığından yazmağı özümə ayıb bilirəm. Amma özünü daha ağıllı aparan bu “şairə” bildirir ki, guya tər-təmiz qız uşağıdır. Açığı özü haqqında belə ifadə işlədən birinin dediklərinə şübhə etdim. Üzü-üzlər görən belə uğursuz adamların Azərbaycan cəmiyyətini zəhərləməsi və ailə mədəniyyətimizə zidd ifadələr səsləndirməsi sadəcə milli dəyərlərə təcavüzdür. Ailədə söyüş eşitməyən uşaqlar “TikTok”a girən kimi, “şair” İlhamənin başdan xarab söhbətləri ilə qarşılaşır və gizli-gizli ona baxmağa davam edir. Üzdəniraqların meydan suladığı “TikToK” həm də mənəvi dəyərlərimizə qarşı böyük bir təbliğat maşınıdır. Nəzərə alın ki, tarixdə xalqların milli dəyərlərinin aşlanmasında müxtəlif üsullardan istifadə olunub. Yüz illər əvvəl qaraçıların başına gətirilən oyun, onları küçə-küçə çalıb oynamağa sövq edən amillər, sonradan dəhşətli vərdişlərə öyrəşən xalqın bu bəladan yaxa qurtara bilməməsi qaraçıları yer üzü ilə bir etdi . İndi dünyanın hər tərəfinə səpələnən qaraçılar hələ də çalıb oynayır və əsrlər əvvəl ona öyrədilən vərdişdən əl çəkə bilmir. Bu gün sosial şəbəkələri cəmiyyətə sırıyanlar da xalqlara qaraçıların aqibətini yaşatmağı hesablayıb. “TikTok” fenomenləri hələ də çalıb-oynayır və kimlərinsə əlində alətə çevrildiklərindən xəbərsizdirlər. Milli dəyərlərə əl uzadan, Azərbaycan qadının ismətini lağ obyektinə çevrənləri yalnız ictimai qınaqla tərbiyyələndirmək mümkün deyil. Onlar sadəcə cəzalanmalıdırlar, necəsini deyə bilmərəm. Qoy cəmiyyət özü mühakimə etsin.
Vəli Həsənoğlu,
KONKRET.az