RU

Prezident Azərbaycanda yeni bir dövrün, eranın başlanğıcının əsasını qoydu

24 dekabr - Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin doğum günüdür.

Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti ilə tanış olmaq üçün sayısız yazılmış kitablar, deyilmiş sözlər, hazırlanmış hesabatlar, təltiflər, fəxri adlar var. Əminəm ki, bu iş bundan sonra da Azərbaycan tarixini öyrənən və bu tarixə dəyər verən insanlar tərəfindən böyük həvəslə, uğurla davam etdiriləcəkdir.

Yeddinci Çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olaraq Prezident İlham Əliyev üçün mötəbər doğum günü tarixində bir məqamı xüsusi vurğulayım ki, Onun Ali Baş Komandan kimi formalaşdırdığı Müzəffər Azərbaycan Ordusunun igid, qəhrəman övladları 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunmasına dair əmri müvəffəqiyyətlə yerinə yetirdilər. Bu əmr möhtərəm Prezidentimizin adını tariximzə əbədi yazmaqla yanaşı,  azərbaycançılıq məfkürəsinin həyatımızda və yaddaşlarda yaşadılması yolunda hər kəs üçün işıq olaraq, Azərbaycanı davamlı inkişafa aparacaq.

Bu gün Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək ona sonsuz etimad, inam, dəstək nümayiş etdirməkdədir və bu da təbiidir, çünki, cəmiyyətimiz Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzi olaraq görür. 

Keçən müddət ərzində Ümummilli Liderin "Mən ona özüm qədər inanıram" sözlərini öz əməlləri ilə təsdiq edən cənab Prezident Azərbaycanda yeni bir dövrün, eranın başlanğıcının əsasını qoydu. 

Son 20 ildə Azərbaycan dünyanın diqqətini cəlb edərək sabit və dayanıqlı iqtisadiyyatı olan bir dövlətə çevrilib. Aparılan uğurlu siyasət nəticəsində ölkədə sosial-iqtisadi vəziyyət xeyli yaxşılaşdırılıb, multikultural ənənələrə və milli-mənəvi dəyərlərə söykənən bir cəmiyyətin formalaşması təmin edilib. Eyni zamanda, güclü və dayanıqlı iqtisadiyyat yaratmaq planı uğurla başa çatdırılıb, ölkənin artan imkanları insan kapitalının formalaşmasına, əhalinin sosial rifahının daha da yüksəlməsinə yönəldilərək, Azərbaycanın nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrilməsini təmin edib. 

İcra olunan çoxvektorlu xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın müxtəlif beynəlxalq platformalarda, dünyamızı narahat edən çağırışların icrasında özünü nümunəvi ölkə kimi təsdiqlədiyini etiraf edirlər. 

Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Dünyada tolerantlıq mərkəzi kimi tanınan Azərbaycan ölkə başçısının xidmətləri sayəsində bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınır.
Təsadüfi deyil ki, cənab Prezidentin sülhsevər və xeyirxah siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsi ilə bağlı kifayət qədər faktlar var. Beynəlxalq arenada dünyanın ən nüfuzlu liderlərindən biri olaraq tanınmağı həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsidir. 

Prezident İlham Əliyev Azərbaycan xalqının lideri kimi bəşəri və milli-mənəvi dəyərlərə sadiqliyini nəinki sözdə, əməli işdə də dünyaya nümayiş etdirdi. Humanizm prinsiplərinin bəşəriyyətin ən böyük dəyəri olduğunu, dünyada sülhün, əməkdaşlığın təmin olunmasının vacibliyini ən mötəbər tribunalardan beynəlxalq ictimaiyyətə dəfələrlə bəyan edib.
Vətən və xalq qarşısında Cənab Prezidentin ən böyük xidmətlərindən biri də qüdrətli və müzəffər ordunun formalaşdırılmasıdır. Müasir ordu quruculuğu istiqamətində atılan vacib addımlar Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına daxil etdi. Məhz güclü ordu və ona komandanlıq edən, onu düzgün idarə edən, strategiyasını və taktikasını yüksək peşəkarlıqla müəyyənləşdirən bir Sərkərdənin varlığı, həmçinin xalqın öz liderinin ətrafında sıx yumruq kimi birləşməsi ölkəmizin ərazi bütövlüyü və suverenliyini təmin etdi. 

Belə ki, son dörd il Azərbaycan tarixində, Azərbaycan xalqının yaddaşında möhtəşəm qələbələr, tarixi anlar, təkrarolunmaz hadisələrlə yaddaşlarda qalır. Məhz 30 ildən artıq müddətdə həsrətində olduğumuz ərazi bütövlüyü və suverenliyimizin bərpa olunmasına yönəlik fəaliyyətimiz 2020-ci ildə başayan İkinci Qarabağ-Vətən Müharibəsindən sonra, 2023-cü ilin 15 oktyabr günü hər birimizə canı qədər doğma olan Azərbaycan Bayrağının Xankəndidə ucalması, Azərbaycan Gerbinin ölkəmizin konstitusion hüdudlarında günəş kimi parlaması ilə bitdi.

Azərbaycanın möhtəşəm Zəfəri ilə regionda yaranan yeni reallıq təkcə Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarının bərpasını deyil, həmçinin bütün regionda sülh və davamlı inkişafı təmin etmək imkanı qazandırdı.

Cənab Prezidentin işğaldan azad edilmiş ərazilərimizə mütəmadi səfərləri, bərpa və quruculuğ işlərinin geniş vüsət alması harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır.

 İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan bərpa və quruculuq işləri uğurla başa çatacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu ərazilərimizin malik olduğu iqtisadi potensial ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. 

Böyük Sərkərdə, Ali Baş Komandan, Prezident İlham Əliyevi səmimi qəlbdən doğum günü münasibətilə təbrik edir, çiçəklənən Azərbaycanımızın demokratik, müstəqil inkişafı naminə yorulmaz, əzmkar fəaliyyətində sonsuz uğurlar diləyirik.

Məzahir Əfəndiyev 
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Избранный
4
3
sabahinfo.az

5Источники