RU

Milad bayramı niyə 25 dekabrda qeyd olunur? - Müqəddəs Kitabda olmayan tarix

Din insanlıq tarixinin ən dərin ruhani xəzinələrindən biridir. Din insanları sevgi, mərhəmət və anlayışa dəvət edir. Mənsəbindən asılı olmayaraq bütün dinlər müqəddəsdir. Çünki hər bir dinin əsasında ilahi sevgi dayanır. Din, insan ürəyindəki ilahi qığılcımı alovlandıran bir nurdur. O, bizi qaranlıqda yol göstərən və insanlığımızı dərinləşdirən  mənəvi xəzinədir. Dünyada müxtəlif dinlər var. Lakin qəbul edilən və inanılan 4  əsas din var: İslam, Xristianlıq, Yəhudilik, Buddizm. Dünya əhalisinin 32%-i xristian, 23%-i müsəlmandır. Dünyda insanların 15%-i hinduizmə, 7%-i Buddizmə, 0,2%-i isə yəhudiliyə sitayiş edir.
 
 
Bu gündən xristian mədəniyyəti üçün ən əlamətdar bayramlardan biri - Milad başlayır. Milad on iki ən mühüm xristian bayramlarından biridir. Hər il dekabr ayının 25-i xristian dünyası yeni ümidlərin başlanğıcı, gələcəyə inamın simvolu olan Milad bayramını qeyd edir.
 
Böyük Britaniya, Almaniya, İrlandiya, Fransa, ABŞ, Portuqaliya, İtaliya, Avstriya, Belçika, Kanada, Albaniya, Norveç, Finlandiya və Keniya da daxil olmaqla bir çox ölkələr Milad bayramını dekabrın 25-də, Gürcüstan, Belarus, Rusiya və Serbiya isə yanvarın 7-də qeyd edirlər. 
Argentina, Braziliya, Macarıstan və İsveçdə qeyd etmələr Milad ərəfəsində, dekabrın 24-də başlayır və 26-na qədər davam edir. Hindistan və Malayziya kimi xristianların azlıq təşkil etdiyi bir çox ölkələrdə Milad bayramı dekabrın 25-i dövlət bayramı hesab olunur.
 
Bu barədə Moderator.az-a danışan Azərbaycandakı Katolik kilsəsinin apostol prefekturasının mətbuat katibi Toral Ağayev bildirib ki, Milad bayramı İsa Məsihin dünyaya gəlməsi bayramıdır:
 
 “İsa Məsih minilliklər ərzində gözlənilən hələ  Əhdi-Ətiqdə Allah tərəfindən peyğəmbərlər vasitəsilə vəd olunan Xilaskardır, ona görə də Onun Mövludu günü bizim üçün təqvim gününün qeyd edilməsindən daha çox - bəşəriyyətin tarixi gedişatını dəyişən bənzərsiz hadisənin qeyd edilməsidir.  İsa Məsihin  şəxsiyyətində Allahın Özü bəşər tarixinə enir, insanlara zühur edir ki Allah ilə insan arasındaki keçilməz uçurumu yox etsin. Mahiyyətinə görə İsa Məsihin Mövludu təqvim tarixinin fövqündə durur. 
O ki qaldı Milad bayramının 25 dekabr tarixində qeyd edilməsinə: bu tarixin seçilməsinə dair bir neçə fərziyyələr var. İncildə İsa Məsihin dünyaya gəlməsinin tarixi dövrü haqda müəyyən məlumatlar var və onlar bizə imkan verir ki bu hadisənin qış fəslində baş verməsi haqda düşünə bilək. 
Eyni zamanda belə bir fərziyə var ki, Qədim Kilsə Romada geniş yayılmış və dekabrın sonunda qeyd olunam "Məğlubedilməz Günəş" büdpərəst bayramının qeyd edilməsini ləğv etmək üçün Məsihin Miladını məhz həmin gündə qeyd etməyə başlayır. 
Digər fərziyə isə dekabrın sonunda ən uzun gecədən sonra işıqlı gün saatlarının uzanması ilə bağlıdır. Bu astronomik hadisədə qədim xristianlar İsa Məsihə işarət edən gözəl simvol gördülər, çünki İsa Məsih Həqiqət Günəşi olaraq insanları günahın qaranlığından xilas etmək üçün gəlir”. 
 
Katolik kilsəsinin rəsmisi qeyd edib ki, Milad bayramı 24 dekabrın axşamından, gün batandan sonra qeyd olunmağa başlanır və "Milad oktavası", yəni Milad bayramından sonra 8 gün ərzində qeyd olunur:
 
“Milad oktavasından sonra Kilsədə "Milad dövrü" başlanılır və adətən yanvar ayının ortalarına təsadüf edən İsa Məsihin Vəftizi bayramı ilə bitir. Katolik Kilsəsi dünyanın demək olar ki bütün xalqlarını birləşdirir və hər xalqın da öz milli adət ənənələri var. Azərbaycan xristianları olaraq bizim bayram süfrələrimiz o qədər də seçilmir çünki biz xalqımızın ayrılmaz hissəsiyik. 
Əlbəttdə ki   Azərbaycanda yaşayan və Katolik Kilsəsinə mənsub olan digər xalqların öz xüsusi bayram adətləri var”.
 “Xristianlıq Azərbaycanda islamdan sonra ən böyük konfessiyadır. Xristianların dəqiq sayını mən deyə bilmərəm, amma Milad Bayramının Azərbaycanda qeyd edilməsinə gəldikdə deyə bilərəm ki mömin xristian üçün bayramın əsas məkanı əlbətdə ki kilsədir. Daha sonra evlərdə ailə süfrələri açılır, hədiyyələr təqdim olunur, Milada aid nəğmələr oxunulur”,- deyə  Toral Ağayev şərh edib.
 
Mehin Mehmanqızı
 
Избранный
15
moderator.az

1Источники