Abşeron Rayon Məhkəməsində qumar oyunlarının təşkili və ya keçirilməsində təqsirləndirilən Zamiq Babayev, qardaşı Samir Babayev və onların qohumları Arif Həsənovun (hər üçünün ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Zamiq Babayev 2 il 6 ay və digərləri isə 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, həmin şəxslər internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunları təşkil edib.
Belə ki, Zamiq Babayev qardaşı Samir Babayev və qohumu Arif Həsənovla birgə 15 yanvar 2023-cü il tarixdə ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən idman mərc, loto və digər qumar oyunlarının şəxsiyyəti istintaqa məlum olmayan təşkilatçıları ilə əlaqə saxlayıb. O, onlardan “1XBet.com”, “Fastloto.com” və digər internet saytlarında təşkil edilmiş qanunsuz idman mərc, loto və digər qumar oyunlarının oynanılması üçün istifadə edilə bilən kodlar alaraq öz adına həmin saytlarda istifadəçi hesabı və virtual kassalar yaradıb. Sonra həmin şəxslər mobil telefonlar vasitəsi ilə qeyd edilən saytlardakı hesab və virtual kassalardakı oyun kodlarının müştərilərə pul müqabilində satıblar. Eyni zamanda “İnstagram” sosial şəbəkəsində qumar oyunları və oyun üçün kodlarının satışı ilə bağlı reklam yerləşdirib müraciət edən müştərilərə pul müqabilində satıblar.