Çinin elektrik avtomobil nəhəngi BYD-nin Braziliyadakı ilk fabrikinin tikintisi işçilərin ‘köləlik’ şəraitində yaşadığı səbəbiylə dayandırılıb.

İndex.az xəbər verir ki, Braziliyanın şimal-şərqindəki Bahia ştatında yerləşən müəssisədə 160-dan çox işçi köləlik şəraitində işləməkdən xilas edilib. BYD-nin işçilərin maaşlarını vermədiyi və pasportlarını götürdüyü iddia edilib.

Braziliyanın Dövlət Əmək Prokurorluğu (MPT) işçilərin dəhşətli şəraitdə işlədiyini və tikinti şirkəti tərəfindən maaşların verilmədiyini açıqlayıb. Camaçari şəhərində işçilər dörd obyektdə yaşamağa məcbur edilərkən, bir müəssisədə işçilərin döşəksiz çarpayılarda yatmalı olduqları bildirilib.

Məsələ ilə bağlı açıqlama verən BYD tikinti şirkəti “Jinjiang Construction Brazil” ilə əlaqələrini kəsdiyini və zərər çəkmiş işçilərin otellərə yerləşdirildiyini açıqlayıb. Şirkət subpodratlı işçilərin həyat və iş şəraitini araşdırdıqlarını və yaxşılaşdırılması üçün dəfələrlə müraciət etdiklərini bildirdilər.