Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, siyahıdakı dəyişiklik aşağıdakılardır:
Məcəllənin 517-3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
Əmlaka zərər vurulmasına səbəb olan və ya səbəb ola biləcək hərəkətlərə yol verilməsinə, ictimai qaydanın və ictimai təhlükəsizliyin pozulmasına münasibətdə:
İnzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından - bu Siyahının 1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;
İnzibati xətanı aşkar etmiş yerli icra hakimiyyəti orqanları adından - bu Siyahının 12-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;
Əhalinin sağlamlığına zərər vurulmasına səbəb olan və ya səbəb ola biləcək hərəkətlərə yol verilməsinə münasibətdə:
İnzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi adından - bu Siyahının 3-cü hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;
İnzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi adından - bu Siyahının 18-1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;
Ətraf mühitə zərər vurulmasına səbəb olan və ya səbəb ola biləcək hərəkətlərə yol verilməsinə münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından - bu Siyahının 19-cu hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;
Qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsinə yardım göstərilməməsinə münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi adından - fövqəladə hallar naziri, onun müavinləri, Nazirliyin Aparatının baş idarə rəisi, onun müavini, idarə rəisi, onun müavini, regional mərkəzlərin rəisləri, onların müavinləri, Mülki Müdafiə Qoşunlarının komandanı, onun müavinləri, Mülki Müdafiə Qoşunları hərbi hissələrinin komandirləri, onların müavinləri, Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, onun müavinləri, Xüsusi Riskli Xilasetmə Xidməti hərbi hissələrinin komandirləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, onun müavinləri.