RU

Afrika uğrunda mübarizə: Fransa Türkiyə və Çinə uduzdu

Böyük dövlətlərin Afrika qitəsi uğrunda mübarizəsi davam edir. ABŞ, Fransa, Türkiyə, Rusiya və Çin Afrika ölkələri ilə əməkdaşlığı ilbəil genişləndirməyə çalışırlar.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, uzun illər Afrikada hərbi-siyasi maraqlarını qorumağa çalışsa da, bu dövlətlərin içərisində geridə qalan Fransadır:

“Son bir neçə ildə Afrika ölkələri ard-arda Fransanın nəzarətindən çıxıblar. Afrika ölkələrində dəyişən hakimiyyətlər Fransanın koloniyası olmaq istəmirlər. Qitədə yaranan boşluğu daha çox Çin doldurmağa çalışır.

Afrika Pekin üçün Çin sərhədlərindən kənarda hərbi və təhlükəsizlik strategiyası baxımından kritik arenaya çevrilib. Çinin Cibutidə hərbi bazasının yaradılması və 53 Afrika ölkəsini əhatə edən Çin-Afrika Əməkdaşlıq Forumunun fəaliyyəti Pekinin strateji hədəflərindən xəbər verir. Çin Xalq Azadlıq Ordusu BMT-nin 17 sülhməramlı missiyasını əhatə edən 2000-ə yaxın əsgəri ilə Afrika sahillərində dəniz quldurluğuna qarşı mübarizə aparır.

Çinin Afrikanın bir sıra ölkəsində, o cümlədən Ekvatorial Qvineya, Anqola və Atlantik sahilindəki Namibiyada əlavə hərbi bazalar yaratmaq barədə planları var. Çin Afrika dövlətləri üzərində təsirini gücləndirib, çoxtərəfli forumlar və hərbi təhsil proqramları vasitəsilə bu ölkələrə silah satışını artırıb. Amma artan bu təsir Afrika ölkələrinin suverenliyinə potensial təhlükə ilə bağlı narahatlıqları da artırıb. Afrika ölkələri Fransanın təsirindən qurtulub bir başqa ölkənin təsiri altına düşmək istəmirlər. Çinin ucuz kreditləri bu ölkələr üçün qaytarılması böyük yük olan borca çevrilir”.

Təhlildə vurğulanır ki, Çinin Afrika ilə təhlükəsizlik və hərbi əməkdaşlığı onun sərmayələri və “Bir Kəmər, Bir Yol” təşəbbüsü vasitəsilə qurulan infrastrukturunu qorumaqda mühüm amil kimi qiymətləndirilir:

“Pekin dəfələrlə Afrika ilə hərbi əməkdaşlığın gücləndirilməsi və təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. Bu əməkdaşlıq həmin layihələrin uğur qazanması üçün lazım olan sabitliyi və təhlükəsizliyi qorumaq üçün vacibdir.

Çinin Afrika dövlətləri ilə təhlükəsizlik sahəsində əməkdaşlığı iqtisadi maraqlarını qorumaqla yanaşı, qitə və ətrafında daha geniş geosiyasi məqsədlərinin olduğunu da üzə çıxarıb. Çin qlobal təsirini genişləndirməyi və beynəlxalq təhlükəsizlik nizamını yenidən formalaşdırmağı hədəfləyib”.

“Atlas”ın fikrincə, Çinin Afrika qitəsində mökhəmlənməsi Pekinin ABŞ-la qlobal və regional rəqabət strategiyasının bir hissəsidir:

“Çin Afrika ölkələrinə müxtəlif növ hərbi texnika, o cümlədən təyyarələr, döyüş sursatları, zirehli maşınlar, artilleriya, dronlar, elektron müşahidə sistemləri, radar və raketlər təqdim edib. Bunlar Afrika ölkələrinə münasib qiymətlərə satılıb. Çin hərbi satışlarla yanaşı, Afrika ölkələri ilə zabit hazırlığı proqramlarını da genişləndirib. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, Çin 2019-2023-cü illərdə 21 Afrika ölkəsinə silah satıb. Hazırda Afrika ölkələrinin hər 10 ordusundan 7-si Çin hərbi texnikasından istifadə edir”.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
13
2
teleqraf.com

10Источники