Ankara və Dəməşqin yeni rəhbərliyi PKK/YPG terrorçularına aman verilməyəcəyini bəyan edir
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib ki, Türkiyənin Suriyada olması Suriya ərazisinin bölünməsinin və orada terrorçular üçün dəhliz yaradılmasının qarşısını almaq məqsədi daşıyır: “Əsas məqsədimiz Suriyanın ərazi bütövlüyünü və vahidliyini qorumaq, siyasi prosesi sülh yolu ilə başa çatdırmaq və sərhədlərimizi terrorçu ünsürlərdən təmizləməkdir”.
General əlavə edib ki, Türkiyənin Suriyadakı hərbi varlığına yenidən baxılması məsələləri “lazımi şərtlər yarandıqda” yeni administrasiya ilə müzakirə oluna bilər: “Türkiyə Suriyanın yeni hakimiyyət orqanları istəsə, onları hərbi və müdafiə baxımından dəstəkləməyə hazırdır” .
Bundan əlavə, Gülər Suriyadakı PKK/YPG terror təşkilatının gec-tez məhv ediləcəyini bildirib: “Bunun üçün həm Suriyanın yeni hakimiyyət orqanları, həm də Türkiyə çalışır. Biz bunu ABŞ-ın diqqətinə çatdırmışıq və onların mövqeyinə yenidən baxılmasını gözləyirik. Türkiyənin İraq və Suriyada yaşayan kürd qardaşlarımızla heç bir problemi yoxdur. Bizim problemimiz ancaq terrorçularla bağlıdır”.
Yeri gəlmişkən, Suriya Müdafiə Nazirliyi də ölkənin şərq bölgələrində fəaliyyət göstərən Kürdüstan Fəhlə Partiyasının (PKK/YPG) birləşmələrini tamamilə məhv etmək vəzifəsini qarşıya qoyub. Müvafiq məlumatı “X” sosial şəbəkəsində Suriyanın müvəqqəti hökumətinin müdafiə naziri Həsən əl-Həməd paylaşıb.
“Suriyanın şərq əyalətlərinin terrorçu PKK-dan azad olması üçün geniş xalq tələbi var. Biz bu insanların separatçı layihələrini məhv etməyənə qədər Azad Suriya təhlükəsiz olmayacaq və bu, qaçılmazdır”, - deyə o bildirib.
Deməli, Türkiyə və Suriyanın yeni rəhbərliyi bu ölkənin şimalında terrorçu kürd birləşmələrinin tamamilə məhv edilməsini zəruri hesab edir. Sual olunur: bu məqsədlər praktikada nə dərəcədə həyata keçirilə bilər? PKK müqavimət göstərəcək, yoxsa zərbədən qaçmaqdan ötrü İraq ərazisinə keçəcək?
AYNA-nın suallarını regionun tanınmış ekspertləri cavablandırıblar.
Rusiyalı şərqşünas və Yaxın Şərq üzrə araşdırmaçı Ruslan Süleymanov:
“Hazırda kürd silahlı qruplaşmaları, xüsusilə Suriya Demokratik Qüvvələri ilə Ankaranın dəstəklədiyi Suriya Milli Ordusunun yaraqlıları arasında döyüşlər gedir. Kürdlər mövqelərini itirirlər, lakin eyni zamanda ABŞ ilə sıx əlaqə saxlayırlar və amerikalılar hələ Suriyanı tərk etmək fikrində deyillər. Onlar, xüsusən də ölkənin şimalında və şimal-qərbində ən böyük neft və qaz yataqlarına nəzarət edirlər və hətta Tramp Ağ Evə gəldikdən sonra da amerikalıların Suriya ərazisini bu qədər tez tərk edəcəyini gözləmək lazım deyil.
Ona görə də kürdlərlə bağlı vəziyyət Türkiyə və ABŞ rəhbərliyi arasında sövdələşmə mövzusudur. Son vaxtlara qədər kürdlər hər halda Suriya ərazisinin təxminən 40%-nə nəzarət edirdilər. 2014-cü ildən kürdlərin orada öz muxtariyyəti var. Onlarla döyüş əməliyyatları isə açıq şəkildə çətin olacaq.
Amma hələ də hansısa sövdələşmənin əldə olunacağını istisna deyil. Kürdlərlə indi Dəməşqdə olan hakimiyyət arasında deyil, Ankara ilə Vaşinqton arasında sövdələşmə olacaq. Türkiyə kürd muxtariyyətinin və kürd silahlı qüvvələrinin az qala qapısının ağzında olmasından çox narahatdır. Ankara onları aradan qaldırmaq üçün hər şeyi edəcək. Amma ola bilsin ki, yeni Suriya rəhbərliyinin tərkibində kürd muxtariyyətini saxlayaraq bu birləşmələrin tərksilah edilməsi ilə bağlı hansısa kompromis variantı əldə olunacaq”.
Türkiyəli politoloq, Ankara Universitetinin professoru Toğrul İsmayıl:
“Dəməşqin yeni rəhbərliyi və Türkiyə dövləti Suriyanı müxtəlif terror qruplarından təmizləmək üçün razılığa gəlib. Bu qruplar protektorat altında və ya Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə fəaliyyət göstərir.
Suriyanın müəyyən ərazilərində onlar öz təsirlərini gücləndirib və orada süni dövlət quruluşu yaratmağa çalışırlar. Burada qeyd etmək lazımdır ki, bunlar solçu təşkilatlardır və Suriya əhalisinin əksəriyyəti onlara qarşıdır. Biz bunu Dəməşq və ölkənin digər şəhərləri Əsədin hökmranlığından azad edildikdən sonra gördük – artıq yerlərdə əhali bu terror qruplaşmalarına müqavimət göstərməyə başlayıb.
Kürdlər vətəndaş müharibəsi zamanı nəzarət etdikləri ərazilərin etnik tərkibini dəyişməyə cəhd ediblər. Məsələn, müqayisə üçün demək istəyirəm ki, Suriyada müxtəlif kürd qəbilələrindən olan təxminən 3 milyon vətəndaş yaşayır, lakin 3,5-4 milyon türk - türkmən də var. Bütün bunlar məlumdur.
Amma gördüyümüz kimi, ABŞ və Qərb ölkələri əsasən süni kürd solçu birləşmələrini dəstəkləyir - görünür, Suriya regionları arasında müəyyən gərginlik yaratmaq üçün. Axı, onların heç biri Suriyanın türkmən əhalisini heç vaxt xatırlamır və onlara hər hansı muxtariyyət yaradılmasından danışmır.
Türkiyə ilə Rusiya arasında Soçi razılaşmalarına əsasən, Suriya-Türkiyə sərhədi boyunca təxminən 30 kilometr enində terrorçulardan təmizlənmiş zonanın yaradılması lazım idi. Ancaq Rusiya bununla razılaşmadı. Amerika Birləşmiş Ştatları ilə də oxşar razılaşma var idi, o da ərazini terrorçulardan təmizləməyi vəd edirdi, amma bunu da etməyib. Ona görə də indi Türkiyə öz sərhədləri yaxınlığında hər hansı bir terror qruplaşmasının süni dövlət quruluşunun yaradılmasına imkan verməyəcək.
Təbii ki, bu istiqamətdə mübarizə davam edəcək. Vəziyyət, təbii ki, özünəməxsusdur. Amma biz artıq Suriya əhalisinin müxtəlif təbəqələrinin bu terror təşkilatlarına qarşı etirazlarını görmüşük - insanlar onların nəzarətindən azad olmaq istəyirlər”.