“Əlbəttə, burada yenə də Rusiyanın və bugünkü Çin rejiminin rolu var...”
“Çin başa düşür ki, Şimali Koreyanı Cənubla birləşməkdən qorumağın yeganə yolu oradakı totalitar rejimi qoruyub saxlamaqdır...”
Suriya xalqını totalitar irsi diktatura rejimində, amansız sosial əzab-əziyyət, zülm, həbslər, repressiyalar içərisində saxlayan 61 illik “BƏƏS”, 53 illik Əsəd rejimi nəhayət, çökdü. Və bundan sonra suriyalıların azad, demokratik, insan haqlarının qorunduğu, hüquqi, ədalətli bir dövlət qurmaq şansları böyükdür...
Fəqət, təəssüf ki, Yer üzündə hələ də bir sıra diktatura, avtoritar, totalitar rejimlər Rusiya və Çin kimi iri totalitar dövlətlərin real dəstəyi, eləcə də Qərbin, Avropanın, ABŞ-nin bəzən səbatsız, ləng, məntiqsiz, bəzən də öz maraqlarına uyğun çoxüzlü, riyakar siyasətləri nəticəsində mövcudluqlarını davam etdirirlər...
Hazırda dünyadakı ən amansız totalitar, diktatura rejimlərindən biri də “Xalq Demokratik Respublikası” adlanan Şimali Koreyadakı Kim Çen In rejimidir. Bəs Şimali Koreyada eyni millətin Cənubda qurduğu sistemin tam əksinə olan belə totalitar qəddar bir rejim necə, hansı mexanizmlə, hansı mərhələlərlə quruldu, formalaşdı? Burada yalnız SSRİ və Çinin rolu oldumu? Şimali Koreya rejiminin bu günədək çökməməsinin əsas səbəbləri nədir və ya səbəbkarları kimlərdir? Kim rejimi nə vaxt, hansı hallarda çökə bilər? Və yaxud Kim rejimini kim yıxa bilər?..
Bu və ya digər suallara cavab tapmaq üçün Moderator.az oxucuları üçün siyasi təhlükəsizlik məsələləri üzrə analitik Ərəstun Oruclu ilə silsilə söhbətlərimizi təqdim edirik:
(Əvvəli burada:)
Sual:
-Şimali Koreya rejiminin bu günədək çökməməsinin əsas səbəbləri nədir və ya səbəbkarları kimlərdir?
Cavab:
-Kim rejiminin bu günədək çökməməsinin başlıca səbəblərini iki qrupa bölmək olar. Bunun biri Koreya yarımadasındakı geo-siyasi durumla bağlı olanlardır. Yəni yarımadada bir düşmən amili var. Və Şimali Koreyada fikir müxtəlifliyi, hansısa siyasi fəaliyyət azadlığı, ümumiyyətlə, insan hüquq və azadlıqları olmadığından burada təbliğat xalqa birmənalı şəkildə ölkənin düşmənlə üzbəüz qaldığını, onun üçün daimi təhlükə olduğunu, ölkə məğlub olarsa, onu faciələr gözlədiyini aşılayır, eyni zamanda rejim qorxu, repressiya tətbiq edərək insanları təhdid altında saxlayır. Dediyim kimi, xarici amili daxili möhkəmləndirmək üçün istifadə edirlər. Əlbəttə, burada yenə də Rusiyanın və bugünkü Çin rejiminin rolu var...
Əslində Çinin özündəki rejim heç də Koreyadakından yumşaq rejim deyil. Sadəcə, Çin Kim rejimindən onunla fərqlənir ki, o, xaricə açıqdır. Bu da iqtisadi səbəblərdən irəli gəlir. Çin deyək ki, Şimali Koreya qədər əhali sayına malik deyil. Çinin əhalisi 1 milyard 200 milyondan yuxarıdır. Əgər Çin qapanacaqsa, o, daxilində çox böyük faciələr yaşamış olacaq. Və yeri gəlmişkən, elə Çin rejimi özü də Mao Tszedun dövründə, 1966-1976-cı illərdəki “Mədəni İnqilab” dövründə həmin mərhələləri keçibdir. Məhz Çində də çox amansız repressiyalar, çox qəddar kütləvi qətllər icra edilibdir, siyasi opponentlərin kütləvi şəkildə edamı olubdur. Və dediyim kimi, bunun pik nöqtəsi də bəzi mənbələrə görə, 1 milyona yaxın insanın öldürüldüyü həmin o “Mədəni İnqilab” olubdur. Odur ki, Şimali Koreyadakı quruluş Çin üçün tanış modeldir və rəsmi Pekin oradakı rejimə dəstək verir. Çin başa düşür ki, Şimali Koreyanı Cənubla birləşməkdən qorumağın yeganə yolu oradakı totalitar rejimi qoruyub saxlamaqdır. Və Kim rejimi özü də bunda maraqlıdır. Beləliklə, maraqların üst-üstə düşməsi və Şimali Koreyanın Çindən iqtisadi asılılığı və nəticədə güclərin səfərbər olunmasıyla Kim rejiminn bu günədək ayaqda qalması təmin olunur...
(Davamı var)
Tədqim etdi:
Sultan Laçın